İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu zəngin muzeyin dövlət statusu yoxdur - Deputat

877 05.04.2024 18:39 Ölkə A A

Milli Məclisin iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

Musavat.com-un xəbərinə görə, deputat Elnur Allahverdiyev bildirib ki, ölkəmizdə tarixi abidələrin bərpası, mədəni irsimizin dirçəldilməsi və qorunması istiqamətində böyük işlər görülür:

“Dövlət bu təmayüllü təşəbbüslərə ciddi maraq göstərir və dəstək verir. Heydər Əliyev Fondu maddi-mənəvi irsimizin mühafizəsi istiqamətində çoxsaylı layihələri himayə edir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin xətti ilə zəngin tariximizin bizə yadigarı olan mədəniyyət və incəsənətimizə qayğı göstərilir. Cənab Prezidentin həyata keçirdiyi kadr islahatları nöqteyi-nəzərdən Mədəniyyət Nazirliyində və tabeçiliyində olan strukturlarda yeni dünyagörüşlü və idarəçilik bacarıqlı kadrların yüksək vəzifələrə təyin olunması bu prosesə yeni və fərqli yöndən baxmağa imkan yaradır.

Bu kontekstdə toxunacağım bəzi ümummilli çaplı məqamlar var ki, fikrimcə, bunlar da diqqətimizdən qaçmamalıdır. Qədim və zəngin tariximiz bizə çoxsaylı maddi-mədəniyyət abidələri bəxş edib. Ölkəmizin demək olar hər guşəsində qədim qalalar, onların qalıqları, məbədlər, məscidlər var. Düşünürəm ki, onların bərpasının sürətləndirilməsi həm tarixi irsimizin mühafizəsi, həm də turizmə açılması baxımından olduqca vacibdir”.

Deputat qeyd edib ki, hazırda dövlətimiz işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu istiqamətdə misilsiz işlər görür:

“Həm işğal dövründə, həm Vətən müharibəsindən sonra biz ermənilərin uzun illər boyunca bizə məxsus dini, mədəni, tarixi irs nümunələrini necə məhv etdiklərini, yaxud saxtalaşdırıb öz adlarına çıxdıqlarını gördük. Bu proses onlar tərəfindən indi də çoxsaylı müzakirə və mübahisə platformalarında davam etdirilir. Fikrimcə, bu fakt təsdiqləyir ki, qeyd etdiyim məsələdə daha çevik olmalıyıq”.

Elnur Allahverdiyev bildirib ki, ölkəmizin bəzi yerlərində mövcud olan arxeoloji tapıntılara dövlətimiz sahib çıxmalıdır:

“Məsələn, Şəkinin Fazıl kəndi ərazisində antik nekropol var. İlk dəfə 1984-cü ildə qeydə alınıb, 1996-cı ildə burada yerli arxeoloqlar tərəfindən yeraltı muzey yaradılıb. Təəssüf ki, bu zəngin muzeyin dövlət statusu yoxdur. Hesab edirəm ki, dövlətimiz onun saxlanılması, təmiri və turizm üçün cəlbedici olması işini öz üzərinə götürməlidir.

Təbii ki, ən vacib məsələ olan maliyyə mənbələrinə toxunmaya bilmərik. Hesab edirəm ki, dövlət büdcəsində bu qəbildən olan xərclərin artırılmasına çalışmalıyıq. Digər tərəfdən daha bir praktik yol özəl sektoru belə abidələrin bərpası və təmiri prosesinə cəlb etməkdir. Əminəm ki, ölkəmizdə tarixi irsimizin qayğısına qalmaq istəyən, maraq göstərən vətəndaşlar və şirkətlər az deyil”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR