İnsanlara hürriyət, millətlərə istiqlal!

Bp Azərbaycanda bir layihədən çıxıb - Aİ ilə imzalanan memoranduma təhlükə varmı...

1363 26.07.2022 10:30 İqtisadiyyat A A

İlham Şaban: "Bir layihədə uğursuzluq olması ilə Azərbaycanın ixracının pozulması iddiasını irəli sürmək absurddur"

BP Azərbaycanın Xəzər dənizindəki perspektivli neft-qaz yataqları blokunda kəşfiyyat işlərinin dayandırıldığını və layihədən çıxdığını elan edib. Şirkətin Xəzər regionu üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bununla bağlı jurnalistlərə bildirib ki, BP tərəfindən 2020-2022-ci illərdə Abşeron Yarımadasının Dayaz Su Zonası Layihəsi (AYDQ) çərçivəsində qazılan 3 kəşfiyyat quyusu boş olub, hasilat dəyərli karbohidrogenlər aşkarlanmayıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü sazişi bp və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb və 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. AYDH kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 2 000-5 000 metr arasındadır.

Müqavilə sahəsində 2016-cı ildə 3D (üçölçülü) seysmik tədqiqat proqramı həyata keçirilib. Kontrakt sahəsindən əldə edilmiş üçölçülü məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə bp tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xalı, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib. Bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılması qərara alınıb.

AYDH dəniz blokunun Şimal Xalı sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına 2021-ci ilin16 avqust tarixində başlanıb və qazma işləri 2021-ci ilin 4-cü rübündə tamamlanıb. Quyunun ümumi dərinliyi 2 424 metrə çatıb. Quyuda karbohidrogen ehtiyatları aşkarlanmadığına görə bu ilin martında bağlanaraq tərk edilib.

Blokun Bibiheybət-Şərq hissəsində qazılan ikinci quyudan, həmçinin Qarabatdağ sahəsindəki üçüncü quyudan da səmərəli ehtiyatlar aşkarlanmayıb. Beləliklə də, bp şirkəti saziş üzrə üzərinə düşən öhdəliklərə tam əməl edib.

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının  təməlqoyma mərasimində iştirak edib - <font color=red>VİDEO</font>

Yeri gəlmişkən, 2021-ci ildə AYDH geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25 faizini Rusiyanın “LUKoyl” şirkətinə satıb. Alqı-satqı əməliyyatı tamamlandıqdan sonra bp-nin AYDH layihəsində iştirak payı 25 faiz,  SOCAR-ın Ortaq Neft Şirkəti - 50 faiz, “LUKoyl” isə 25 faiz təşkil edirdi. Layihənin bundan sonrakı taleyinə yəqin ki, qalan iştirakçılar birgə qərar verəcəklər.

Bp-nin Azərbaycandakı kiçik bir layihədə işini dayandırması Ermənistanda böyük rezonansa səbəb olub: ermənilər bu xəbəri böyük sevinclə qarşılayıblar. Erməni ekspertlər iddia edirlər ki, ADYH layihəsi üzrə ehtiyatların aşkarlanmaması ilə bir neçə gün öncə (iyulun 19-da) Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış enerji memorandumunun icrası sual altına düşəcək, bütövlükdə Azərbaycanın Avropa üçün enerji təchizatçısı kimi mövqeyinə ciddi zərbə dəyəcək. Bu mövzuya geniş məqalə həsr edən erməni şərhçilərdən biri Romella Mnatsakanyan sevincək yazıb: “Bu xəbər bölgəmizdəki vəziyyəti kökündən dəyişə bilər. Əslində bu bir sensasiyadır. Şokedici xəbərdir. Çünki söhbət rəsmi Bakının bütöv bir strategiyasının iflasından gedir”.

Ermənilərin bu sevinci nə qədər əsaslıdır: AYDH layihəsinin Azərbaycanın qaz ixracına hansı təsirləri ola bilərdi? Ümumiyyətlə, bu blokdan nə hasil olunmalıydı: qaz, yoxsa neft? Sualları cavablandıran enerji məsələləri üzrə ekspert İlham Şaban təəssüflə qeyd etdi ki, ermənilərin diqqətini AYDH blokundakı vəziyyətə Azərbaycan mətbuatında gedən yazılar cəlb edib: “Bizim bəzi mətbuat orqanları hadisəni böyük gurultu ilə bp-nin Azərbaycandakı layihələrdən çıxması kimi təqdim ediblər. Ermənilər də həmin materialları oxuyaraq sevincək olublar. Halbuki söhbət bp-nin Azərbaycandakı layihələrdən çıxmasından deyil, ehtiyatlar aşkarlanmayan bir blokda kəşfiyyat işlərinin dayandırılmasından gedir. Bp Azərbaycanda ”Azəri-Çıraq-Günəşli", “Şahdəniz”, “Şəfəq-Asiman” kimi nəhəng layihələrdə operatordur. Bu layihələr üzrə işlər tam normal axarı ilə gedir. Abşeron Dayaz Sulu layihəsinə gəlincə, dünyada qəbul olunmuş praktikaya əsasən 6 kəşfiyyat quyusundan birində ehtiyat aşkarlanırsa, bu, kəşfiyyata çəkilən xərclərin özünü doğrultması deməkdir. Burada əvvəlcədən razılaşdırıldığı qaydada, 3 quyu qazılıb, ehtiyat aşkarlanmayıb. Layihədə dəniz suyunun 5-7 metr dərinliyində neft ehtiyatlarının aşkarlanması məqsədilə kəşfiyyat işlərinin aparılması nəzərdə tutulurdu. Qaz deyil, neft. Axı Abşeron yarımadasında qaz heç vaxt olmayıb - yalnız az miqdarda səmt qazı olub. Sırf qaz yatağı olmayıb".

İlham Şaban: Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin  dəyişməsi zərurəti ortaya çıxıb - "İki sahil"

 İlham Şaban 

Ekspertin sözlərinə görə,  bp-nin bir layihədən çıxması ilə Azərbaycanın enerji ixracı strategiyasının iflasa uğraması iddiası gülüncdür: “Bir layihədə uğursuzluq olması ilə Azərbaycanın ixracının pozulması iddiasını irəli sürmək absurddur. Bunu Rusiya mətbuatı yazsaydı, adi qarşılamaq olardı. Amma Azərbaycan mətbuatının bunu yazması, sadəcə, başadüşülən deyil. Hazırda Azərbaycanın neft-qaz layihələrinin böyük uğurla davam etdiyini əminliklə deyirəm. Heç bir ağlı başında olan şirkət belə perspektivli layihələrdən çıxmaz, o da ola bp. Əksinə, Dayazsulu Abşeronda kəşfiyyat aparmaqla bp Azərbaycanda fəaliyyətini daha da genişləndirməyə çalışırdı. Bu layihədə ehtiyat aşkarlanmadı, əvəzində ”Azəri-Çıraq-Günəşli" yatağının dərin qatlarından qaz hasilatı üzrə yeni razılaşmalar əldə olunur. Bu yataqdan 550 milyon tondan artıq neft hasil olunub, daha 400 milyon ton civarında da qarşıdakı illərdə hasil olunacaq".

İ.Şabanın sözlərinə görə, Aİ ilə Azərbaycan arasındakı memorandum artıq ehtiyatları təsdiqlənmiş, hasilata başlanmış və ya başlanmaq üzrə olan yataqlardan qaz ixracını nəzərdə tutur: “Cənub Qaz Dəhlizinin genişləndirilməsində Avropa İttifaqı Azərbaycana dəstək verəcək. Bundan əlavə, memorandum Azərbaycandan Avropaya yalnız qaz deyil, hidrogen və elektrik enerjisinin də ixracını əhatə edir”.

Məlumat üçün bildirək ki, Azərbaycanda qaz ehtiyatlarının olduğu ən böyük ikinci yataq “Abşeron” adlanır. AÇG-nin cənub-qərbində yerləşən bu yatağın qaz ehtiyatları 500 milyard kubmetrə yaxın, kondensat ehtiyatları isə 100 milyon ton civarında qiymətləndirilir. Yataq Fransanın “Total” şirkətinin iştirakı ilə işlənir, oradan qaz hasilatına 2022-ci ilin sonunadək başlanması gözlənilir. Erməni şərhçilər “Dayazsulu Abşeron” layihəsi ilə “Abşeron” layihəsini qarışdıra bilərlərmi? İ.Şabanın fikrincə, bu ehtimal reallığa çox yaxındır: “Bu, ağlabatandır. Güman ki, bunlar söhbətin ”Şahdəniz"dən sonra ən çox qaz ehtiyatı olan “Abşeron” yatağından getdiyini zənn ediblər".

Qeyd edək ki, Aİ ilə Azərbaycan arasında enerji memorandumu imzalanan zaman Prezident İlham Əliyev Avropaya ixrac olunacaq qazın hansı yataqlardan alınacağını açıqlamışdı: “Bu il biz Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir.

Hələlik bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir".

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də memorandumda nələrin nəzərdə tutulduğunu açıq qeyd etmişdi: “Bizim Anlaşma memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə, Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.

Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Bu gün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR