İnsanlara hürriyət, millətlərə istiqlal!

Buğdanın orta məhsuldarlığı 60-70 sentnerə yüksəlib

843 22.07.2022 08:30 İqtisadiyyat A A

Azər Badamov: “İşğaldan azad edilmiş ərazilərdə ərzaqlıq buğdanın istehsalı ilə ixtisaslaşmış yeni fermer təsərrüfatları formalaşacaq”

Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin.

Fərmanla bir sıra dövlət qurumlarına tapşırıqlar verilib, habelə, Nazirlər Kabinetinə ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmək tapşırılıb. Bəs görəsən, bu sənədin imzalanması nələri dəyişəcək, regionların sosial-iqtisadi inkişaf baxımından nə kimi töhfələri olacaq, bu hansı rayonlarda əsasən reallaşacaq?

İqtisadçı millət Azər Badamov  “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Ərzaqlıq buğda strateji məhsuldur və ölkədə ərzaq təlükəsizliyinin təmin edilməsində əsas yer tutur. İqlim dəyişiklikləri, qlobal pandemiya və Rusiya - Ukrayna müharibəsinin təsirləri qlobal ərzaq bazarlarında böhranlı vəziyyət yaradıb. Bu gün ən vacib və idxaldan asılı olduğumuz mal olan  ərzaq buğdanın dünya bazarlarında həm qıtlığı hiss olunur, həm də qiyməti artmaqda davam edir. Azərbaycana mövcud imkanlardan düzgün istifadə edilməsi sayəsində ərzaqlıq buğdaya olan tələbatını idxaldan asılılığını aradan qaldırmağa imkan verəcək.

Prezident İlham Əliyevin 19 iyulda imzaladığı “Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanı ölkəmizdə ərzaqlıq buğda istehsalında yeni yanaşmasının formalaşmasına və orta  məhsuldarlığın artırılmasına imkan verəcəkdir.  Fərmanda ərzaqlıq buğda istehsalı ilə məşğul olan təsərrüfatlar qarşısında orta məhsuldarlığın və keyfiyyətinin yüksəlməsinə hesablanmış yeni tələblər qoyulur. Bu tələblərə riayət etmiş buğda istehsalçılara Ərzaq Ehtiyatları Ağentliyinə və dəyirmanlara tədarük etdiyi  buğdanın çəkisinə görə əlavə subsidiyalar veriləcəkdir. Bunun üçün ərzaq buğda istehsalçıları Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlayaraq müasir texnologiyalar tətbiq etməklə əkinin aparılmasına dair öhdəlik götürməlidir. Burada ərzaq buğdasının əkin sahələrində müasir innovativ suvarma sistemlərinin quraşdırılması əsas tələbdir. Çünki müasir texnologiyalara əsaslanmış suvarma sistemləri su resurslarından qənaətlə  istifadə etməklə daha çox məhsulun əldə olunmasına yol açacaq. Bu gün belə sistemlər tətbiq olunmuş iri fermer təsərrüfatlarında ərzaqlıq buğdanın orta məhsuldarlığı 60-70 sentnerə yüksəlib. Əgər müasir texnologiyalar tətbiq edilmiş ərzaqlıq buğda sahələrini genişləndirsək, ölkəmiz ərzaqlıq buğda ilə özünü təminetməyə keçə bilər və qlobal bazarlarda baş  verən təsirlərində daxili bazarımızı qorumuş olarıq". 

Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də  artıb

 Azər Badamov

Deputat onu da qeyd edib ki, fərmanda  müasir suvarma sistemlərinin alınması və quraşdırılması üçün fermerlərə güzəştli şərtlərlə dəstək mexanizminin hazırlanması  da nəzərdə tutulur: “Burada dövlət dəstəyi mexanizminin tətbiqi fermerlərin suvarma sistemlərinin quraşdırılmasına əlçatanlığını təmin edəcəkdir. Bundan əlavə, ən vacib məqamlardan biri ərzaqlıq buğdanın tədarükü qiymətinin dövlət tərəfindən müəyyənləşməsidir. Mövcud vəziyyətdə ərzaqlıq buğdanı əkən fermeri düşündürən əsas  məsələ tədarük vaxtı hansı qiymətə sata bilməsi idi. Qiymətin  dövlət tərəfindən müəyyənləşdirilməsi fermerə qabaqcadan nə qədər mənfəət alacağı haqqında hesablamanın aparılmasına imkan yaradacaq və bu da yeni stimullaşdırma mexanizmi olacaqdır. Fərmanda Dövlət Statistika Komitəsinə  ölkəmizə idxal olunan  ərzaqlıq buğdanın  qiymətini əsas götürərək hər ay üçün orta aylıq  idxal statistik göstəricinin elan edilməsi tapşırılır. Ölkəmizdə hər ay nə qədər ərzaqlıq buğdanın ehtiyatına tələb varsa, təhlil olunacaq. Fərmanda ərzaqlıq buğda idxalçılarının maraqları da qorunur. Yəni əgər idxal etdiyi qiymət dövlətin müəyyənləşdirdiyi tədarük qiymətindən aşağı olarsa, yaranacaq fərqi dövlət tərəfindən subsidiyalaşdıracaqdır. Fərmanda subsidiyalaşdırma mexanizminin tətbiqi 5 ilə nəzərdə tutulub. Hesab edirəm ki, gələn  5 ildə həm ölkə daxilində, həm də işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalara əsaslanmış ərzaqlıq buğdanın istehsalı ilə ixtisaslaşmış yeni fermer təsərrüfatları formalaşacaq və bu da ölkədə ərzaqlıq buğda  təminatının təhlükəsizliyini təmin edəcək”.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR