İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qurumlar vəsait ödəsələr, kasıb düşməzlər - Razi Nurullayev

755 05.04.2024 14:09 Ölkə A A

Deputat Razi Nurullayev Milli Məclisin iclasında mədəniyyət sahəsindəki həlli vacib problemlərə diqqət çəkmək istədiyini bildirib.

Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, qanunvericilik səviyyəsində müəyyən işlər aparılır, nazirlik nələrisə dəyişmək üçün çalışır:

“Müsbət dəyişikliklər varmı? Ola bilsin ki, var, amma mədəniyyət sahəsində çalışan şəxslərin sosial vəziyyəti ilə bağlı durum demək olar ki, sosial yardım alanların aylıq gəliri ilə bərabərdir. Bu sahədə ciddi dəyişiklik etmək lazımdır və növbəti büdcə dəyişikliyi olarsa, mütləq mədəniyyət sahəsində çalışanların əmək haqlarının artırılmasına ehtiyac var.

Mədəniyyət dedikdə insanlarımız şou-mou başa düşməsin, mədəniyyət bu ölkənin əxlaq, müdriklik, ziyalılıq, maarifləndirmə və cəmiyyətin inkişafına işıq tutan güzgüdür”.

Razi Nurullayev bildirib ki, ölkədə mədəniyyət mərkəzləri, kitabxanalar, muzeylər, Heydər Əliyev mərkəzləri var:

“Orada əmək haqları çox azdır, minimum əmək haqqı qədərdir.

Heydər Əliyev mərkəzləri üzərində fikrimi əsaslandıracam. Mərkəzlərdə rəhbərlər üçün 500 manatdan bir az çox, digər işçilər üçün 350 manat. Mərkəzlərin saxlanması üçün isə qəpik də ayrılmır. Orada yaranan kiçik təmirləri aldıqları əmək haqları ilə edirlər. Bu, doğru deyil axı.

Həm Heydər Əliyev mərkəzlərində, həm də digər mədəniyyət mərkəzlərində, klublarda və bu kimi digər yerlərdə, ümumilikdə mədəniyyət sahəsində çalışanların əmək haqlarının qaldırılması ilə yanaşı, həm də məsələyə bazar iqtisadiyyatı prinsipindən yanaşmalıyıq. Heydər Əliyev mərkəzlərində, o cümlədən digər mədəniyyət mərkəzlərində, klublarda nazirlərin qəbulları, iclasları, görüşləri, icra hakimiyyətlərinin, o cümlədən müxtəlif dövlət və qeyri-dövlət tədbirləri keçirilir. Amma bir qəpik də pul ödəmirlər. Bu, bazar iqtisadiyyatı baxımından düzgün qərar deyil”.

Deputat təklif edib ki, mədəniyyət mərkəzlərində keçirilən tədbirlərə görə ödəniş tətbiq edilsin:

“Nazirliklər, icra hakimiyyətləri, dövlət və qeyri-dövlət qurumları vəsait ödəsələr, kasıb düşməzlər. Bu, mədəniyyət ocaqlarının inkişafı və orada çalışanların sosial durumunun yaxşılaşması baxımından da vacibdir. Ümumiyyətlə, bütün mərkəzlər, mədəniyyət ocaqları, həssas əhali qrupu üçün nəzərdə tutulmuş yerlərdən başqa hər sahə bazar iqtisadiyyatı prinsipi ilə işləməlidir. Bununla bərabər, müəyyən qruplar üçün sosial bərabərlik də nəzərə alınsın gərək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR