İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldə sənədsiz başa çatan 5-ci cəhd: hədəfə neçə addım qaldı...

772 16.05.2023 09:40 Siyasət A A

Azərbaycan XİN görüşün “əhəmiyyəti” barədə mövqeyini açıqladı; rəsmi İrəvan “fikirlidir”; ekspertlər deyir ki...

Mayın 14-də Avropa İttifaqının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirildi. Xatırladaq ki, 4 saat çəkən bu görüş üçlü formatda sayca beşinci idi.

Görüşdən qabaq Mişel Paşinyan və Əliyevlə ayrı-ayrılıqda bir araya gəlib. Görüş öncəsi aşağıdakı məqamlara diqqət etməkdə fayda var: Ötən ilin sonlarında Ermənistanın cığallığı nəticəsində pozulan Brüssel formatı bərpa olundu. Praqa görüşündən sonra bəzi problemlər yaranmışdı, çünki Fransa prosesə müdaxilə etmişdi, Ermənistan isə Parisin də prosesə qoşulmasını tələb edirdi. Amma Azərbaycan qəti şəkildə buna imkan vermədi, Paşinyan əvvəlki üçtərəfli formata qayıtmalı oldu. Eyni zamanda Azərbaycan Brüssel formatından da, Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən də razıdır, buna mane olan yalnız Fransa idi və artıq bunun qarşısı alındı. Kişinyovda gözlənilən Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü isə format deyil, orada keçiriləcək samit çərçivəsində adi qeyri-rəsmi görüş olacaq. Əslində Brüssel görüşünün də pozula biləcəyi haqda zəif ehtimallar var idi. Belə ki, 14 may görüşü ərəfəsi Ermənistan Azərbaycanla sərhəddə son anadək təxribatlara getdi.

Diqqət yetirdinizsə, Ş.Mişel bu dəfə də ilk olaraq Ermənistanın baş naziri ilə ikilikdə görüşdü. Sual olunur: Aİ rəsmisi niyə həmişə İ.Əliyevdən qabaq N.Paşinyanla bir araya gəlir? Məlumdur ki, Mişel vasitəçi yox, daha çox dialoqa dəstək verən tərəfdir. Bu mənada onun təşəbbüslərinin konkret nəticəyə hesablandığını söyləmək olar.

Görüş sonrası diqqət ediləcək məqamlardan bəhs edərkən qeyd edə bilərik ki, bu dəfə də heç bir ortaq sənəd və ya birgə bəyanat qəbul edilmədi. Hətta görüşün davam etdiyi vaxtda, saat 20.30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutdu (Müdafiə Nazirliyi). Şübhəsiz ki, bu, Azərbaycana yersiz “güc nümayişi” kimi yozula bilər, amma daha çox Qərbin moderatorluğundan əndişələnən qüvvələrin əməlinə, Ermənistandakı “beşinci kolon”un fəaliyyətinə bənzədi. Görüşsonrası Ş.Mişelin açıqlamaları da geniş müzakirə predmetidir. Sitat: “Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan 5-ci görüşündə açıq və nəticəyə yönəlik fikir mübadiləsi aparılıb. Mən onların səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Sülh müqaviləsi ilə bağlı bu yaxınlarda ABŞ-da keçirilmiş pozitiv danışıqların ardınca Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh razılaşmasının imzalanması istiqamətində həlledici addımların atılması üçün qazanılmış impuls saxlanılmalıdır. “Avropa İttifaqı Azərbaycan və Ermənistana hərtərəfli normallaşmaya nail olmaq üçün yardım etməyə sadiqdir. Avropa İttifaqının gizli gündəliyi yoxdur, məqsəd tərəflərin hərtərəfli sülhə nail olmasına töhfə verməkdir”.

Cənab Mişel ardınca ərazi bütövlüyü ilə bağlı fundamental hüquqlardan bəhs edərkən detalları da qeyd edib: “Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin davam etdirilməsinə razılaşıblar. Hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliyini, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə və Azərbaycanın 86 600 kvadratkilometrlik ərazi bütövlüyünə hörmətlərini təsdiqləyiblər”.

Eyni zamanda bildirib ki, “Sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək”. Yəni söhbət SSRİ tərkibində mövcud olmuş ərazilərdən gedir.

Əslində Azərbaycanın rəsmi kursuna və mövqeyinə tam uyğun açıqlamalardır. Zəngəzur dəhlizindən bəhs olunmasa da, Ş.Mişelin açıqlamasında üçtərəfli razılaşmada əksini tapan kommunikasiyaların açıqlaması mövzusundan da bəhs edib. Sitat: “Kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər. İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”. Əlavə edək ki, Ş.Mişel üçlü formatda növbəti görüşün bu ilin iyulunda olacağını anons edib. Həmçinin deyib: “Biz çox yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsla birlikdə 2-ci Avropa Siyasi İcması Sammiti çərçivəsində Kişinyovda görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindəyəm”.

Mənzərə yuxarıdakılardan ibarətdir. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən növbəti görüşə dair mövqeyini açıqlayıb.

“Avropa İttifaqı Şurası Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik” - rəsmi məlumatda deyilir. Bildirilir ki, ilk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Nazirliyin şərhində qeyd olunub ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. “Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir. Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik. Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, - XİN-dən bildirilib.

Azərbaycanın aydın mövqeyi fonunda rəsmi İrəvan “fikirli” görünür, ən azı ərazi bütövlüyü ilə bağlı mövqenin bir daha təsbit olunması, Qarabağ separatçılarına hər hansı işarə olunmaması Ermənistan üçün məyusedicidir. “Dağlıq Qarabağ” adlı yarlıqdan əsər-əlamət yoxdur, bu da Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Minval.az - Александр Скаков: "Азербайджан – не Грузия, это будет труднее  сделать" - Minval.az

Aleksandr Skakov 

Bu arada rusiyalı tanınmış politoloq və şərqşünas Aleksandr Skakov Brüssel prosesi ilə bağlı bildirib ki, mövcud vəziyyətdə ən neqativ tendensiya bir neçə danışıq formatının paralel getməsidir: “Sülh müqaviləsinin formalaşması prosesinə eyni zamanda Rusiya, ABŞ, Avropa İttifaqı, Fransa və artıq gördüyümüz kimi, Almaniya da təsir edir. Bütün xarici oyunçular bu prosesdə bir-biri ilə rəqabət və mübarizə aparır. Belə bir rejimdə işləmək, xüsusən də razılığa gəlmək çox çətindir”. Bununla belə, Skakova görə, kollektiv Qərbin bir əsas məqsədi var - Rusiyanı nizamlanma prosesindən və bölgədən kənarlaşdırmaq: “Rusiya isə təbii ki, öz həll ssenarisini irəli sürərək regionda qalmağı hədəfləyib. Bu da İrəvanla Bakı arasında sülh sazişinə gedən yolda əlavə çətinliklər yaradır. Əsl həll üçün isə bir nüfuzlu vasitəçi lazımdır. Bunu isə Avropa Şurasının rəhbəri, Qərbdən olan moderator Şarl Mişel deyil. Sərhəddəki son eskalasiyanın səbəblərindən biri də elə budur”, - deyə rusiyalı şərqşünas əlavə edib. Belədirmi? Danışıq platformalarının bolluğu sülhə əngəlmi? Brüssel prosesi, nəhayət, real nəticəyə nə vaxt gətirəcək, yoxsa artıq bu prosesin sonunun əvvəlindən danışmaq lazımdır? Bədnam Minsk prosesi təkrarlanmır ki?

Bəs yerli ekspertlərimiz sənədsiz yekunlaşan 14 may görüşünün nəticəsini necə qiymətləndirir? Bu görüşün müsbət və mənfi mənada indiyə qədərki 4 görüşdən fərqli özəllikləri nədən ibarətdir? Hədəfə kimi necə addım qaldı?

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında əvvəlcə bildirdi ki, görüşün nəticələri ilə bağlı Azərbaycanla yanaşı, erməni mətbuatını da izləyib:  “Ermənilər çox məsələlərin üzərindən sükutla keçdilər, humanitar problemlərin aradan qaldırılmasına dair müzakirələrin olduğunu daha çox qabartdılar. Amma burada da guya onların "əsirlər"inin məsələsinin müzakirə olunduğunu vurğuladılar. Burada bəlkə də ilk dəfədir ki, Azərbaycanın qaldırdığı problemə Qərb vasitəçisinin operativ reaksiyasını qeyd etmək istəyirəm. Şarl Mişel aydın şəkildə bildirdi ki, azıb əks tərəfə keçmiş hərbçilər geri qaytarılmalıdır. Ermənilər onun bu tələbinin üzərindən sükutla keçdilər. Mən bunu Azərbaycan mövqeyinin beynəlxalq qurumlar tərəfindən yavaş-yavaş qəbul edildiyinin sübutu kimi qeyd edirəm".

A.Nağı qeyd etdi ki, digər məsələlərdə də mövqeyimiz nəzərə alındı: “Naxçıvanla dəmir yolun çəkilməsini gündəmə gətirilməsi, Almatı razılaşmasının qabardılması, ərazi bütövlüyü və delimitasiya məsələlərinin konkretləşdirilməsini müsbət tendensiya kimi dəyərləndirmək olar. Şarl Mişel Azərbaycanın ərazi bütövlüyünü xüsusi qeyd etdi, hətta kv.kilometrini də göstərdi, bir az da artıq dedi: 86.6 əvəzinə, 89.6 rəqəmini göstərdi. Onun "səhv"inin səhv olmadığını da göstərə bilərik. Hər halda, bu yanaşma Qarabağın bütövlüyünün onlar tərəfindən qəbul edildiyini, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunun avropalı diplomat tərəfindən qəbul edildiyini göstərir. Digər məqamları da qeyd etmək olar. Amma siz özünüz faktları ardıcıllıqla düzdünüz, əlavəyə ehtiyac yoxdur. Faktlar zənciri bizim istəklərimizə uyğun düzülüb". Ekspertimiz bildirdi ki, ermənilərin də bundan narahat olduğu aydın görünür: “Ermənistanın təhlükəsizlık şurasının katibi Armen Qriqoryan bu narahatlığı dilə gətirdi ki, Zəngəzur dəhlizi eksterritorial ərazi olaraq onlar üçün qəbuledilməzdir, qırmızı xəttdir, hətta müharibəyə də hazırdılar. Burada məşhur sual var, amma etika qaydalara əməl edib, açıqlamırıq...” Son olaraq bildirirəm ki, Qərb formatı və sair məsələləri bizim istəklərimizə uyğunlaşdırıb, danışıqların sonsuz davam etdirilməsi yolunu tuta bilər. Görürsünüz ki, artıq iyun, iyul,  oktyabr ayları üçün görüşlər planı hazırlayıblar. Biz mənasız danışıqların baş alıb getməsinə imkan verməməliyik".

Azərbaycanda sosial islahatlar dövlətin əsas prioritetlərindəndir”- Tural  İsmayılov

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə bu qənaətdədir ki, iki gün əvvəl saatlarla davam edən Brüssel görüşü məntiqi olaraq davam edəcək: “Azərbaycan ən başdan bu prosesə sadiqdir. Bizim üçün isə ritorik sual budur: Brüssel danışıqlarında nə oldu? Danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edirdi, lakin bu ifadə qəbul olunmadı. Nəticədə Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Almatı Bəyannaməsinə istinad var. Ermənistan Azərbaycanın ən azı 86 600 kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyıb. Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı heç nə qeyd edilmir, yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir”.

T.İsmayılov bildirdi ki, bütün bu faktorlarla yanaşı, Fransanın və Rusiyanın Brüssel formatını sabotaj etmək cəhdləri də aradan qalxdı: “Nəticədə Avropa İttifaqı mərkəzli danışıqlar qaldığı yerdən davam edir. Brüssel formatının uğuru onun işləkliyindən asılı olacaq. İstənilən halda tələsmək olmaz. Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməlidir. Şarl Mişelin bu məsələdə dinamik təzyiqləri həlledici olacaq”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR