İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitən Milli Şuranın siyahı skandalı

3823 07.01.2014 12:50 Yazarlar A A
Demokratik düşərgənin kasad gündəminə bir bomba düşüb. Milli Şuranın sədri Cəmil  Həsənlinin hazırladığı siyahını “Yeni Müsavat” haradan alıb? 

Məsələni elə qoyurlar ki, sanki əlimizə cinayət listi keçib! Biz də bunu açıqlayıb, hər şeyi deşifrə etmişik, “istintaq”ın planlarını pozmuşuq...

Nə baş verir, hörmətli xanımlar və cənablar?! Proses gerçəkdən də, bizim iddia etdiyimiz kimi, gizli aparılmırsa, hər şey şəffafdırsa, bu qədər əndişə, narahatlıq, suçlamalar nə üçündür? Biz nəyi və kimləri ifşa etmişik? 18-20 nəfərlik bir siyahının dərc olunması özündə hansı kriminalı daşıyır ki! Onu bizə biriləri, lap elə hörmətli Cəmil bəyin özü təqdim etsə idi, buradakı qəbahət nə idi? Əgər hər şey qaydalar və nizamnamə çərçivəsindədirsə, o zaman niyə suçlu axtarırsınız? Və burada öz işini görən bir qəzeti niyə hədəfə götürürsünüz? Milli Şuranın gələcək İdarə Heyətinin siyahısını öyrənib, dərc etmək hansı cinayət, yaxud da, məlum “radikal” zehniyyətə görə, hansı “xəyanət” əməlinin tərkibini yaradır?! Nə qədər absurda getdiyinizin fərqindəsinizmi??? 
    
Bizə bu siyahını kim ötürüb, deyə şivən salanlar özlərini hansı dərəcədə ifşa etdiklərinin fərqində də deyillər. Bu barədə Milli Şura sədrini də danışdırıblar. Hörmət etdiyimiz professor Cəmil Həsənli də “Azadlıq” qəzetində öz versiyasını səsləndirib. Ki, guya ona “Yeni Müsavat” qəzetindən deyiblər ki, bu siyahını onlara EL Hərəkatının İdarə Heyətinin üzvlərindən biri verib...

Tam təsadüfən əməkdaşımız Etibar Seyidağa ilə Cəmil Həsənlinin söhbətinin şahidi olmasaydım, dərhal əməkdaşımızı bilmədiyi məsələyə dair yanlış məlumat verməkdə suçlayardım. Lakin müxbirlə professorun söhbətində belə bir cümlə, ifadə olmadı! Səsi monitorda açıq olan Cəmil bəy dedi ki, o bu məlumatları (siyahını yox!!!) kimin verdiyini təxmin edir. Müxbir də israrla deyirdi ki, Cəmil bəy, onsuz da sxemi dediniz, siyahını da deyin, biz də bilək, yazaq... Cəmil bəy məlumat deyəndə hələ 5 yanvarda, bu siyahı dərc olunmazdan öncə Milli Şuranın İdarə Heyətinin mətbuatdan və ictimaiyyətdən gizli siyahı layihəsinin olması barədə musavat.com-da gedən qısa məlumatı nəzərdə tuturdu! Siyahını Etibar Seyidağa israrla Cəmil bəydən istəyirdi! Onu dilə tuturdu, xahiş edirdi, dil tökürdü! Belə birisi necə deyə bilərdi ki, siyahını bizə EL Hərəkatının rəhbərlərindən biri verib! Bu dialoqdan sonra da Cəmil Həsənlinin dönüb deməsi ki, «Yeni Müsavat» qəzetindən mənə dedilər ki, siyahını onlara EL Hərəkatının İdarə Heyətinin üzvlərindən biri ötürüb», tamamilə anlaşılmazlıqdır.  Əgər müxbir ondan siyahını xahiş edirsə, onun əlində yoxdursa, necə deyə bilər ki, bunu bizə EL Hərəkatından ötürüblər! 

Məşhur bir türk atalar sözü var: “İki kişinin bildiyi sirr deyil”.  İndi, hörmətli Cəmil bəy və bu siyahıdan kriminal çıxaran digər dostlar. 20-dən artıq kişinin (Anadolu türkcəsinin anlamında) bildiyi bir siyahı barədə mənbə axtarmaq nə dərəcədə düzgündür? 

Bu siyahını və məlumatı “Yeni Müsavat” Milli Şura sədrinin ən yaxın ətrafından, hətta özündən də alsaydı, mənbəni açıqlamazdı. Hərçənd, Cəmil bəy özü də deyir ki,  burada gizli-saxlı bir şey yoxdur. Siyahı Müsavatdan da gəlməyib. Oradan gəlsəydi, mənə Divanın dünənki qərarını -  bu siyahı anomaliyasından daha mühüm olan məlumatı da ötürərdilər. Bu məlumat da ondan ibarətdir ki, Müsavat Partiyası artıq dünəndən -  6 yanvardan Milli Şuranı tərk edibmiş və bu barədə biz ancaq Qafqaz.info və APA-dan məlumat aldıq. 

Beləliklə, artıq bu “siyahı işi” və ümumiyyətlə Milli Şura məsələsi aktuallığını itirməkdədir. Götürün, hər ikisi sizin olsun.

Hörmətli Cəmil bəyə də Müsavatı Milli Şurada saxlaya bilməməsi, elə bu səbəbdən də Milli Şuranın bitməsi münasibəti ilə keçmiş olsun deyirəm...      
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR