İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də təmsil olunan təşkilatımız - BAMF-30

1397 06.09.2022 17:26 Media A A

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 30 il ötür.

Azərbaycanın və regionun informasiya məkanında xüsusi çəkiyə sahib olan BAMF-ın yarandığı tarix indiki kimi yadımdadır. Uzun illərimin dostu, tələbə yoldaşım Umud Rəhimoğlu 90-cı illərin sayılıb-seçilən qələm sahiblərini, nüfuzlu imzaları, ictimai nüfuza malik şəxsləri başına toplayaraq müstəqil Azərbaycanın ilk qeyri-hökumət təşkilatlarından olan BAMF-ı qurdu. BAMF düz 30 ildir ki, "Azərbaycan" adını beynəlxalq aləmdə uğurla və layiqincə təmsil edir. Bu qurum həm də BMT-də təmsil olunan ilk və yeganə milli qeyri-hökumət təşkilatımızdır.

umud-rehimoglujpg-1648637298.jpg (162 KB)

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İnkişaf  Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

BAMF əsasən 5 istiqamətdə: media və vətəndaş cəmiyyətinin inkişafı; qaçqın və məcburi köçkünlərin problemləri; sülh quruculuğu və münaqişələrin həlli; icmaların inkişafı və təhsil istiqamətlərində işlər aparır.

Bu gün təşkilatın fəaliyyət dairəsi gündən-günə genişlənir, beynəlxalq platformalarda söz demək, informasiya yaymaq  imkanları çoxalır. Sözsüz ki, Azərbaycan naminə atılan həmin addımların müəllifi, bu uğurlu fəaliyyətin aparıcı qüvvəsi əziz dostum Umud Mirzəyevdir. Umud bir vaxtlar şəxsi evini də BAMF-ın iqamətgahına çevirmişdi. Yadımdadır, çox vaxt xaricdən gələn qonaqlarını belə, hotellərə buraxmaz, onları öz evində  ağırlayardı.

Umudu tələbəlikdən istedadlı, işgüzar, çalışqan, dostcanlı, milli və dövlət maraqlarını hər şeydən üstün tutan, enerjili, yeni ideyalara açıq düşüncə adamı kimi tanımışam. Tam obyektiv düşünürəm ki, Umud qardaşımın ölkəmizin ictimai-siyasi həyatındakı yorulmaz fəaliyyəti ən yüksək səviyyədə ödülləndirilməyə layiqdir.

Azərbaycan naminə gördüyü işlərin miqyasını təsəvvür etmək üçün onun fəaliyyətindən bircə ştrixi – “Əl-Cəzirə” telekanalı ilə BAMF-ın birgə proyekti olan Azərbaycanın bölgələri haqqında yüksək peşəkarlıqla çəkilən tanıtım verilişlərini göstərmək yetər. Torpaqlarımızın işğal edildiyi vaxtdan, azad olunduğu indiki günümüzə qədər Umud Mirzəyevin rəhbərlik etdiyi BAMF, Beynəlxalq Mina Təmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edərək, torpaqlarımızın düşmən minalarından təmizlənməsi əməliyyatlarında fəal iştirak edir. BAMF-ın əsas fəaliyyət istiqaməti və məqsədi ölkədə, regionumuzda və bütün dünyada sülhün əldə olunması, insanlığın barış içində yaşamasıdır. Əlbəttə, sülhün təmin olunması üçün dövlətlərin biri-birinə qarşı siyasi və ərazi iddialarının olmaması, müxtəlif dini və etnik köklərə mənsub xalqların eyni coğrafiyada, öz sərhədləri daxilində, mehriban qonşuluq şəraitində yaşaması lazımdır. Azərbaycan öz qonşularına və həmçinin, dünya ölkələrinə münasibətdə bu siyasəti yürüdür. Təəssüflər olsun ki, qonşu Ermənistan hətta II Qarabağ savaşındakı məğlubiyyətindən sonra da Azərbaycana qarşı aqressiv davranışından, düşmənçilik siyasətindən əl çəkmək istəmir. Bu cür situasiyada yalnız bir tərəfin təşəbbüsü ilə regionda sülhə nail olunması imkansız görünür. Əlbəttə bu şəraitdə müharibə aparmış bir ölkənin təmsilçisi olaraq,  beynəlxalq platformalarda sülh çağırışları etmək, sülhə nail olmaq barədə müzakirələr açmaq da asan iş deyil. BAMF komandası isə öz prinsiplərindən geri çəkilməyərək əllərində olan bütün imkanlarla, dünyanın ən nüfuzlu media orqanları vasitəsilə Azərbaycan həqiqətlərini beynəlxalq aləmin diqqətinə çatdırırlar.

Hazırda BAMF-ın fəaliyyətinin 30 ili tamam olur. Bu tarix həm də Umud Mirzəyevin 30 illik dinamik fəaliyyətinin yubileyidir. Umudu şəxsən tanımayanların təsəvvüründə onun xarakterini canlandırmaq  üçün bir hadisəni xatırlamaq istəyirəm.

photo_511317.jpg (37 KB)

2016-cı ilin 7 dekabrında acı bir xəbər aldıq. Əziz dostum Umudun atası, çox hörmət etdiyim el ağsaqqalı Rəhim əmi vəfat etmişdi. Rəhim əmi mənim yadımda mərd, xeyirxah, yurdsevər bir azərbaycanlı kişisi kimi qalıb. (Onun haqqında ayrıca bir portret yazım da var). Rəhim əmi yataqda vəsiyyət edir ki, onu doğma kəndi Aşağı Əbdürrəhmanlıda dəfn etsinlər. Aşağı Əbdürrəhmanlı Füzulinin ermənilərlə təmas xəttində yerləşən kəndi idi. Bu ərazi erməni silahlı qüvvələrinin nəzarəti altında olduğundan oranı ziyarət etmək birbaşa ölüm təhlükəsi ilə üz-üzə qalmaq sayılırdı. Amma bir türk üçün nə olursa-olsun, ata vəsiyyəti pozulmaz! Umud qardaşım o zaman heç tərəddüd etmədən ata vəsiyyətini yerinə yetirmək üçün hərəkətə keçdi. Rəhim kişi illərlə həsrətini çəkdiyi o doğma torpağa tapşırılmalı idi. Bu istək yurda qayıdışın ən ağır və ən məğrur forması idi. Doğma yurda sağkən dönə bilməyən ata, niskilli ölümü ilə öz torpağına, ana qucağına qayıtdı.

Bəli, gözlənilən bütün təhlükələrə baxmayaraq, Umud öz doğmalarının müşayiəti ilə atasını Aşağı Əbdürrəhmanlıda torpağa tapşırdı. Bu hüznlü hadisə o zaman hər birimizin şüuraltına bir gün o torpaqlara qayıdacağımız haqda ümid müjdəsi ötürdü. Rəhim əminin məzarından ucalan başdaşı “Biz bura mütləq qayıdacağıq!” inamına abidə kimi görünürdü. Düz dörd ildən sonra xəyallar gerçək oldu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal altında olan torpaqlarını geri aldı, doğma Qarabağa Böyük Qayıdışın əsası qoyuldu.

cd14d1ef-deputat_ilham_eliyev654.jpg (86 KB)

Azərbaycan tarixinin bu şanlı, şərəfli səhifəsini ordumuz, şəhidlərimiz, qazilərimiz öz qanları, canları ilə yazdılar. Eyni zamanda Azərbaycanın əsas kütləvi informasiya vasitələri də düşmənlə informasiya cəbhəsində savaşdı. Bu mübarizədə BAMF-ın fəaliyyəti danılmazdır. 

30 yaşınız mübarək, əziz Umud qardaşım və dəyərli BAMF-çılar! Sizə Azərbaycan naminə çalışmalarınızda uğurlar arzulayıram!

Murad Köhnəqala

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR