İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu ikili standart Azərbaycanın suverenliyinə hörmətsizlikdir" - Deputatdan ETİRAZ

473 01.02.2024 12:00 Siyasət A A

Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası başlayıb.

Musavat.com xəbər verir ki, deputat Bəhruz Məhərrəmov Milli Məclisin iclasındakı çıxışı zamanı Azərbaycana qarşı AŞ PA-dakı qərəzli mövqelərə etirazını bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikası həmişə beynəlxalq hüququ rəhbər tutaraq faydalı əlaqələr qurulmasına önəm verib və bu çərçivədə bütün öhdəliklərə vicdanla yanaşılıb: “Yeganə qırmızı xəttimiz milli maraqlar, dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü olub. Amma suveren haqlarımız uğrunda Vətən müharibəsində biz xüsusən, qərb təsisatlarını səngərdə - qarşımızda gördük. 4 il əvvələ qədər bizi işğalla barışdırmaq üçün etimad quruculuğundan danışan Qərb bu gün Azərbaycan və Ermənistan arasında sülhə mane olmaq üçün bütün imkanlarını səfərbər edib. Hüququn aliliyi, demokratiya və insan hüquqlarından danışan bu strukturlaı indi separatizmin himayadarı kimi davranır. Məsələn, antiterror tədbirlərindən sonra artıq Avropa Parlamenti ilə ASALA-nın, yaxud AŞPA və Daşnaksütyunun ritorikasını ayırmaq mümkün deyil. Bu ikili standart Azərbaycanın suverenliyinə hörmətsizlikdir. Əgər bir təşkilat bizim suverenliyimizə lazimi hörmətlə yanaşmırsa, bizə lazımdırmı o strukturla əməkdaşlıq? Ümumiyyətlə sual qoymalıyıq qərb təsisatları bizə vədlərdən başqa nə verib?!”

B.Məhərrəmov qeyd edib ki, bəli, hüquq quruculuğu prosesində mütərəqqi hesab etdiyimiz Avropa təcrübəsindən faydalanmışıq: “Amma bu gün AŞPA-nın timsalında Avropa özü həmin dəyərlərdə səmimidirmi? Bu gün zəngin intellektual potensialı, təbii ehtiyatları, əvəzedilməz coğrafi mövqeyi, ən əsası isə liderinin vizyonu Azərbaycana dünya birliyində sanballı yer tutmağa imkan verir. Dünya isə Amerika və Avropadan ibarət deyil. Ulu Öndərin 1993-cü il 22 sentyabr, tarixi çıxışında dediyi kimi, “Dünya” deyəndə bütün dövlətlər nəzərdə tutulur” . Burada - Türk dünyası var, XIX-XX əsrlərdə inkişafımızın bir başa bağlı olduğu Rusiya var, Çin var, Ərəb dünyası da var və s. Bilirsiz, Heydər Əliyev Azərbaycanda yalnız dövlət qurmayıb, Heydər Əliyev həm də bir millət quruculuğu prosesi başladıb. Ulu Öndərin dövlət müstəqilliyi anlayışı həm də vətəndaşın təfəkkür müstəqilliyini ehtiva edirdi. Avropanın insan konsepsiyası Azərbaycanda müstəqil azərbaycanlı yox, antimilli ünsür ehtiva edir. Baxın, AŞPA ilə son gərginlikdə Qərbin məhsulu olan bir qrup yerli təlxək, antimilli ünsür necə qarşı cəbhədə yer alıb. Bizim hansısa ölkə ilə əməkdaşlığımız böyük qardaş axtarışı deyil, Daxili işlərimizə müdaxilə etmək niyyətinə düşənlər üçün, onlar suverenlik anlayışını qavrayana qədər qapılarımız bağlı olmalıdır. Təbii ki, bunun Avropanın bizə dost olan dövlətləri ilə ikitərəfli əlaqələrimizə heç bir aidiyyatı yoxdur. Biz bərabərhüquqlu tərəfdaş olaraq bizə hörmətlə yanaşan, suverenliyimizi, ərazi bütövlüyümüzü ən çətin məqamlarda şərtsiz, sözsüz tanıyanlara, Azərbaycan insanına səmimi şəkildə qucaq açmağı bacaranlarla birgə yürüməliyik”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR