İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel bizimlə dostdursa, bəs, naziri niyə ermənipərəstdir?

969 26.08.2023 09:23 Siyasət A A

Bakıda ən azından balansı qorumaq məqsədilə açıqlamalar verməsi gözlənilsə də, Haccə Lhəbib bunu da etmədi

Belçikanın xarici işlər naziri Haccə Lhəbib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst iddialarına görə Prezident İlham Əliyev onu qəbul etmədi. Bakıda Azərbaycanın xarici işlər naziri ilə görüşən Haccə Lhəbib ümumi bəyanatlarla kifayətləndi.  

Brüssel Azad Universitetinin jurnalistika fakültəsində təhsil almış Haccə Lhəbib 1997-ci ildə Belçikanın RTBF dövlət teleradio şirkətində işə düzəlib. 2021-ci ildə o, jurnalist kimi Krım yarımadasına yollanıb, amma Rusiya Federasiyasından viza alaraq. Təbii ki, Ukrayna bu demarşı hiddətlə qarşılayıb, Lhəbibin səfərini qanunsuzluq və Ukraynanın suverenliyinə sayğısızlıq, separatçılara isə dəstək kimi qiymətləndirib. Haccə Lhəbibin həmin səfəri Belçika parlamentində də müzakirə edilmiş, qalmaqala səbəb olmuşdu. Bu xanımın Belçikanın XİN başçısı postunda çalışdığı ilk gündən bəri eksentrik davranışı, nazir statusu ilə çətin uyğunlaşa biləcək açıqlamaları, islamofobiya həddində ləngər vuran bəyanatları və ən nəhayət, yaxşı bələd olmadığı mövzularda "qəti fikir yürütmək" kimi zərərli şakəri var ki, bu səbəbdən tez-tez sərt tənqidlərə məruz qalır.

Qeyd edək ki, Avropa Birliyinin bir qolu olan Avropa Parlamentinin saysız-hesabsız anti-Azərbaycan qətnamələrinə “öyrəncəliyik”.  Yada salaq ki, iyul ayında Avropa Birliyinin ATƏT-dəki nümayəndəliyindən ərazi vahidi kimi mövcud olmayan “Dağlıq Qarabağ” erməniləri ilə bağlı yoxlanılmamış, Ermənistan yalanlarına istinad olun sənəd yaymışdı. Avropa Birliyi açıq şəkildə qərəzli mövqe tutaraq guya etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərindən məhrum edildiyini, hətta atəşkəsin tez-tez pozulması xəbərlərinin “onların rifahı ilə bağlı ciddi narahatlıq yaratdığını” iddia etmişdi.

Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Dövlətimiz Avropa İttifaqı ilə enerji tərəfdaşlığı haqqında müvafiq sənəd də imzalayıb. Azərbaycanın Avropa Birliyinin bir sıra ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Amma belə görünür ki, Brüsseldə mənzilənmiş Avropa Birliyi, qurumun əsas üzvlərindən olan Belçika bunları görməzdən gəlir.  

AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Belçkanın XİN rəhbərinin anti-Azərbaycan mövqeyi əvvəldən bəlli idi: “Haccə Lhəbib XİN rəhbəri olsa da, açıqladığı çiy və reallığa əsaslanmayan açıqlamaları ilə özünün diplomatiyadan uzaq olduğunu göstərir. Avropa İttifaqı Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə birtərəfli yanaşır. Məhz Azərbaycanla razılaşdırılmadan Azərbaycan-Ermənistan şərti sərhədinə Aİ-nin monitorinq misiyasının uzunmüddətli dövr üçün göndərilməsi məsələlərə birtərəfli yanaşmanın göstəricidir. Halbuki təqaüdçü hərbçilərdən təşkil olunmuş bu missiyanın fəaliyyəti iflasa uğradı və ancaq sərhədimizdə poz verən şəkillər paylaşmaqla kifayətlənmiş oldu.

Avropa Birliyi  bir tərəfdən regionda sülh və əməkdaşlığın yaranmasına  töhfə vermək istədiyini bildirir. Digər tərfdən isə ədalətsizcəsinə Ermənistanı birtərəfli şəkildə dəstəkləyir və onun Azərbaycanın ərazi bütövlüyünə kölgə salına biləcək siyasətinə haqq qazandırmağa çalışır. Avropa İttifaqının və Avropa Parlamentinin ermənipərəst mövqeyi əslində Fransanın yürütdiyi anti-Azərbaycan siyasətindən irəli gəlir. Fransa Azərbaycana qarşı qətnamələrin qəbul olunmasına açıq şəkildə çalışır. Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunmuş anti-Azərbaycan qətnamələrin arxasında Fransa, Belçika və digərləri dayanır. Əslində Azərbaycan Avropa Birliyi üçün əvəzolunmaz strateji tərəfdaşdır. Avropa Komissarı ilə enerji tərəfdaşlığı haqqında sənəd imzalanıb və Avropaya ixrac olunan təbii qazın həcminin iki dəfə artırılması ilə bağlı sazişə uyğun ixrac həcmləri artırılır. Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropa İttifaqı ölkələrinə çatdırılması ilə bağlı meqalayihələrin icrası da i gündəlikdədir. O cümlədən tranzit nəqliyyat marşurtlarımızın imkanlarından Avropa Birliyi istifadə edir və Zəngəzur dəhlizinin açılması bu sahədə əməkdaşlığı daha da artıracaq. Avropa İttifaqı ilə ticarət dövrüyyəmiz artmaqdadır. Bütün bunlar onu deməyə imkan verir ki, reallıqda Avropa İttifaqı üçün Cənubi Qafqazda vacib tərəfdaş Azərbaycandır. Amma təəssüf ki, bəzi ölkələr Fransanın təsiri altındadır və Azərbaycana qarşı ədalətsiz  mövqedən çıxış edirlər.

Belçikanın XİN rəhbəri azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında  Ermənistanda verilən açıqlamaları Bakıda təkrar etmədi. Amma torpaqlarımız işğal altında olduğu dövrdə Aİ-nin ikili standartlardan yanaşmasının Azərbaycanda təəssüflə qarşılandığını bildirərək bundan sonra Ermənistanla düşmənçilk məsələlərini tarixdə saxlamağı və yeni səhifəni açaraq sülh və əməkdaşlığın yaranmasına töhfə verilməsini təklif etdi. Xanım nazir bu açıqlamanı əslində Ermənistanda həmkarları Mirzoyanla görüşü zamanı bildirməli idi. Ceyhun Bayramov Avropa Birliyinin ikili standartlarla yanaşmayacağına ümid etdiyini bildirərək mesaj verdi. Ölkəmizə ikili standartlarla yanaşanların mövqeyi iradəmizi sındıra bilməz. Azərbaycan haqq yolundadır və ölkə ərazisnin bütövlüyünə xələl gətirəcək heç bir addımın atılmasına imkan verilməyəcəkdir. Qarabağdakı erməniləri öz sakinlərimiz hesab edirik və onların bütün problemlərini Azərbaycan dövləti həll etməlidir. Avropa Birliyi  buna töhfə vermək istəyirsə, yalnız Ermənistana təsir göstərməlidir. Məhz belə olan halda, regionumuza uzunmüddətli sülh və əməkdaşlıq gələ bilər".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Belçika XİN rəhbərinin bu davranışlarını həyasızlıq adlandırır: “Ermənipərəst mövqeyi ilə seçilən nazirin Prezident tərəfindən qəbul edilməməsini  doğru  qərar hesab edirəm. Ermənipərəstliyi ilə seçilən Avropa ölkələri həmçinin Belçika da xarici diplomatiyada Azərbaycanın sərt tavrını görməli və öz davranışlarında düzəliş etməlidirlər. Belçika XİN rəhbəri yaxın 30 illik keçmişi  unutmağımıza çağırır. Yəni həyasızcasına deyir ki, işğal olunmuş tarixinizi unudun. Diplomata yaraşmayan, ələxsus da, XİN rəhbəri statusunda olan şəxsin ağzından bu cür politkorrektliyə sığmayan ifadələrin səslənməsi təəssüf və təəccüb hissi doğrur. Görünür, bu qadın hansı statusda olduğunu, hansı postda əyləşdiyini hələ də yaxşı anlamır. Brüssel Avropa Birliyinin paytaxtıdır, Belçika isə bu birliyin beşiyi sayılır və belə bir ölkədə qanunsuz olaraq anneksiyaya məruz qalan, Krıma səfər edən siyasətçi xarici işlər naziri təyin edilir. Bu bir daha Avropanın nə qədər ikiüzlü olduğunun göstəricisidir.”

Asif Nərimanlı: "Təcrübə müsbət cavab gözləntisini azaldır..."

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı belçikalı naziri qatı ermənipərəst sayır: “Prezident İlham Əliyevin Belçikanın xarici işlər naziri Lhəbibi qəbul etməməsi həm bu ölkəyə, həm də ümumilikdə ermənipərəst mövqe sərgiləyənlərə verilən açıq mesajdır və Azərbaycanın suverenliyi məsələsində prinsipiallıq baxımından çox doğru addımdır. Lhəbib İrəvanda Azərbaycana qarşı açıq mövqe sərgilədi, Bakıda ən azından balansı qorumaq məqsədilə açıqlamalar verməsi gözlənilsə də, bunu da etmədi. Fikrimcə, Lhəbibin Brüsselin mövqeyinə zidd olan mövqe sərgiləməsi və Avropa İttifaqının vasitəçiliyini təhlükəyə atmaq hesabına olsa belə, ermənipərəst yanaşma sərgiləməsi subyektiv səbəblərdən də qaynaqlana bilər. Çünki Avropada erməni diasporu\lobbisinin siyasi çevrələri ələ alması, ölkələrin xarici siyasətini öz maraqlarına uyğun yönləndirməsi sirr deyil. Bu gün Fransanın timsalında bunu əyani şəkildə görürük. Belçikanın xarici işlər nazirinin mövqeyi də onun erməni diasporunun ”tapşırığını" icra etdiyinə dair şübhələrə yol açır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR