İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ildən turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqi verilir, nələr dəyişəcək?-Ekspertlərin rəyi

720 03.01.2024 18:44 İqtisadiyyat A A

 

Məlum olduğu kimi, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi və onunla əlaqəli olan digər normativ hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilib ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi ilə bağlıdır.

Qeyd edilib ki, regional turizmin gəlirləri əsas etibarilə mövsümi fəaliyyət üzrə formalaşır və digər vaxtlarda bu sektor üzrə gəlirlərin səviyyəsi kəskin azalır. Turizm sektorunda yerləşmə vasitələrinin aktivlərinin dəyəri kifayət qədər böyük həcmdə olur. Bu səbəbdən əmlak vergisi sabit xərc olmaqla mövsümi fəaliyyət göstərən biznes üzərində əhəmiyyətli vergi yükü yaradır.

Regional turizmin inkişaf etdirilməsi və sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) daşınmaz əmlaka görə əmlak vergisinin 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliyin əsas məqsədi regional turizmi dəstəkləmək və biznes üzərindəki sabit vergi xərclərini optimallaşdırmaqdır.

1674832000_550.jpg (32 KB)

Millət vəkili Azər Badamov Musavat.com-a şərhində bildirdi ki, regional turizm subyektlərinə sabit vergi xərclərinin azaldılması məqsədilə 2024-cü il 1 yanvardan tətbiq olunacaq və üç il davam edəcək vergi güzəştləri turizm sektorunun inkişafına xidmət edəcəkdir. A.Badamovun fikrincə, regional turizm subyektləri mövsümi fəaliyyət göstərdiyindən mövsüm başa çatdığı dövrdə həmin subyektlərin gəliri olmur və müəyyən olunmuş sabit vergi olan əmlak vergisinin ödənilməsi məcburi idi: "Biz bilirik ki, turizm subyektlərinin əmlakı yüksək dəyərə malikdir və əmlak vergisi də böyük bir məbləğ təşkil edir. Amma obyektin fəaliyyət göstərmədiyi zaman həmin verginin ödənilməsi məcburi olduğundan sahibkarlar çətinliklərlə qarşılaşırdı. Turizm sahəsi pandemiya dövründə ən çox zərər görmüş sektordur. Postpandemiya dövründə bu sektorun yenidən dirçəlməsinin stimullaşdırılması hökumətin əsas prioritetlərindəndir. Bu baxımdan regional turizm subyektlərinə üç il müddətinə əmlak vergisinin 75%-ni güzəşt edilməsi böyük dəstək olacaqdır. Bunun həm də yeni yaranacaq regional turizm subyektləri üçün stimul olacağını düşünürəm".

Millət vəkili hesab edir ki, əmlak vergisində güzəştin tətbiq edilməsi turizm sahəsində xidmətlərin qiymətlərinin aşağı düşməsinə təsir etməyəcəkdir: "Çünki bu güzəşt turizm sektorunun təqvim ili ərzində fəaliyyətini təmin edilməsinə verilən stimullaşdırıcı tədbirdir. Amma qiymətlərin enməsi isə rəqabətlə bağlıdır. Bunun üçün regionlarda turizm subyektlərinin sayı çoxalmalı və rəqabət mühiti yaranmalıdır. Məhz turizm sektorunda vergi təşviqi proqramlarının tətbiqi bu sahəyə investisiya qoyuluşuna marağı artıracaq. Təbii ki, investisiyaların çoxalması yeni turizm obyektlərin meydana gəlməsinə yol açacaq və bazar özü-özünü tənzimləməyə başlayacaqdır".

A.Badamov turizm sektorunda xidmətin keyfiyyəti məsələsi ilə bağlı fikirlərini belə ifadə etdi:

"Düzdür, bu gün turizm sektorunda xidmət qiymətləri baha olsa da, xidmətin səviyyəsi o qədər də yüksək deyil. Xidmətin yüksəlməsi üçün ilk növbədə xidmət mədəniyyəti formalaşmalıdır. Turizm xidməti mədəniyyəti yüksək olan ölkələrdən biri də Türkiyədir. Ona görə də ölkəmizdə yeni tikilən böyük turizm mərkəzlərinə menecerlər Türkiyədən dəvət olunur və onlar idarə edirlər. Təbii ki, bu, çox az obyektlərdə belədir. Amma əksəriyyətində isə yerli mütəxəssislər idarə edirlər və turizmin yüksək xidmət mədəniyyəti haqqında lazımı qədər bilikli deyillər. Xidmətin yüksəlməsi üçün bu sahəni idarə edən yüksək ixtisaslı menecerlərə çox ehtiyac olduğunu hesab edirəm. Digər bir məsələ isə yenə də rəqabətin az olması ilə bağlıdır. Rəqabət artdıqca xidmətin səviyyəsi də yüksəlir, qiymətlərdə enmələr müşahidə olunur. Bu baxımdan turizm sektorunda rəqabətli mühitin formalaşmasını vacib amil hesab edirəm".

 1640592219_2-2.jpg (27 KB)

İqtisadçı ekspert Natiq Cəfərli də vergi güzəşti ilə bağlı fikirlərini bölüşdü. O hesab edir ki, regionlarda yerləşən turizm obyektlərinə vergi güzəştlərinin verilməsi pozitivdir: "Bu, sahibkarların əlində daha çox sərbəst vəsaitin qalmasına imkan verəcək. Beləliklə onlar biznesin inkişafı üçün daha çox yatırım edə bilərlər. Lakin turizmin inkişafı üçün bu, yetərli amil deyil. Azərbaycan turizmi prioritet elan etsə də, quru sərhədlərin bağlı olması turizm sektoruna böyük zərbə vurur. Bundan başqa turizm obyektləri bahalı, lüks seqmentə hesablanıb. Dünyanın əksər ölkələrində kiçik otellər, hostellər və başqa ucuz turizm obyektləri daha populyardır.

Azərbaycanda bu sahə çox az inkişaf edib. Turizmin inkişafı üçün rəqabətli mühit güclənməlidir. Kiçik otellər konsepsiyası üçün dövlət dəstəyi olmalıdır. Və quru sərhədlər açılmalıdır. Əks halda, turizmi inkişaf etdirmək mümkün deyil".

O ki qaldı vergi güzəştinin xidmətlərin qiymətinə təsirinə, ekspert hesab edir ki, qiymətlərin enməsi ehtimalı yoxdur. N.Cəfərlinin fikrincə, qiymətin enməsi üçün rəqabətli mühit lazımdır.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR