İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu təklif Ermənistanın sülh sazişi imzalamayacağından xəbər verir” - politoloq

854 30.01.2024 11:55 Siyasət A A

Erməni baş nazirin Azərbaycanın əl-qolunu bağlamaq üçün hiyləgər təklifi rədd edildi

Ermənistan sülh müqaviləsinin imzalanması prosesi yubanacağı təqdirdə Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvət edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ordu gününə həsr olunmuş çıxışında deyib: “Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini tətbiq etməyi təklif etmişik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha uzun çəkəcəyi ortaya çıxarsa, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub”.

Paşinyan həmçinin bildirib ki, heç nəyə baxmayaraq, sülh gündəliyinə sadiq olacaq.

Ermənistanla Rusiya arasında silah qalmaqalı

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan heç zaman bu təkliflərlə razılaşa bilməz: “Azərbaycan Ordusu müasir silahlarla təchiz olunur və bu proses davam edir. Ermənistanın hansı silahları əldə etdiyini Azərbaycan dərhal bilir və Ermənistan ordusunun silah arsenalı Azərbaycana məlumdur. Bunun üçün xüsusi pakt imzalamağa ehtiyac yoxdur. Azərbaycan nədən hansı silahları əldə etdiyi barədə Ermənistanı məlumatlandırmalıdır? Buna ehtiyac yoxdur. Sülh sazişini imzalamaqdan bəhanələrlə yayınan bir dövlətə biz hansı məntiqlə ordumuzun silahlanmasına nəzarət mexanizmi imkanı yaratmalıyıq? Bu, mümkün deyil. Ermənistandan başqa  dövlətlərlə də sərhədlərimiz var. Hətta sülh müqaviləsi imzalansa belə, Azərbaycan hər hansı dövlətə ordusunun hansı silahlarla silahlandığı barədə məlumat verməyə borclu deyil. 

Sülh müqaviləsi bağlanmamış, delimitasiya, demarkasiya aparılmamış belə bir sənədi imzalamaq ziyanımıza olar. Ermənistan bu paktdan gələcəkdə bizə qarşı istifadə edər. İlk növbədə Azərbaycanın işğaldakı 8 kəndini Ermənistan geri qaytarmalıdır. Bu olmadan da heç bir qarşılıqlı hücum etməmək haqqında pakt imzalana bilməz. Hər iki təklif Nikol Paşinyanın növbəti hiyləsidir. O, sülh sazişini imzalamamaq üçün vaxt uzatmaqla məşğuldur. İrəli sürdüyü təklif də buna görədir. Bununla əslində onu göstərmiş oldu ki, Ermənistan yaxın zamanlarda sülh müqaviləsi bağlamaq niyyətində deyil. Ona görə də hesab edirəm ki, Azərbaycan İrəvanın bu təklifini qəbul etməyəcək. Ermənistan qəbuledilməz absurd təklifləri qəsdən irəli sürür".

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu da bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakıya ünvanladığı iki təklif keçərli deyil: “Birinci təklifi iki ölkənin qarşılıqlı silahlara nəzarət mexanizminin yaradılmasıdır. Bu təklifini artıq neçənci dəfədir ki, səsləndirir. İkinci təklifi sülh müqaviləsinin imzalanmasının yubanacağı təqdirdə iki dövlətin hücum etməmək haqqında qarşılıqlı pakt imzalamasıdır. 

Azərbaycan yalnız Ermənistana görə silahlanaraq ordusunu modernləşdirmir. Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarı olsa da, Rusiya və İranda istənilən an durum dəyişə və bunun bölgəyə mənfi təsirləri ola bilər. Bu səbəbdən Azərbaycan həm ordusunu gücləndirməli, həm də ən müasir hərbi texnikaya malik olmalıdır. Azərbaycanın silahlanmasına heç bir ölkə nəzarət edə bilməz. Rusiyanın Ermənistandakı hərbi bazasındakı silahlara kim nəzarət edəcək? Nikol Paşinyan deyəcək ki, bunların Ermənistana aidiyyəti yoxdur, ancaq müharibə halında raketlər havada uçuşacaq. İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Paşinyan hücum etməmək barədə pakt irəli sürməkdənsə, ərazi bütövlüklərinin tanınması şərtilə sülh sazişini imzalasa, bu onun ölkəsi üçün daha faydalı olar. Paşinyan bunun əvəzinə “paktla” Azərbaycanın 8 kəndini güc yolu ilə geri qaytarmayacağı barədə təminat əldə etmək istəyir. Dünya tarixində müxtəlif ölkələr arasında o qədər hücum etməmək barədə paktlar imzalanıb ki, maraqlar toqquşduğu halda zibil qutusuna atılan kağız parçalarına çevrilib".

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı da hesab edir ki, Paşinyanın birinci təklifi absurddur. 44 günlük müharibədə Ermənistanın hərbi arsenalı böyük ölçüdə məhv edilib və hazırda Bakı İrəvanın silah mənbələrindən tutmuş aldığı hərbi texnikaya qədər hər şeyə böyük ölçüdə nəzarət edə bilir: “Bu situasiya fonunda Azərbaycan öz hərbi arsenalını niyə Ermənistanın üzünə açmalıdır?! Nikol Paşinyan da anlayır ki, Bakı bunu etməyəcək, lakin belə bir təkliflə guya "sülhdən yana olan Ermənistan hərbi arsenalını da açmağa hazırdır" görüntüsü yaratmaq istəyir.

İkinci təklif əslində Ermənistanın sülh sazişini imzalamayacağından xəbər verir. Mövcud şərtlərdə İrəvanın iki yolu var: ya Bakının şərtləri ilə sazişi imzalamalı, ya da prosesi bacardığı qədər uzatmalıdır; ikinci yol Ermənistan üçün təkcə “dalan ölkə” olaraq qalmaq yox, həm də hərbi müstəvidə gələcək təhlükələr vəd edir. İrəvanda düşünürlər ki, Qərbin dəstəyi azalarsa, yaxud bölgədə xüsusilə Ermənistana hələ də manevr etməyə imkan verən mövcud şərtlər dəyişərsə, Azərbaycan problemlərin həllini hərbi müstəviyə keçirə bilər. Misal üçün, Bakı delimitasiya olunmayan sərhədi daha əvvəlki illərin xəritələrinə uyğun çəkmək, SSRİ dövründə ermənilərə “əkin və otlaq” adı altında bağışlanan ərazilərin ən azı sərhədboyu hissəsinə nəzarəti bərpa etmək istəyə bilər. Paşinyanın tez-tez dilə gətirdiyi “Sülh sazişi imzalansa, Ermənistan kadastr sənədi əldə edəcək” sözləri də bu kontekstdə təsadüfi deyil. Çünki sərhəd delimitasiya edilmədiyi, Bakı ilə rəsmi sülh sazişi imzalanmadığı müddətdə tarixi Azərbaycan torpaqları üzərində qurulan Ermənistanın legitimlik problemi qalacaq.

Paşinyan vəziyyətdən çıxış yolu axtarır: həm mövcud şərtlərdə sülh sazişi imzalamaq istəmir, həm də “silahlara nəzarət”, “hücum etməmək haqda pakt” kimi gedişlərlə Azərbaycanın əl-qolunu bağlamağı planlaşdırır.

Hərçənd rəsmi Bakı dəfələrlə gündəmə gələn “Ermənistana hücum edəcək” iddialarını təkzib edib, mövcud şərtlərdə bu ssenari o qədər də sərfəli görünmür. Buna rəğmən, Paşinyanın irəli sürdüyü təkliflər “Azərbaycan hücum edəcək” iddialarını bəsləmək məqsədi də daşıyır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR