İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Azərbaycanın enerji diplomatiyasını yeni mərhələyə daşıyır”

865 02.07.2026 20:50 Siyasət A A

Tahir Mirkişili: “Avropa Birliyinin Ermənistana daha çox yardım etməsi...”

"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü və səsləndirilən bəyanatlar göstərdi ki, Azərbaycan artıq təkcə regionun sabitlik məkanı deyil, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji güc mərkəzidir". Deputat Tahir Mirkişili bunu Musavat.com-a açıqlamasında belə deyib. Milli Məclisin üzvü qeyd edib ki, bu gün Azərbaycanın rolu üç əsas istiqamətdə daha da güclənir: enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları və yeni iqtisadi əməkdaşlıq. “Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması, Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində artan çəkisi və Cənub Qaz Dəhlizinin real nəticələri ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Amma burada söhbət yalnız enerji əməkdaşlığından getmir. Azərbaycan artıq Avropa üçün Xəzər hövzəsinə, Mərkəzi Asiyaya və daha geniş Avrasiya məkanına açılan etibarlı qapıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi, Bakı Limanının, dəmir yolu infrastrukturunun və Naxçıvan istiqamətində bağlantıların gündəmdə olması Azərbaycanın coğrafi üstünlüyünü iqtisadi üstünlüyə çevirir”, T.Mirkişili ardınca bildirib.

İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblərDeputat əlavə edib ki, Avropa Komissiyası tərəfindən Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal keçidlərə sərmayə qoyulması ilə bağlı səsləndirilən təşəbbüslər də təsadüfi deyil: “Bu, Azərbaycanın Avropa İttifaqı üçün yalnız tərəfdaş deyil, həm də regional bağlantıların mərkəzi aktoru kimi qəbul edildiyini göstərir. Başqa sözlə, Bakı bu gün Avropanı, Cənubi Qafqazı, Xəzər hövzəsini və Mərkəzi Asiyanı bir masada birləşdirən platformaya çevrilir. Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın gələcək iqtisadi rolunu daha da artıracaq. Günəş, külək və yaşıl enerji layihələri ölkəmizi yalnız qaz ixracatçısı kimi deyil, həm də təmiz enerji və enerji keçidi üzrə strateji tərəfdaş kimi önə çıxarır. Bu, Azərbaycanın enerji diplomatiyasını yeni mərhələyə daşıyır”.

T.Mirkişilinin sözlərinə görə, eyni zamanda, Azərbaycan-Ermənistan normallaşma prosesinin yaratdığı yeni reallıq regional əməkdaşlıq üçün əlavə imkanlar açır: “Sülh gündəliyi nəqliyyat yollarını, iqtisadi əlaqələri və insanlara birbaşa fayda verən layihələri aktivləşdirir. Bu baxımdan Azərbaycan yalnız öz milli maraqlarını qoruyan ölkə deyil, bütövlükdə Cənubi Qafqazın sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməsi üçün aparıcı təşəbbüskar kimi çıxış edir”.

Deputatın fikrincə, bu görüşün əsas siyasi-iqtisadi nəticəsi ondan ibarətdir ki, Azərbaycanın strateji dəyəri daha da yüksəlir: “Ölkəmiz Avropa üçün enerji təhlükəsizliyi, Mərkəzi Asiya üçün dünya bazarlarına çıxış, region üçün isə sülh və bağlantı imkanları yaradan etibarlı mərkəzə çevrilir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan artıq xəritədə sadəcə enerji mənbəyi və tranzit ölkəsi deyil, tamamilə yeni Avrasiya geo-siyasi və geo-iqtisadi arxitekturasının əsas dayaqlarından biridir”.

Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən maliyyə dəstəyi ilə bağlı da bəzi fikirlər söyləyib. O bildirib ki, Avropa İttifaqı “Global Gateway” proqramı çərçivəsində Cənubi Qafqazda bağlantının inkişafı layihələrinə 200 milyon avro məbləğində qrant ayıracaq. AK rəhbərinin sözlərinə görə, Aİ qarşılıqlı bağlılıq vasitəsilə sülhü təşviq etmək istəyir: “Bizim “Global Gateway” adlı proqramımız var və biz Qafqazda bağlantı layihələrini stimullaşdırmaq üçün 200 milyon avro məbləğində qrantlar ayıracağıq və bu, 2 milyard avro potensialı olan bir gələcək yaradacaq. Söhbət həm özəl, həm də dövlət investisiyalarından, həmçinin Naxçıvan istiqamətində dəmir yolundan, layihələrin həyata keçirilməsindən və Bakı limanının inkişafından gedir”.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Bakıdan sonra səfər etdiyi İrəvanda isə bildirib ki, Ermənistan Rusiyanın ciddi iqtisadi təzyiqi ilə üzləşir. Bu kontekstdə fon der Leyen əmin edib ki, “tərəfdaşlara təzyiq artdıqda, Aİ dəstək verir”. Avropa Komissiyasının sədri ixrac agentliyinin yaradılmasına kömək məqsədilə 18 milyon avro vəsait ayırmaq planlarını açıqlayıb. Qeyd edib ki, bu, 52 milyon avroluq yardım paketinin bir hissəsidir. Fon der Lyayen Ermənistanın ixracının əsas hissəsini - xüsusilə də əvvəllər Rusiyaya tədarük edilən kənd təsərrüfatı məhsulları və spirtli içkilərin 80-90 faizini - Avropa bazarına yönəltmək niyyətində olduqlarını bildirib. O qeyd edib ki, gül tədarükü yeni münasibətlərin başlanğıcının gözəl bir rəmzi oldu. Həmçinin, deyib ki, şaxələndirməni sürətləndirmək üçün Aİ ekspertləri bu ayın əvvəlində ixracatçılarla işləmək və onlara güzəştli əməkdaşlığın təklif etdiyi imkanlardan tam şəkildə yararlanmağa kömək etmək üçün Ermənistana səfər edəcəklər.

Göründüyü kimi, Ermənistana milyardlarla avro vəsait ayıran Avropa qurumu Azərbaycana gəldikdə, bir neçə milyondan bəhs edib.

Tahir Mirkişili: “Fikrimcə bu, strateji olaraq doğru və ədalətli yanaşma deyil. Çünki regionun Avropa Birliyi ilə sıx iqtisadi əlaqə qurmasında Azərbaycanın payı və yaratdığı dəyər çox yüksəkdir. Avropa Birliyinin Ermənistana daha çox yardım etməsi Ermənistanın iqtidadi imkanlarının zəif olması ilə izah olunsa da, bu addım regional siyasət baxımından tarazlı və ədalətli görsənmir”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR