İnsanlara hürriyət, millətlərə istiqlal!

Buraxma DÖVLƏT

2776 15.08.2023 15:50 Yazarlar A A

Ermənistan yenə vurnuxur.

Ola bilsin oyun içində oyun var, ola bilsin, nəyisə əllərinə-üzlərinə bulaşdırırlar – öz işləridir ancaq biz bu buraxma dövlətdə baş verənlərə biganə qala bilmərik.

Birincisi, o “baş tutmamış dövlət” bizim tarixi torpaqlarda qurulub; ikincisi, ikinci bir heç “baş tutmamış erməni dövlət”ini də bizim Qarabağımızda qurmaq istəyi ilə qanlar töküb, evlər yıxıblar. Və indi həmin Ermənistan adlanan dövlətin siyasi rəhbərliyi bir yandan normallaşmadan, barışıqdan dəm vurur, digər yandan separatçıları şirnikdirməkdən də əl çəkmir. Son günlər “humanitar şou tırları” ilə şərti dövlət sınırına dirənmiş zehniyyət yiyələri, beynəlxalq səviyyədə “blokada”ya, “aclığ”a, hətta “soyqırım aktı”na hüquq platforması bulmağa çalışır.

spayka.jpg (120 KB)

İndi özünüz təsəvvür edin:

bizim 20 faiz ərazini üç onillik boyu işğal altında saxlayan, 1 milyon azərbaycanlını didərgin salan, ən azı 9 şəhər, 300-dən artıq kəndimizi xaraba qoyan, Xocalı Soyqırımını, Qaradağlı, Ağdaban, Bağanis-Ayrım və b. soyqırım aktlarını törədən Ermənistan sanki süddən çıxmış ağ qaşıqdır. Bunların fitvasına uyanlar da, Allah avand eləməsə, qədim-qayım havadarları da, özlərini elə aparır ki, sanki biz Ermənistanın 20 faizini işğal etmiş və digər vandallıqları da biz törətmişikmiş... Belə çıxır ki, 2020-ci ildə bizim Ermənistanı işğalımıza son verilib, bizim nə bilim, məsələn, Artaşat (Qəmərli), Armavir (Sərdarabad) yaxud Vağarşapatda (Üçkilsədə) törətdiyimiz sıyqırım aktı söhbət mövzusudur... - Öldürən onlar, işğalçı onlar, vandal onlar və indi bunların heç biri olmamış kimi danışaq, davranaq, eləmi? Özümüzü elə aparaq ki, 2020-ci ilədək gül-gülüstannıq idi, işğal faktı yoxuydu, olanlar olmamışdı və birdən-birə biz haytalanmışıq, nə bilim, nədənsə kürlüyümüz tutub aranı qatmışıq. - Belə deyil axı; axı bizə konfet kağızına bükülmüş zəhrimar qəbul etdirmək olmaz.

qelebe son.jpg (63 KB)

İndi neynəyək – keçmişə baxaq ya gələcəyə? 44 günlük müharibədə qalib gəlmiş, bölgədə yeni gerçəkliklər yaratmış Azərbaycanın dövlət başçısı, bütövlükdə, tərəqqipərvər Azərbaycan deyir gələcəyə baxaq. Gələcək üçünsə qalıcı, ədalətli barış yaratmalıyıq, Azərbaycan bununçün vacib olan baza prinsiplərini Ermənistana təqdim edib. – O təqdim olunan ana prinsiplər beynəlxalq hüquq normalarına hərfbəhərf uyğundur. – Ona qarşı çıxmaq, beynəlxalq hüquqa, ədalətli barışa qarşı çıxmaqdır və geridəqalmışlıqdır.

Geriyə baxırıqsa, baxaq:

uzaq keçmişdə bu coğrafiyada ermənilər (haylar) yaşamayıb, illa yaşayanları olubsa da, dövlətləri olmayıb; onlar XIX yüzilin üçüncü onilliyindən başlayaraq Çar Rusiyasınca Qarabağa, ümumən Qafqaza sövq edilib və ermənilər özləri Sovet dönəmində (1978) Qarabağda “Marağa-150” (Marağadan Qarabağa köçün 150 illiyi anısına) abidə dikmişdi. XX yüzildə həmin o ermənilər üçün Qafqazda ilk dövlət qondarıldı. O dövləti qondaran ən əsas mərkəz – Kreml özü Sovet tarixşünaslığında təqribən belə bir cümlə yazdırmağı uyğun bilmişdi: “tarixdə ilk erməni dövləti qurulduğunu eşidən dünya erməniləri bundan çox sevinərək bayram etdilər”. Bəli, məhz tarixdə ilk erməni dövləti. Ancaq ermənilərin o ilk dövləti müstəqil olaraq dörd fəsil yaşamadı, yaşaya bilmədi, bərkə-boşa düşüncə laxladı və pis-yaxşı 105 illik mövcudiyyətini yıxılmağa yer, oturmağa qucaq gəzərək (və bularaq) keçirdi. Əlbəttə “gəzəyən dövlət” zehniyyəti fərqli libaslara bürünsə də, yenə yıxılmağa yer, çökməyə büdcə, sormağa yeni donor aramaqdadır. Onlar üçün formul bəllidir, əslində: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”!

Nəhayət, Qarabağla bağlı bizə qarşı klassik erməni çarpdırması, hiyləsi bir neçə cümlə ilə belə ifadə oluna bilər: siz bizi adam yerinə qoymamısız, bizimlə birgə yaşamaq istəməmisiz; siz bizi göydən düşmüş sayırsız, siz bizim min illik mədəniyyətimizi, irsimizi heçə yazırsız; siz bizə haqq-hüquq verməmisiz, biz də qəhrəmanlıqlar göstərmişik, sizə özümüzü saydırmışıq, nə bilim daha nə qələt eləmişik-zad...

xankendi son.jpg (233 KB)

Ermənilərin bu – ən xəfif tənqidə dözməyən “klassikası”na çox sadə cavablar var, əlbəttə: biz ya zəlzələdən-ya vəlvələdən ermənilərə muxtariyyat vermişdik, Ermənistanda isə azərbaycanlıların muxtariyyatı yoxuydu; nəinki Ermənistan ərazisində, keçmiş DQMV ərazisində bir azərbaycanlının yaşamasına müsaidə etməyən məhz ermənilər oldu. Min illik mədəniyyət yiyəsinin qurduğu dövlət də heç monoetnik olarmı? Biz abidə dağıdanıqsa, niyə başqa xalqlara, dinlərə aid abidələri deyil, illa ermənilərə aid olanları dağıdırıq? Bəs ermənilər mədəni, dözümlüdürsə, başqalarına sayğılıdırsa, hanı Ermənistanın yaxud separatçıların yuvalandığı Xankəndinin etnik rəngarəngliyi? Bəs oralardakı Azərbaycan, Türk-İslam abidələri, qəbristanlıqlar necə oldu?.. Bəs o necə qəhrəmanlığıydı ki, 44 gün içində 11 min fərari “istehsal”ıyla, neçə döyüş bayrağını təslim etməklə tarixə düşdü?

Hər şey Gün kimi aydındır. Günəşin zərrin şəfəqlərini ha basdır, basdırılmaz, o yenə torpaq topasının üstünə düşəcək, oradan gül-çiçək göyərdəcək...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR