Xəbər verildiyi kimi, Suriyada keçid dövrü üçün yaradılan Xalq Şurasının (parlament) tərkibi tam formalaşdırılıb. 70-i Prezident Əhməd Əl Şaraanın kvotası üzrə təyin olunmaqla 210 nəfərlik tərkib tamamlanıb. Parlamentin ilk iclasının iyulun 7-də keçirilməsi planlaşdırılır.
Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz “X” sosial şəbəkə hesabında verdiyi məlumata görə, Xalq Məclisinin üzvləri arasında 3 türkman da var. Əbdürrəhman Mustafa (Suriya Türkman Məclisinin Sədri) Hələb, İmad Barak Homs, Xəlil Dərdə Abdullah isə Rəqqa şəhəri üzrə təyinat alıb”, - Yılmaz bildirib.
Keçid parlamentinin formalaşması Azərbaycanla Suriya arasında parlamentlər səviyyəsində əlaqələrin qurulmasını da gündəmə gətirib. Bəs Azərbaycan və Suriya parlamentləri arasında dostluq qrupunun yaradılması nə dərəcədə realdır?
Bu suala Milli Məclisin deputatı Hikmət Babaoğlu aydınlıq gətirib. Deputat Musavat.com-a şərhində bildirib ki, parlamentlərarası dostluq qrupunun yaradılması üçün nəzəri baxımdan heç bir problem yoxdur: “Suriyada 210 nəfərlik keçid parlamentinin formalaşdırılması əlbəttə ki, Suriyada yeni idarəetmənin qanunvericilik bazasının yaradılması üçün vacib şərtlərdən biridir Azərbaycan hər zaman Suriyanın ərazi bütövlüyünü dəstəkləyib və sabitliyin tərəfdarı olub. Müharibə bitər-bitməz, Azərbaycan Suriya ilə əlaqələrin qurulması üçün addımlar atmağa başladı. Dövlətimiz Suriyaya humanitar yardım göndərir. Eyni zamanda, ölkəmiz Suriyanın yenidən qurulmasında, o cümlədən müəyyən iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Siyasi mövqe baxımından Suriyanın keçid parlamenti ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası dostluq qrupunun yaradılması üçün nəzəri baxımdan heç bir problem yoxdur.
Parlamentlərarası dostluq qrupunun yaradılması beynəlxalq müqaviləyə əsaslanmır. Bu, sadəcə iki dövlət arasında qarşılıqlı münasibətlərdən və siyasi qərarlardan asılıdır. Dostluq qrupları mədəni əlaqələrin, parlament diplomatiyasının, qanunvericilik təcrübəsinin mübadiləsi üçün, həmçinin, dövlətlərarası münasibətlərdə parlamentlərin mümkün töhfəsinin üzə çıxarılması məqsədilə yaradılır. Hazırda açıq olan suallar var: qarşı tərəfin siyasi qərar verən yüksək səviyyəli qurumları bu məsələyə necə baxır, ümumiyyətlə, Suriya parlamentində belə bir fəaliyyət istiqaməti müəyyənləşdirilibmi? Parlamentlərarası dostluq qrupunun yaradılması parlament ənənəsidir. Çox güman ki, Suriya da bu ənənəyə başlayacaq. Əgər şərtlər uyğun olarsa, hər iki tərəfin ortaq istəyi kontekstində belə bir qrupun yaradılması mümkündür. Üstəlik, Suriyada bizim soydaşlarımız olan türkmanlar də təmsil olunur. Onlar da parlamentlərarası dostluq qrupunun yaradılmasında vasitəçi ola bilərlər”.
Nigar Həsənli,
Musavat.com






