İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu saatlarda günəşə çıxmayın - Həkimdən XƏBƏRDARLIQ

919 26.07.2022 12:47 Səhiyyə A A

İnsanlarımız çox zaman istivurma ilə günvurmanı səhv salır. İstivurma orqanizmin uzun müddət yüksək temperatura məruz qalmasından yaranan patoloji haldır. Bu vəziyyətdə orqanizm istilik formalaşdırma və istilikvermə mexanizmini tənzimləyə bilmir və həddindən artıq isinir, həyati funksiyalarda ciddi pozuntular yaranır. Günvurma isə bundan fərqli olaraq birbaşa Günəş şüalarının təsirindən yaranan patoloji haldır. Bu hal uzunmüddət günəşin təsirinə məruz qalan insanlarda müşahidə olunur.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-terapevt Selcan Qafarlı deyib.

O bildirib ki, günvurma yaşlı insanlarda, azyaşlılarda və xroniki somatik xəstəlikləri olanlarda ciddi fəsadlar yarada bilər:

Günəş şüalarının düz bucaq altında beyinə təsiri nəticəsində hipertermiya inkişaf edir. Günvurmaya daha çox saat 11.00-16.00 arası günəş şüalarına məruz qalanlarda rast gəlinir. Bununla birlikdə küləksiz, boğanaq hava, yetərsiz maye və qida qəbulu, günqoruyucu geyimlərdən istifadə edilməməsi, alkoqol və antidepresant qəbulu bu halın yaranmasında əhəmiyyətli rol oynayır. Bu saatlarda günəş şüaları düz bucaq altında düşdüyünə görə ultrabənövşəyi şüalar çox təhlükəli ola bilər. Buna görə də məcburiyyət yaranmadıqda həmin saatlarda çölə çıxmaq məsləhət görülmür”

Həkim qeyd edib ki, başağrısı, ürəkbulanma, qusma, yüksək hərarət, tərləyə bilməmək, sinir sistemində və ruh halında pozuntular, bayılma günvurmanın əlamətlərindəndir:

“Bunu da bilmək lazımdır ki, bu əlamətlər günvurmanın ağırlıq dərəcəsindən, müddətindən, insanın orqanizminin müqavimətindən asılıdır. Günvurma zamanı əsas tədbirlər isə xəstəni təmiz havaya,kölgəyə,sərinə aparmaqdır. Xəstənin yaxası açılmalı, normal ventilyasiyası olan yerdə başını qaldırmaqla kürəyiüstə uzadılmalıdır.Soyuq su ilə isladılmış dəsmalla başı, üzü və bədəni silinməlidir. Çoxlu maye verilməlidir. Əgər xəstənin vəziyyətində ağırlaşma olarsa, vaxt keçmədən təcili yardıma müraciət olunmalıdır”

S.Qafarlı onu da qeyd edib ki, günvurmadan qorunmaq üçün sərin materialdan paltar geyinək, gün eynəkləri taxaq, gün ərzinda 2-3 litr maye qəbul edək, pik saatlarda günəş şüalarına məruz qalmayaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR