İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün xilas yolları Bakıya aparır... - Xankəndi separatçılarına son “ev tapşırığı”

2633 25.08.2023 10:59 Siyasət A A

Oyunu biz başlarıq, biz bitirərik! Rusiyalı politoloq: “Ermənistan və erməni icması muxtariyyətdən sui-istifadə etdi, Bakı niyə öz dövlətçiliyi altına bu minanı qoymalıdır ki...”

“Şeytan yuvası” Xankəndidə maraqlı proseslər başlayıb. Təbii ki, Azərbaycanın gündəmi və reallığın diktəsi ilə. Bunu özləri də etiraf edirlər. Çünki variant qalmayıb və bütün xilas yolları Bakıya aparır.

Artıq Azərbaycanla anlaşma tərəfdarları öz mövqelərini açıq şəkildə bildirməyə başlayıblar. Oliqarx-dələduz Ruben Vardanyan timsallı radikal-avantüristlərin təhdidləri get-gedə əhəmiyyətini itirməkdə, “silahlı mübarizə” çağırışları daha eşidilməz olmaqdadır. Qeyri-müəyyənlik, sabaha total inamsızlıq, beynəlxalq birliyə bağlanan ümidlərin puç olması da öz işini görməkdədir.  

“Qarabağda qarşıdurmanın son mərhələsinə qədəm qoyuruq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi erməni separatçı və revanşist siyasi ekspert Hrant Melik-Şahnazaryandır.

Xankəndi təslim olmaq üzrədir: Paşinyan “maliyyə qaynağı”nı da kəsəcək

“Azərbaycan və onun ”yan" soyadlı agentləri (erməniləri nəzərdə tutur - red.) Qarabağa qarşı növbəti oyuna başlayıblar. Onlar özlərinə sərf edən bir “Priqojin” tapıb, onlara “terrorçu” deyir, bununla qorxutmağa çalışırlar. Araik Arutyunyan ermənilərə qarşı yönəlmiş bu siyasətdən nə əldə edir? Cavab qısadır: hakimiyyət illüziyası və Azərbaycanın gələcəkdə onu əfv edəcəyinə dair boş ümidlər", - deyə Şahnazaryan yazıb.

Əlbəttə, oyuncaq rejimi üçün vəziyyət göründüyündən daha qəlizdir. Ola bilsin, hansısa cinayətkar Azərbaycan dövlətinə reinteqrasiya məsələsində real kömək qarşılığında müəyyən güzəştə ümid eləsin və hətta buna nail də olsun. Ancaq bu, törədilən cinayətin miqyası və ağırlıq dərəcəsindən asılı olacaq. Amnistiyaya düşən cinayət əməlləri isə, yəqin ki, bağışlanacaq.

Lakin Bakı reinteqrasiya, Qarabağın yerdə qalan hissəsində öz suverenliyinin bərpası məsələlərini siyasi bazarlığa çıxarmaq fikrində deyil. Çünki seçim qarşısında olan biz deyilik, separatçı-kriminal ünsürlər və onların 35 ildir girov saxladığı mülki ermənilərdir. Buyursunlar, düzgün seçimlərini etsinlər. Vaxt elə də çox qalmayıb.

Prosesin sürətli və hamı üçün uğurlu getməsi isə Rusiyadan çox Ermənistandan və onun rəhbərliyindən asılı olacaq. Əgər rəsmi İrəvan Bakının irəli sürdüyü 5 məlum baza prinsipi əsasında tezliklə sülh müqaviləsi imzalayarsa, onda oyuncaq rejimin son ümidi basdırılar, Bakı silahlı separatçıların axırına daha tez çıxar, iki xalq arasında düşmənçilik səhifəsi daha tez qapanar, Rusiyanın separatizm “kartı”ndan istifadə edib aranı qızışdırmaq imkanları faktiki sıfırlanar.

Bu xüsusda maraqlı detal. Xəbər verildiyi kimi, bu günlərdə  Rusiya pasportlu onlarla erməni “Laçın” postu vasitəsilə Qarabağı tərk edib. Erməni teleqram kanalları yazıb ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Aleksandr Lentsov erməniləri yola salarkən “əgər nə vaxtsa Qarabağa qayıtmaq qərarına gəlsəniz, o zaman yalnız Bakı vasitəsilə mümkün olacaq” xəbərdarlığını edib.

Yəni Rusiya tərəfi də anlamağa başlayıb ki, Azərbaycan Qarabağda öz suverenliyindən güzəştə getməyəcək. Necə deyərlər, oyunu biz başlarıq, biz bitirərik. Əfsus ki, Paşinyan hökuməti sülh sazişi məsələsində tələsmir. Nala-mıxa vurur, oyunbazlıqla məşğul olur. Bununla da çox qiymətli zamanı itirir...        

“Ermənistanın mövqeyində böyük təməl ziddiyyəti var və İrəvanın indiyədək olan fəaliyyətləri kimi, bundan sonrakılar da bu ziddiyyət çərçivəsində davam edəcək”.

Paşinyan yenidən "rusca" danışır: Putinin erməni baş nazirdən tələbləri  məlum oldu

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov  Oxu.az-a deyib.

“Ermənistan anlayır ki, Azərbaycan güclüdür. Ölkə rəhbərliyi də əhalinin əksəriyyəti kimi Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasına razıdır, çünki onlar özləri Azərbaycanla döyüşə bilmirlər, həmçinin kənarda onlar üçün döyüşmək istəyən tapa bilmirlər”, - deyə  Markov qeyd edib.

Politoloqun sözlərinə görə, bu səbəbdən İrəvan yollar axtarır ki, Qarabağı hüquqi baxımdan Azərbaycanın ərazisi kimi tanısın, amma eyni zamanda bura faktiki və siyasi cəhətdən Azərbaycanın olmasın: “Bunun üçün isə Bakı hansısa yolla (görünür, bəzi qüvvələrin təzyiqi altında) Qarabağın erməni icmasının muxtariyyətini tanımalıdır, bu muxtariyyətin qarantı isə Azərbaycan hökuməti və Konstitusiyası deyil, Ermənistanın dostu olan hansısa beynəlxalq strukturlar olmalıdır”.

Lakin ekspertin əminliyinə görə, Azərbaycanın bu variantı həyata keçirməyə arzusu və ehtiyacı yoxdur. “2,5 ildən az müddətdə ”Soçi razılaşmaları" başa çatacaq, Azərbaycan onları yeniləməyəcək. Bakı Rusiya sülhməramlı kontingentinə (RSK) görülən işlərə görə təşəkkür edəcək, ola bilsin ki, kimisə hansısa şücaətinə görə mükafatlandırsın, vəssalam. RSK Qarabağı tərk edəcək, daha sonra Azərbaycan Ordusu bu əraziyə daxil olacaq və Ermənistan silahlı qüvvələrini darmadağın edəcək. Amma bəlkə də erməni qüvvələri bunun tamamilə əbəs olduğunu anlayaraq heç döyüşlərə qoşulmayacaq. Deməli, Bakının erməni muxtariyyətini tanımasına ehtiyac yoxdur", - deyə o vurğulayıb.

Politoloq həmçinin Sovet Azərbaycanı çərçivəsində mövcud olmuş DQMV-ni xatırladıb: “Hər şey çox pis bitdi. Erməni icması da Ermənistan kimi bu muxtariyyətdən sui-istifadə etdi. Onlar dəhşətli müharibəyə başladılar, nəticədə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, minlərlə insan həlak oldu. Bəs Azərbaycan niyə öz dövlətçiliyinin altına bu minanı qoymalıdır ki?!”

Sonuncu sual İrəvanla yanaşı, əslində Moskvaya da ünvanlanıb - “status” məsələsini gələcək nəsillərə saxlamaq istəyən Moskvaya... 

Siyasət şöbəsi, 
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR