İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgənin gələcəyi üçün göstərilən prinsipiallıq - nəqliyyat-logistika sahəsində böyük hədəflər

1323 20.09.2022 10:50 İqtisadiyyat A A

Azərbaycan yalnız Şərqdən Qərbə deyil, həm də Cənubdan Şimala yükdaşımaların reallaşmasında açar ölkələrdən biridir; Ermənistan nəhəng layihədən kənarda qalmağı seçsə...

Rusiyanın Ukraynaya hücumuna görə üzləşdiyi ağır sanksiyalar Azərbaycanın regional tranzit habına çevrilmək planlarının reallaşması üçün kifayət qədər əlverişli şərtlər formalaşdırmaqdadır. Rusiya üzərindən Avropaya yükdaşımaların minimuma enməsi nəhəng daşımaçı şirkətlərin üzünü digər marşrutlara çevirməsinə səbəb olub. Bu marşrutlardan biri Orta Dəhliz -Asiya və Sakit okean regionu ölkələri - Çin-Qırğız Respublikası-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropadır. Artıq yüklərin  bu marşrutla daşınmasına başlanıb.  İyun ayında bu beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələrinin dəmir yolu administrasiyaları bu dəhlizlə yük daşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər. Layihə Çindən Avropaya qarışıq yükdaşımalarını nəzərdə tutur. Layihə çəvçivəsində yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır. Çin tərəfi də aktiv şəkildə Azəraycandan keçən marşrut üzrə fəallaşıb. Çin, Özbəkistan, Qırğızıstan 540 km-lik dəmir yolunun inşası ilə bağlı investisiyalar ayırmağa başlayıb. Eyni zamanda Qazaxıstan, Azərbaycan, Gürcüstan üzərindən keçən marşrut üzrə də Çin tərəfindən daha çox yükdaşımların olacağı nəzərdə tutulur.

TRACECA-nın Azərbaycan hissəsində 28,6 milyon tondan çox yük daşınıb -  AZƏRTAC

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28 milyon 629,8 min ton, yük dövriyyəsi isə 7 186,8 milyon ton-km olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21 və və 28,7 faiz artım deməkdir.

Komitədən verilən məlumata görə, yüklərin 15 milyon 466,1 min tonu və ya 54 faizi avtomobil nəqliyyatı, 9 milyon 394,6 min tonu və ya 32,8 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 769,1 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 27,2 faizi və ya 7 milyon 800,7 min tonunu tranzit yüklər təşkil edib.

Prezident İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışında Azərbaycanın tranzit imkanlarına dair göstəricilərini açıqlayıb. Bildirib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Dövlət başçısı deyib ki, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər: “Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir”.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yük daşınması artıb

Prezident qeyd edib ki, Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir: “2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artacaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq”.

Azərbaycan yalnız Şərqdən Qərbə deyil, həm də Cənubdan Şimala yükdaşımaların reallaşmasında açar ölkələrdən biridir. Rusiyaya qarşı sanksiyalar həm də "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin əhəmiyyətini artırıb. Belə ki, "Şimal-Cənub" dəhlizinin əsas təşəbbüskarı Hindistan idi. İqtisadiyyatı sürətlə inkişaf edən Hindistanın Avropaya yükdaşıma yollarının əksəriyyəti Çinin təsir dairəsindədir. Pekinlə münasibətləri gərgin olan Dehli bu səbəbdən İran üzərindən Çindən asılı olmayan marşrutun işə salınmasında çox maraqlıdır. Buna görə də dəhliz infrastrukturunun yaradılmasına indiyədək 2,1 milyard dollar sərmayə qoyub. Bunun bir hissəsi İran nəqliyyat infrastrukturuna yatırılıb. Hindistan İranın Canahar limanını icarəyə götürərək oranı genişləndirmək və modernləşdirmək istəsə də, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar bu layihənin icrasına imkan verməyib. İran özü isə dəhlizin işə salınmasında elə də maraqlı olmayıb - özünün ixrac imkanları sanksiyalarla məhdudlaşdırılmışdı.

Layihənin digər böyük tərəfdaşı olan Rusiya da Ukraynaya hücumuna görə Qərbin sanksiyaları ilə üzləşənə qədər "Şimal-Cənub" dəhlizinə heç bir maraq göstərməyib: ticarət əlaqələrində dəhlizboyu ölkələrin payı cüzi idi, üstəlik, sanksiyalara qarşı gedib tərəfdaşlıq etdiyi Qərb dövlətləri ilə münasibətlərini korlamağa gedəcək qədər gəlir əldə etməyəcəkdi. İndi isə vəziyyət kökündən dəyişib: Qərb bazarlarından sıxışdırılan Rusiyanın Asiya bazarlarına ehtiyacı böyükdür. Daha dəqiq ifadə etsək, hazırda Rusiyanın Avropanın almaqdan imtina etdiyi məhsullarını satmaq üçün az qala yeganə ümidi Asiya bazarlarıdır. Dəhlizlə Hindistan, Banqladeş, Birma, Tayland, Malayziyaya və əksinə yükdaşımaların təmin olunması Moskva üçün son dərəcə vacibdir.

Keshla Station - Baku | train station

"Şimal-Cənub" Nəqliyyat Dəhlizi Rusiya üçün həm də Qərbin ona satmaqdan imtina etdiyi məhsulları Asiya ölkələrindən əldə etmək üçün vacibdir. Çünki kənd təsərrüfatı məhsulları istisna olmaqla, demək olar ki, bütün məhsullar üzrə idxaldan asılı olan Rusiyanın idxalı sanksiyalar tətbiq olunandan bəri minimum səviyyəyə düşüb. İqtisadiyyatın bütün sahələrində istehsalın davam etməsi üçün Rusiya Qərbdən ala bilmədiklərini Asiyadan - Çin və Hindistandan almağa çalışır. Hələlik bu sahədə vəziyyət heç də ürəkaçan deyil: hər iki ölkə Rusiyadan enerjidaşıyıcılarını - neft, qaz, kömür alışını artırsalar da, bu ölkəyə məhsul satışını artırmaqda maraqlı görünmürlər. Qərbin sanksiyalarından ehtiyat edən Çin və Hindistan şirkətləri Rusiyaya mal satmağa həvəs göstərmirlər. Lakin Moskva bu vəziyyəti aradan qaldırmağa və zəruri məhsulların Asiyadan idxalını təmin etməyə çalışır. Buna görə də Rusiya zəruri infrastrukturu ən qısa müddətdə tamamlamaqda maraqlıdır və bunun üçün vəsait qoyuluşu da həyata keçirməkdən çəkinmir.

Rusiya ekspertlərinin hesablamalarına əsasən, "Şimal-Cənub" dəhlizi yüklərin Hindistandan Rusiyaya daşınma müddətini 2 dəfə azaltmağa imkan verir. Belə ki, yüklər Süveyş kanalından keçən ənənəvi marşrutla Mumbaydan Sankt-Peterburqa  30-45 günə çatdırılır. Şimal-Cənub marşrutu ilə bu müddət  15-24 günə düşəcək. Məhz buna görə də Rusiya "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən hissəsinin ən qısa müddətə tam gücünə çatmasında maraqlıdır.

İran isə yaranmış vəziyyətdən maksimum bəhrələnmək, “sırasına” qoşulan Rusiya ilə əlverişli ticarət şərtlərini təmin  etmək niyyətindədir. Bunun üçünsə zəruri infrastruktur yaradılmalıdır. Xəzər dənizi ilə daşımaları artırmaq potensialı böyük deyil - nə Rusiyanın, nə də İranın Xəzərdə ticarət  donanması artan tələbatı qarşılamağa imkan vermir. Ən əlverişli variant "Şimal-Cənub" dəhlizinin tam gücü ilə işləməsi üçün zəruri olan Rəşt-Astara dəmiryol xəttini qısa müddətdə tikməkdir. Dəhlizin İran ərazisindəki hissəsində Qəzvin-Rəşt dəmir yolu 9 ilə tikilərək 2019-ci ilin martında istismara verilib. Həmin ərəfədə yolun davamı olan Rəşt-Astara hissəsinin də tezliklə tikintisinə dair qərar qəbul edilib. Azərbaycan və İran prezdentlərinin iştirakı ilə qeyd olunan dəmiryol xəttinin inşasına dair saziş də imzalanıb. Azərbaycan yolun inşasını maliyyələşdirmək üçün İrana 500 milyon dollar güzəştli kredit də ayırıb. Lakin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar tikintini reallaşdırmağa imkan verməyib. İndi belə bir imkan yaranıb. Həmin imkan sentyabrda Bakıda Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirlərinin görüşündə müzakirə olunub.  Nazirlər Rəşt-Astara dəmir yolunun tikintisinin detallarını müzakirə ediblər. Müzakirələr “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüş çərçivəsində aparılıb. Görüşün yekunlarına dair imzalanan Bakı Bəyannaməsinə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirir və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Sənəddə qeyd olunur ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olur üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayırlar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər.

Azərbaycan öz ərazisindən keçəcək yüklərin mümkün qədər şaxələnmiş yollarla təyinat nöqtələrinə çatdırılmasını təmin etməyə çalışır. İranla Şərqi Zəngəzur nəqliyyat dəhlizinin yaradılmasına dair saziş bu məqsəddən irəli gəlib. Artıq dəhlizin Azərbaycan hissəsində fiziki tikinti işlərinə başlanıb. Azərbaycan yüklərin Gürcüstan və İranla yanaşı Ermənistan üzərindən də ötürülməsini təklif edir. Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi bütün iştirakçılar üçün əlverişli şərtlər, böyük gəlirlər vəd edir. İndiyədək regionda həyata keçirilən bütün böyük iqtisadi-strateji layihələrdən kənarda qalan Ermənistan bölgəyə dayanıqlı sülh, qarşılıqlı əməkdaşlıq və inteqrasiya gətirəcək dəhlizə qarşı çıxmaqda davam edəcəksə, bilavasitə öz maraqlarına zərbə vuracaq, daha bir nəhəng regional layihədən kənarda qalacaq...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR