İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir nömrənin deputatı

1756 24.12.2022 09:55 Yazarlar A A

Yaxud Talıbov indi prokuror, vəkil, hakim işləməlidir

Vasif Talıbov Naxçıvan Ali Sovetinin sədri vəzifəsindən istefa vermişdir, lakin bəzi vəzifələrdə hələ qalmaqdadır. Bunlardan qeyd edə bilərik YAP İdarə Heyətinin üzvlüyü, o cümlədən YAP Naxçıvan təşkilatının sədrliyini. Vasif müəllim həmçinin Naxçıvan Ensiklopediyası idarə heyətinin üzvü, Batumi Universitetinin fəxri doktoru və Milli Məclisin deputatıdır.

Batumi Universiteti şəxsən məni o qədər narahat eləmir, qoy onun dərdini gürcülər çəksin, hərçənd Saakaşvilinin başına açılan oyunlar bunun tərsini göstərir. Onlar qədirbilən xalq olsaydılar, Gürcüstanı faktiki azadlığa qovuşduran, köklü islahatlar aparan, korrupsiyadan uzaq bir liderin əlini öpüb heykəlini qoyardılar, ancaq tutub türməyə salıblar, başına da it oyunu açırlar. Nə etməli, bəzən tarixdə liderlər xalqlara layiq olmadığı kimi, xalqlar da öz liderlərinə layiq olmaya bilir.

Lakin dönək necə deyərlər, “öz qoyunlarımızın yanına”. Burada haşiyə çıxaraq həmin bu aforizmin yaranma tarixini hörmətli oxucularımıza izah etmək istərdim. Məsəl 15-ci əsrə aid fransız məzhəkəsindən götürülüb. Orada bir dələduz vəkil olur, parça tacirini aldadır, aldığı malın pulunu vermir. Bir müddət sonra tacirin qulluqçusu ilə məhkəmə çəkişməsi olur, bu da tacirin qoyunlarını əkişdiribmiş, iclasda tacir baxır ki, qulluqçunun vəkili onu aldadan dələduzun eynilə özüdür. Tacir başlayır vəkildən malın pulunu tələb etməyə. Bu zaman hakim mövzunun başqa istiqamətə getdiyini görüb deyir: “Məncə biz qoyunların yanına qayıtmalıyıq”.

Ölkəmizdə ensiklopediya işi dövlətçilik baxımından ən üst səviyyədə qorunur. Yalan olmasın, tarixi fransız ensiklopediyaçıları belə bizim bu sahəyə diqqətimizə həsəd apara bilər. O baxımdan hesab edirəm tezliklə Vasif müəllimi ensiklopediyadan uzaqlaşdırmalıyıq. Yoxsa birdən ora təxribat elədi? Nəsə saxta məqalələr saldı kitaba?

Milli Məclis də onun kimi. Vasif müəllim bəlkə 40 ildir MM-in deputatıdır, boş yerə orda kreslo tutur, bir adam onun bir kəlmə çıxışını, təklifini, səsvermədə iştirakını yada sala bilməz. Maraqlıdır ki, onun deputat qoyulduğu dairənin nömrəsi 1-dir. 1 saylı Şərur-Sədərək seçki dairəsi. 1 saylı dairəmizi təmsil edən deputatın “0" nəticələri bizə şərəf gətirmir. Vacib olan nömrədir. Bizi başqa dairələrin deputatları heç o dərəcədə narahat etmir.

Bu arada keçmiş təhsil naziri Misir müəllimin düşmənləri də aktivləşiblər. Qazıb çıxarıblar ki, 1998-ci ildə Vasif Talıbov Bakı Dövlət Universitetinin hüquq fakültəsini saxta üsullarla bitirib və bunun günahkarı həmin dövrdə BDU-nun rektoru olmuş Misir Mərdanovdur. Misir müəllim dərhal, xoruzların üçüncü banını gözləmədən Vasif müəllimdən imtina etdi, dedi, xeyr, mən ona diplom verməmişəm, universitet verib, üstəlik 1998-ci ildə artıq təhsil naziri qoyulmuşdum.

Əlbəttə. Təhsil naziri diplomlara məsuliyyət daşımır ki? (Bəlkə hazırkı nazirimiz Emin müəllim bu yaxında universitetləri saxta diplom verməkdə suçlayarkən elə bu hadisələrə uzaqgörənliklə işarə vurmuşdur?). Doğrudan da 1998-də Misir müəllim nazir qoyulmuşdu. Lakin görünür riyaziyyatçı alim olan Misir müəllim ali təhsilin 1 yox, azı 4 illik olduğunu hesablamaqda çətinlik çəkir və bütün hallarda Vasif Talıbovun hüquqşünaslıq təhsili onun rektor olduğu dövrə düşür. Allah rəhmət eləsin, Azad Mirzəcanzadə öləndən sonra bizdə Səyavuş Novruzov hətta hüquq doktoru adı aldı. Belə alimlərimiz çoxdur. Nəsə. Mövzudan yenə uzaq getdik. Qayıdaq özünüz artıq bilirsiniz hara.

İnsafən, Misir müəllimi Talıbova yurfakın diplomunu əta etməkdə suçlamaq bir az düz alınmır. Çünki həmin dövrdə Misir müəllimin ağzı nə idi ona diplom verməsin? Talıbov istəsə həmin vaxt özünün Naxçıvanda sürdüyü atı gətirib yurfakın dekanı qoyardı. Misir müəllimi qurbağaya döndərərdi. Təhsil Nazirliyini Əshabi-Kəhf mağarasında yatızdırardı. Adam Nuh peyğəmbərin qəbrini şəxsən tapmışdır, siz nədən dəm vurursunuz?

Mən özüm, açığı, yazını qorxa-qorxa yazdım. Birdən olmadı elə, oldu belə. Yəni, belə də. 

P.S. Məntiqlə, Talıbov indi prokuror işləyə bilər, hüquqşünas diplomu əlindədir. Misir müəllim isə sonrakı rektor Abel müəllimi yadımıza salmalıdır. Abel Məhərrəmov yurfaka müğənni Röyanı qəbul etmişdi. İnsafla, Röyaya baxanda Talıbov daha çox prokurora oxşayır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR