İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkeni Prezident Əliyevə zəng etməyə vadar edən səbəblər

629 05.04.2024 11:17 Ölkə A A

Dövlət katibinin səmimi olub-olmadığı bu gün bilinəcək

ABŞ dövlət katibi  Entoni Blinkenin  Prezident İlham Əliyevə zəngi siyasi gündəmin əsas mövzusuna çevrilib. Yada salaq ki, dövlət katibi aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüş haqda açıqlama verib. 

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Telefon danışığı zamanı Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Söhbət əsnasında Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımından faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.

Həmçinin dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.

Prezident İlham Əliyev aprelin 2-də Parisdə Blinkenlə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.

Dövlətimizin başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Almatı bəyanatına sadiq olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. 

Bəs Blinkeni  Prezident Əliyevə zəng etməyə vadar edən səbəblər nədir? Azərbaycana verilən izahat səmimidirmi? 

İrəvan seçkiləri sülhdən sonraya saxlayır? - referendum iddiası

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, aprelin 5-dəki görüşdə  Ermənistana hərbi sahədə dəstək verilməsini nəzərdə tutan  hansısa sənəd imzalanacaq: “Bu isə birmənalı olaraq qəbulolunmazdır. Çünki Ermənistan kimi dövlətə hərbi dəstək vermək, onunla hərbi pakt imzalamaq Cənubi Qafqazda sülh proseslərini təhlükə altına alacaq. ABŞ dövlət katibinin Prezidentə zəng etməsinin əsas səbəbi Azərbaycanı belə bir təhlükənin olmadığına inandırmaq olub. Vaşinqton fərqindədir ki, Ermənistana dəstək verdikcə Azərbaycanda ABŞ-a etimad daha da sarsılır. Ona görə də Azərbaycanı narazı salmamaq və 5 aprel görüşünün Azərbaycana qarşı olmadığına inandırmaq ehtiyacı duyulub. Bu ayrı məsələdir ki, Azərbaycan verilən izahatın səmimiliyinə inanır, yoxsa yox”.

Politoloqun sözlərinə görə, təcrübə və tarix onu deyir ki, o cür vədlərə inanmamalıyıq. Əgər həqiqətən də Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda sülhün olmasında, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, region dövlətlərinin maraqlarını nəzərə almayan, aqressiv dövləti daha da qızışdıran addımlar atmamalıdırlar: “5 apreldə keçiriləcək görüş məhz birtərəfli qaydada Ermənistanı müdafiə etməyə, beləliklə də onu daha da arxayınlaşdırıb sülh prosesindən uzaqlaşdırmağa xidmət edir. O baxımdan, hesab edirəm ki, cənab Blinkenin zəngi, sadəcə olaraq, Azərbaycanın mövqeyini yumşaltmaq məqsədi güdürdü. ABŞ başa düşür ki, Azərbaycanın maraqlarını nəzərə almadan Cənubi Qafqazda hər hansı bir prosesi Ermənistanla birtərəfli qaydada iş aparmaqla müsbət sonuclandıra bilməz. Tələsməyək, görək 5 aprel görüşü nə ilə bitəcək, hansı qərarlar qəbul olunacaq... Bəlli olacaq ki, ABŞ dövlət katibi Azərbaycan Prezidentinə dediklərində səmimidir, yoxsa səmimi deyil”.

Hikmət Babaoğlu: Dövlətimizin başçısının müsahibələri qlobal ictimai rəyi  lehimizə dəyişir - AZƏRTAC

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəngi və 5 apreldə keçiriləcək görüşlə bağlı dedikləri Azərbaycanın nüfuzunun, ABŞ-ın Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi olaraq qəbul etməsinin göstəricisidir: “Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin haqlı mövqeyini bu zəngdən istifadə edərək bir daha tamamilə aydın şəkildə qarşı tərəfin nəzərinə çatdırmış oldu. Mövqeyimiz bundan ibarətdir ki, bütün hallarda Brüsseldə keçiriləcək üçtərəfli görüş Ermənistanın mövqeyini gücləndirməyə hesablanıb. Ona görə də buna arxayın olan Ermənistan son günlər şərti sərhəddə müxtəlif miqyasda təxribatlar törədir. Eyni zamanda Azərbaycanla sərhəddə yeni fortifikasiya qurğuları inşa edir. Bütün bunlar Azərbaycana qarşı təxribatların yeni bir mərhələsi kimi səciyyələndirilməlidir. Çünki artıq bu, qalıcı və yüksək qoruyuculuq imkanları olan dəmir-beton konstruksiyalardan ibarət yeni istehkam qurğularının yaradılmasıdır. Əlbəttə ki, aprelin 5-də baş tutacaq bu görüşün məzmununun regional xarakter daşımadığı ilə bağlı ABŞ rəsmiləri tərəfindən fikirlər səsləndirilib. Azərbaycanın həmin görüşə dəvət olunmaması da bununla əlaqələndirilib. Amma biz bilirik ki, görüşün gündəmində olan Ermənistan iqtisadiyyatının şaxələndirilməsi onun Rusiya iqtisadiyyatından qoparılmasına hesablanıb. Nəticə etibarilə iqtisadi güclənmə həm də hərbi güclənməyə gətirib çıxaracaq. Ona görə də Azərbaycan bu prosesi diqqətlə izləyir. Rəsmi Bakı vaxtaşırı olaraq bu məsələ ilə bağlı öz mövqeyini bəyan edir. Şübhəsiz ki, ayın 5-dən sonra həm Ermənistan və Azərbaycan arasında sülh məsələlərinin hansı şəkildə inkişaf edəcəyi, həm də hansı qərarların alınacağı dövlətimizin bu məsələ ilə bağlı münasibətini yenidən formalaşdıracaq”.

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Bakıya zəng edilməsi zərurəti Azərbaycanın narazılığının ciddi olduğunu ABŞ-ın anlamasının təsdiqidir: “ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon söhbətində dövlət başçısını inandırmağa çalışıb ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüş Azərbaycan əleyhinə deyil. Blinken görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib. Əgər Blinkenin söylədiyi kimidirsə, yəni mövzu təhlükəsizlik təminatı deyil, iqtisadi dəstək olacaqsa, bu halda Vaşinqton Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyir. Paşinyanın da tələbi elə budur ki, Ermənistanın Rusiyadan ipləri qoparması üçün Vaşinqton və Brüssel İrəvana maliyyə dəstəyi verməlidir. Ancaq bunun reallaşması mexanizmi necə olacaq? Ermənistana bir neçə milyard dollar və ya avro ayıra bilərlər. Ancaq bu, Ermənistanın iqtisadi problemlərinin həlli demək olmayacaq. Rusiya Ermənistana qaz nəqlini kəsərsə, ABŞ və Avropa İttifaqı bu problemi necə həll edəcək? Və ya Avropa öz bazarlarını Ermənistanın kənd təsərrüfatı məhsullarına açmağa hazırdırmı? Çətin. Ermənistan məhsullarının əsas hissəsi Rusiya bazarlarında satılır. Vaşinqton və Brüssel Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyirsə, Paşinyanı Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırmalıdır. Digər alternativlər Ermənistanı xilas etməyəcək. ABŞ və Avropa İttifaqı səmimidirsə, Ermənistanı Azərbaycanla və Türkiyə ilə yaxınlaşdırmaq siyasətini həyata keçirməlidi”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR