İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel və ya Kişinyov: nəticə olacaqmı?

577 13.05.2023 10:10 Yazarlar A A

Əvvəlcə soruşmaq lazımdır ki, Qərbin intensiv vasitəçiliyilə tərəflər arasında diplomatik danışıqların getdiyi, Brüssel prosesinin bərpa olunduğu bir vaxtda hərbi əməliyyatların başlanması kimin marağındadır və kimlər buna dəstək verir?

Bu suala cavab vermək həm asandır, həm də çox çətin. Asandır ona görə ki, mühüm danışıqlar ərəfəsində heç də birinci dəfə deyil ki, atəşkəs rejimi pozulur. Çətindir ona görə ki, belə cəhdlərin əsl müəllifini arayıb-tapmaq elə də asan deyil.

Bircə o aydındır ki, Qərbin bu məsələlərə heç bir dəxli yoxdur. Əlbəttə, Qərb deyəndə biz oyunbaz Parisi yox, Vaşinqtonu və digər Avropa ölkələrini nəzərdə tuturuq. ABŞ çox çalışır ki, tərəflər arasında ikitərəfli razılaşmalar reallaşsın. Bu məsələdə onların mövqeyi üçtərəfli razılaşmaların reallaşmasında israr edən Rusiyanın mövqeyindən tamam fərqlənir.

Ruslar “üçtərəfli razılaşma” deyəndə təkcə bir-iki il bundan əvvəl imzalanmış razılaşmanın özəlliyinə işarə vurmurlar, yox, onlar üçüncü tərəf kimi həm də özlərini nəzərdə tutur və öz maraqlarının da nəzərə alınmasını tələb edirlər. Onların maraqları isə budur ki, Qərb bu prosesə müdaxilə etməsin, rus sülhməramlılarının Dağlıq Qarabağda və bölgədə ən azı uzun müddət qalması üçün şərait təmin edilsin. ABŞ-ın bu marağı yoxdur, onların Dağlıq Qarabağda hərbi təmsilçiləri yoxdur və gələcəkdə də olması gözlənilmir. Onlar səmimi şəkildə israr edirlər ki, nə qədər ki, Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb, Bakı ilə İrəvan arasında ikitərəfli anlaşma və sülh üçün şərait var və tərəflər bundan istifadə etməlidir.

Prosesin üçüncü aktoruna – Ermənistana və onun lideri Paşinyana gəlincə, əlbəttə ki, oyun oynayır. O, bir məsələni başa düşüb ki, Qərb ondan sülh istəyir, onun Ankara və Bakı ilə münasibətlərinin normallaşmasına çalışır. Ona görə də Nikol açıq və aşkar şəkildə sülhə qarşı çıxmır, az qala, özünü “sülh göyərçini” kimi göstərir, sülh məzmunlu bəyanatlar verir. Amma bu bəyanatlarda həmişə bir “amma” olur. Buna biz bu yaxın günlərdə şahid olduq. Məsələn, hamının nəzərləri Vaşinqtona yönəldiyi bir vaxtda o, dedi ki, əgər iyunun 1-də Kişinyovda sülh sazişi imzalanarsa, o, buna çox şad olar...
Elə indi də, növbəti Brüssel görüşü ərəfəsində də bildirir ki, sülhə hələ çox var, tərəflər arasındakı anlaşma və ya yaxınlaşma çox kiçikdir və bu, sülh sazişini imzalamaq üçün çox azdır.

Bu bir-iki il ərzində Paşinyanın öyrəndiyi bir məsələ də var: o, Qərb və Rusiya arasında manevr etməyi öyrənib. Bir il bundan əvvəl Brüssel prosesini də o, Rusiyanın və Fransanın istəyilə pozmuşdu.
İndiki hərbi əməliyyatlar da Paşinyan Moskvadan qayıdandan sonra başlandı: güman ki, daha bir Brüssel görüşü ərəfəsində Kreml onu yaxşıca təlimatlandırıb.

Ruslar bununla kifayətlənmirlər. Mayın 19-da Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənir. Rusiya təhlilçiləri artıq indidən iddia edirlər ki, Brüsseldə heç nə alınmaycaq. Bu, azmış kimi, bildirirlər ki, tərəflər arasında növbəti görüş oktyabrda İspaniyanın Qranada şəhərində baş tutacaq.

Bəli, Moskvaya çox lazımdır ki, üzücü və yorucu, ən başlıcası isə, nəticəsiz, qeyri-substantiv “diplomatik epopeya” davam etsin, tərəflər arasında anlaşma alınmasın. Buna görə də hər danışıqlar ərəfəsində hərbi əməliyyatların başlanmasına təəccüblənmək lazım deyil.

Bəlkə də Paşinyan ürəyinin dərinliklərində həqiqətən də sülh istəyir, ölkəsinin regional siyasətinin dəyişməsini arzulayır. Amma bunu erməni müxalifəti, erməni kilsəsi və çoxsaylı erməni diaspor təşkilatları istəmir. Bu təqdirdə Paşinyan niyə bunu istəməlidir? Düzdür, burada erməni cəmiyyətinin də mövqeyi var. Dolayı yolla özünü biruzə verən işarə və əlamətlərdən belə nəticə çıxarmaq olar ki, cəmiyyət müharibə istəmir və onlara daha bir Koçaryan və ya Sarqsyan lazım deyil. Ona görə də cənab Nikol Paşinyan anlamalıdır ki, cəmiyyətin ona verdiyi etimad limiti heç də sonsuz olmayacaq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR