İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük dövlətlərin Xocalı soyqırımını tanıması üçün nə edək - təklif

499 29.02.2024 12:25 Gündəm A A

Fazil Mustafa: “Qalib dövlət kimi təbliğatın aparılması üslubunu da dəyişməliyik”

“18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.

Bu sözləri Xocalı faciəsinin 32-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayonunda rayon ictimaiyyət nümayəndələri ilə görüşündə deyib. 

Qeyd edək ki, bu günədək Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar bunlardır: Pakistan (2012), Türkiyə (2012), Sudan (2014), İslam Əməkdaşlıq Təşkilatı.

Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar isə bunlardır: Meksika ( 2012), Kolumbiya ( 2012), Çexiya (2013), Bosniya və Herseqovina (2013), Peru (2013), Honduras (2013), İordaniya (2016), Cibuti (2017). 

Beləliklə, göründüyü kimi, qanlı faciəni soyqırımı kimi tanıyan ölkələr arasında böyük dövlətlərin adları yoxdur. Xocalı soyqırımını tanımayan böyük dövlətlər təbii ki, qərəzli və dini amillərdən, xristian təəssübkeşliyindən çıxış edərək belə davranıb və Ermənistanın cinayətini pərdələmək siyasəti güdüb. İndi Azərbaycan dünyada kifayət qədər sözü, çəkisi olan dövlətdir. Qarşıdakı mərhələdə hansı işləri görə bilərik ki, Xocalı soyqırımını bu dövlətlər tanısın? Yoxsa bu mümkün deyil? 

Fazil Mustafa güllələndi

Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Siyasətdə mümkün olan və olmayan məsələlər yoxdur. Bu gün elə bir güclü dövlətlə müttəfiq ola bilərsən ki, bu proseslər sən istədiyin şəkildə həllini tapa bilər. Ona görə də biz Xocalı faciəsi ilə bağlı beynəlxalq arenada fəaliyyətimizi davam etdirməliyik. Məsələ yekunlaşmayıb və bizim buna yanaşmamız yenə də müharibədən sonrakı dövrün həm də diplomatik hücumu kimi nəzərdə tutulmalıdır. 

Təbii ki, Xocalı faciəsinin qisasını zəfərlə və bu faciənin törədilməsində iştirak edən, buna sevinən erməni amili üzərində qələbə qazanmaqla almışıq. İndi həmin ermənilərin hamısı acınacaqlı duyğularını yaşayırlar. Bu məğlubiyyət onlar üçün hər şeyi alt-üst edib. 

Amma biz həm də burada həlak olan insanların ruhu qarşısında məsuliyyət daşıyırıq. Buna görə də bu soyqırımın böyük dövlətlər tərəfindən də tanınması istiqamətində addımlar davam etməlidir. Təbii ki, qalib dövlət kimi indi bunun təbliğatının aparılması üslubu da dəyişməlidir, köhnə qaydada bu hadisələri hansısa teatrlaşdırılmış formada, kədər, yaxud acı formasında özümüzə göstərmək dövrü artıq arxada qalıb. Yəni biz bu əzabı, iztirabı yaşamışıq, çəkmişik. İndi isə artıq diplomatik istiqamətdə vəsaitlər xərclənməli, təbliğat üçün dünyada bütün platformalarda bu məsələ gündəmə gətirilməlidir.  Bu həm Ermənistana yeni münasibətin, həm də səmimiyyət testi olacaq. Yəni baxaq görək soyqırımdan danışanlar bu məsələdə hansısa bir şəkildə real addım ata biləcəklərmi? Biz bunu da  sınaqdan çıxarmalıyıq".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının (AzVP) Akif Nağı isə mövzuya bu cür şərh verdi: “Xocalı soyqrımının tanıdılması ilə bağlı bu günə qədər kifayət qədər iş görülüb. Yəni bütün dövlətlərin bu barədə məlumatı var. Ayrı-ayrı dövlətlərdə tanınmış ictimai xadimlər, incəsənət adamları bu prosesdə, məlumatlandırma kampaniyasında iştirak ediblər. Sadəcə, böyük dövlətlərin öz oyunları, öz siyasətləri var və başqa dövlətlərin mövqeyi onları qətiyyən narahat etmir. Yaxud onlar özlərinin maraqlarına uyğun məqamda hansısa dövlətin bu və digər problemindən istifadə etmək məqsədilə gündəmə gətirirlər. Məsələn, bu il Amerika prezidenti ki, nəhayət ki, ermənilərin qondarma "soyıqırımı" ilə bağlı ifadə səsləndirdi. Nəticəsi nə oldu? Aydın məsələ idi ki, bu məsələ ermənilərin özünün xidməti deyildi. Yəni Amerika bunu Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir və bəzi Avropa ölkələri də bu mövqedədir. Ona görə də biz heç də üzülməməliyik ki, niyə böyük dövlətlər Xocalı faciəsini soyqırımı kimi tanımır. 

Hər il fevral ayında  ermənilər çox narahatlıq keçirirlər. Çünki dünyada Xocalı soyqırımı haqqında kampaniyalar keçirilir, insanlar da ermənilərdən soruşurlar ki, bu nə məsələdir. Ermənilər elə bir cinayət, vəhşilik törədiblər ki, onun altından çıxa bilmirlər. Bizim hədəfimiz o deyil ki, böyük ölkələr bizim dərdimizə  şərik olsun, bizə rəhmi gəlsin, bu cür siyasət ermənilərin siyasətidir, bizim məqsədimiz budur ki, ermənilərin necə vəhşi və cinayətkar olduğunu dünyaya çatdıraq. Bu bizim üçün çox vacibdir və bu istiqamətdə də işlərimiz gedir". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR