İnsanlara hürriyət, millətlərə istiqlal!

Birinciliyə iddialı olan ikinci şəxs – Mikoyanla mübarizədə o, partiyada sonuncu adama çevrilib

1671 20.05.2024 12:29 Yaxın tarix A A

Mərkəzi Komitədə rəsmi olaraq ikinci katib vəzifəsi olmayıb. Amma Siyasi Büroda baş katiblər qeyri-rəsmi olaraq Mərkəzi Komitə katiblərinin birini özündən sonra ikinci şəxs elan ediblər. İkincilik statusu qazananlardan biri də Aleksey Kiriçenko olub. 1957-ci ilin dekabr plenumunda Nikita Xruşovun təşəbbüsü ilə Kiriçenko Mərkəzi Komitənin katibi seçilib. Həmin plenumda Xruşov Kiriçenkonu partiya xətti ilə ikinci şəxs kimi təqdim edib.

KİRİX.jpg (38 KB)

Kiriçenkonun Mərkəzi Komitədə vəzifə tutması elə ilk günlərdən Kreml məmurları üçün əsl başağrısına çevrilib. Hədsiz dərəcədə kobud xarakterə malik olan ikinci katibin siyasi fəaliyyəti yuxarı eşalonda gərginliyə səbəb olub.

Qeyd edək ki, 1908-ci ildə Xersonda anadan olan Kiriçenko ilk əmək fəaliyyətinə çobanlıqdan başlayıb. Daha sonra o, texniki peşə məktəbini bitirirək traktor mexaniki peşəsinə yiyələnib. Bir müddət öz ixtisası üzrə mexanik işlədikdən sonra Rostovda ali texniki təhsil alıb.

1930-cu illərin repressiya dövründə vəzifəli şəxslər sürgünə göndəriləndə və kadr çatışmazlığı yarananda Kiriçenko bu boşluqdan səmərəli istifadə edərək partiya orqanlarında işə keçib. O, əvvəlcə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, daha sonra isə kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Elə həmin dövrdən də onun Ukraynanın birinci katibi vəzifəsində olan Nikita Xruşovla yaxın münasibətləri yaranıb. Məhz bu münasibətlərin sayəsində Kiriçenko Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrinə qədər yüksəlib, 1953-cü ildə isə o, Ukraynanın birinci kürsüsünə əyləşib.

MİKO.jpg (75 KB)

1957-ci ildə “antipartiya qrupu” (Molotov, Malenkov, Kaqanoviç) hakimiyyət dəyişikliyi etmək istəyəndə Kiriçenko Xruşovun müdafiəsinə qalxıb, plenumdakı sərt çıxışında “qocalar” adlandırdığı üçlüyün ünvanına təhqirlər yağdırıb.

Xruşov Kiriçenkonun bu sədaqətini cavabsız qoymayıb. Elə həmin il Kiriçenko Mərkəzi Komitəyə katib seçilərək “ikinci şəxs” statusunu qazanıb. Ancaq o, bu vəzifədə uzun müddət tab gətirə bilməyib.

Vəzifə təyinatından sonra Kiriçenko dövlət məmurları üçün öz yeni qaydalarını tətbiq edib. Kreml məmurlarının xidməti avtomobillərinin sayı 1-ə endirilib, onların “Çayka”ları “Volqa”larla əvəzlənib. Həmçinin Kreml məmurlarının mühafizəçilərinin sayı da Kiriçenkonun göstərişi ilə minimuma qədər ixtisar edilib. Bütün bunlarla yanaşı, məmurlara verilən aylıq “pul paketləri” də yığışdırılıb.

Kiriçenko özünə o dərəcədə arxayın olub ki, hətta bəzi məclislərdə bir-iki qədəh içdikdən sonra ürəyindən keçənləri də söyləyib:

“Birinci kürsüyə keçmək üçün bir addım qalıb...”

Bu cür söhbətlər Xruşova da çatıb və sözsüz ki, bu iddialardan sonra Kiriçenko sovet lideri üçün arzuolunmaz şəxsə çevrilib.

1959-cu ildə Mərkəzi Komitədə keçirilən müşavirədə Kiriçenko növbəti dəfə öz iddialarını büruzə verib. Bu dəfə o, Anastas Mikoyanla baş-başa gəlib. Həmin dövrdə Mikoyan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyib. O, müşavirədə ərzaq təminatı ilə bağlı təkliflərini verdikdən sonra Kiriçenko tribunaya qalxıb, səsinin tonunu qaldıraraq Mikoyanın üstünə qışqırıb:

- Mən ölkənin ikinci şəxsiyəm, verilən tapşırıq və göstərişləri vaxtında yerinə yetirmək lazımdır. Boş-boş təkliflər verməkdənsə işlə məşğul olun.

Mikoyan Kiriçenkonun qışqırığını cavabsız qoymayıb:

- Yoldaş Kiriçenko, siz bir də özünüzü belə aparsanız, danışıq tonunuzu dəyişməsəniz partiyanın ikinci yox, sonuncu şəxsi olacaqsınız.

KİRİX SON.jpg (89 KB)

Bu müşavirədən bir neçə ay sonra, 1959-cu ilin dekabrında Kiriçenko ilə Xruşovun arasında ciddi münaqişə yaranıb. Birincilər ov mərasimində kimin daha sərrast atəş açması ilə bağlı mübahisə ediblər. Mübahisəni ciddiyə alan Kiriçenko Xruşovu ədalətsizlikdə ittiham edib və ona “sən” deyərək yenə də səsinin tonunu qaldırıb:

- Sən həmişə ədalətsiz olmusan, sən həmişə öz birinciliyindən sui-istifadə etmisən.

Bu sözləri dedikdən sonra o, ov mərasimini sağollaşmadan tərk edib.

Ədalətsiz Xruşov isə 1960-cı ildə ədaləti bərpa edib, Kiriçenkonu Kremldəki bütün vəzifələrindən kənarlaşdırıb. Köhnə əlaqələri unutmayan Xruşov Kiriçenkonu Rostova birinci katib göndərib. Ancaq Kiriçenko bu vəzifədə də çox işləyə bilməyib. Altı ay ərzində Mərkəzi Komitəyə daxil olan çoxsaylı şikayətlərdən sonra Kiriçenko bu vəzifəsini də itirib.

Mikoyanın təklifi ilə Kiriçenko partiya işindən birdəfəlik uzaqlaşdırılıb və o, Penzada dizel zavoduna direktor təyin edilib. Beləliklə, SSRİ-nin ikinci şəxsi partiyanın ən sıravi üzvlərindən birinə çevrilib.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR