İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu dəfə estetik cərrahların öz “burnu əldə”

925 15.05.2024 12:06 Yaşam A A

Zülfüqar Yusifov: “Klinikalarda “qaçaq” əməliyyatlar mümkün olmayacaq, çünki...”

Estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb olunması barədə rəsmi məlumat yayılıb.  Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, Baş Prokurorluq və Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı kimi, Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq edilib, qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində birgə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumilikdə 9 klinika və kosmetoloji mərkəz tərəfindən sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması halları müəyyən edildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanpıb.

Bundan başqa, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədilə 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə həmin qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyi tibbi xidmətlərin icra vəziyyətinə dair müvafiq araşdırmaların davam etdiriləcəyini və hüquq pozuntularına yol verənlərin məsuliyyətə cəlb olunacağını bildirməklə, bu sahədə fəaliyyət göstərən tibb müəssisələri və şəxslərdən qanunvericiliyin tələblərinə dönmədən riayət olunmasını tələb edir. 

Qeyd edək ki, son vaxtlar mətbuatda tibbi təhsili olmayan şəxslərin estetik əməliyyatlar və yaxud kosmetoloji proseduralar apardığı, nəticədə insanların sağlamlığında ciddi təhlükələr yaranması xəbərləri ilə tez-tez rastlaşırıq. Xüsusən də gözəllik salonlarında “kosmetoloq” kimi çalışan şəxslərin əksəriyyəti 5-6 aylıq kurs keçib, özünü professional  kosmetoloq kimi təqdim edir. Hansı ki, araşdıranda məlum olur ki, onların farmakologiya, kimya, anatomiya, dəri xəstəlikləri və  onların müalicəsindən xəbəri yoxdur. Heç bir tibbi savadı olmayan bu cür “kosmetoloqlar” botoks, dərinin kontur plastikası, mezoterapiya, plazmaterapiya kimi tibbi prosedurları həyata keçirir və ağırlaşmalar olduqda onların vaxtında və fəsadsız aradan qaldırılması üçün heç bir tədbir görə bilmirlər". Mütəxəssislər qeyd edir ki, hazırkı dövrdə kosmetoloji prosedurlara inyeksion metodlar daxil olduğundan kosmetoloqun tibbi savadı mütləq olmalıdır. Kurs bitirən kosmetoloqlar üz masajı, dərinin gigiyenik təmizlənməsi, maska qoymaq və s. kimi prosedurları həyata keçirə bilərlər. Həkim kosmetoloqlar isə dəri xəstəliklərinin müalicəsi, kosmetoloji lazer prosedurları, inyeksion metodikaların həyata keçirilməsi ilə məşğul olmalıdır. 

Həmçinin mütəxəssislər qeyd edir ki, bütün əməliyyatlarda olduğu kimi plastik əməliyyatları da bu sahədə ixtisaslaşan mütəxəssis həyata keçirməlidir. Əks halda, mütəxəssis olmayan şəxsin fəsadlara səbəb olması ehtimalı çox yüksəkdir. 

Bəs bu sahədə ən çox narazılıq nədəndir? Nəhayət, estetik cərrahiyyə sahəsində qayda-qanun yaratmaq mümkün olacaqmı?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Bəli, bu kimi hallar ara-sıra ortaya çıxır və buna qarşı tədbirlər də davamlı olaraq görülməkdədir. Təbii ki, bir neçə il öncə bu problemlər daha qabarıq şəkildə ortada idi. Amma indi rezidentura təhsilinin ortaya çıxması, bundan başqa sertifikasiya məsələlərinin olması və bunun müəyyən qədər lazımi şəkildə nəzarətə götürülməsi artıq bu kimi problemlərin bir qədər az rast gəlinməsinə gətirib çıxarır. Daha bir məsələ, tibb müəssisələrinə işəgötürmə zamanı 5 illik rezidentura təhsili olmayan həkimlərdən 5 il, tibb bacılarından isə 3 illik tibb stajı tələb olunur. Əlbəttə ki, bunlar dövlət müəssisələrində keçirilməsi lazım olan stajlardır. Bununla yanaşı, Səhiyyə Nazirliyinin müvafiq qurumları, o cümlədən özəl klinikalarla birbaşa çalışmaqda olan şöbə tərəfindən davamlı olaraq klinikalar təftiş edilir. Ümumiyyətlə, dünyanın hər yerində, bütün ölkələrdə lisenziyasız çalışma, tibbi təhsili olmayan şəxslərin həkimlik iddiasında olması hallarına rast gəlinir. Lakin müvafiq tibbi qurumlar bu məsələyə nəzarət edir. O cümlədən Azərbaycanda da bu kimi neqativ hallar istisna deyil və bu istiqamətdə olan araşdırmalarla bağlı artıq ötən gün Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə məlumat yaydılar. Düşünürəm ki, bundan sonra bu işlərə nəzarət daha da güclü olacaq və artıq lisenziyasız çalışmaq cəhdləri də az olacaq. Bu proses getdikcə daha da təkmilləşir, çünki səhiyyənin bütövlükdə elektronlaşması prosesi gedir və bu prosesdə artıq "qaçaq" çalışmalar mümkün olmayacaq".

Xalidə GƏRAY
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR