İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgədə HUMANİTAR FƏLAKƏT: Aqressiv hücum fəaliyyətinin sonunda…

455 29.05.2024 14:25 Dünya A A

“Tasnim” agentliyinin məlumatına görə, İsrail ordusunun artilleriya və hava zərbələrinin artması fonunda Benyamin Netanyahu hökuməti Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfah bölgəsində rabitə və interneti kəsib. “Əl-Cəzirə” telekanalı isə qeyd edib ki, İsrail Müdafiə Qüvvələri Rəfahın cənub və qərb bölgələrində reydlər keçirir. Hazırda Rəfahın cənubundakı İbna və Şabura qaçqın düşərgələrində İsrail tankları yerləşdirilib.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi bir neçə gün bundan öncə İsraillə bağlı hökm çıxarıb. Hökmə əsasən, İsrail Rəfaha hücumu dayandırmalıdır. Məhkəmə sədri Navaf Salamın səsləndirdiyi qərarda bildirilib ki, İsrail şəhərdə həyat şəraitinin pisləşməsi səbəbindən Rəfahdakı əməliyyatı dərhal bitirməlidir.

Bundan əlavə, məhkəmənin qərarına əsasən, İsrail anklav ərazisinə humanitar yardımın buraxılması üçün Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsini açmalıdır. Göründüyü kimi, İsrail beynəlxalq aləmin çağırışlarına məhəl qoymur, hücumlarını davam etdirir.

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, İsrailin Rəfah əməliyyatı bölgədə bir humanitar fəlakət yaradıb.

Onun sözlərinə görə, beynəlxalq hüquq sistemi və beynəlxalq təşkilatların nizamlanması tamamilə iflic olub: “Bunun səbəblərindən biri də beynəlxalq hüququn zaman-zaman yalnız böyük dövlətlərin marağına uyğun şəkildə işləməsidir. Beynəlxalq məhkəmənin qərarının nə dərəcədə işlək olub-olmamasını görməyimiz üçün ABŞ-nin mövqeyinə baxmaq kifayət edər. Bölgədə İsrailin Rəfah əməliyyatını dayandırmayıb onu davam etdirməsi əslində müxtəlif mərhələlərdə – 1945, 1995, 2003-ci illərdən sonra beynəlxalq hüquq sisteminin böhranını daha da dərinləşdirir. Hücumun dayandırılması, humanitar hüququn reallaşdırılması üçün əslində bir sıra beynəlxalq güclərin hərəkətə keçməsi lazımdır. Amma görünən odur ki, Türkiyə istisna olmaqla, bir sıra sülhpərvər, amma regiona müdaxiləsi az olan ölkələr burada bir fəaliyyətə keçmək istəmirlər”.

A.Hüseynovun sözlərinə görə, İsrailin hərbi fəaliyyətini davam etdirməsi sonda B.Netanyahunu böyük bir böhranla üzbəüz qoyacaq: “Avropada və ABŞ-dəki ictimai reaksiyalar, eyni zamanda bu qədər mülki insanların tələf olmasına baxmayaraq, İsrailin qarşıya qoyduğu hərbi məqsədlərinin faktiki olaraq dirənişlə üzləşməsi o deməyə əsas verir ki, fəaliyyətin sonu yeni assemetrik oyunçuların bölgədə fəallaşmasına gətirib çıxara bilər. Aqressiv hücum fəaliyyətinin sonunda İsrailin müttəfiqləri belə, ondan imtina edəcəklər. Ona görə ki, onlar da beynəlxalq şəkildə reaksiya görürlər. Əslində bu fəaliyyətlərin dayandırılmasının bir yolu var: təkqütblü dünya sisteminin dəyişdirilməsi, BMT Təhlükəsizlik Şurasında daimi üzvlərinin sayının 5 deyil, daha çox olması. Təəssüf ki, bunun reallaşdırılması istiqamətində yalnız Türkiyə addımlar atır, təşəbbüs irəli sürür. SSRİ dönəmində Ərəb-İsrail münaqişəsi zamanı sovetlərin və ikinci qütbün varlığı bəzi tarazlığın yaranmasına səbəb olurdu. Lakin hazırda bu, çox çətindir. Bununla belə, bölgədə sülhün bərqərar olması istqamətində beynəlxalq təşkilatların çalışması vacibdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR