İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ildə 620 intihar, 820 özünəqəsd cəhdi - səbəblər, çıxış yolları

649 07.03.2024 11:49 Ölkə A A

Ekspert: “Həssas kateqoriyadan olan şəxslər üçün sosial xidmətlər, onların əlçatanlığı məsələsi çox önəmlidir”

Ölkəmizdə 2023-cü ildə respublika üzrə 620 özünü öldürmə halı baş verib. Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

2023-cü ildə həmçinin 820 özünü öldürməyə cəhd hadisəsi qeydə alınıb.

Düzdür, intihar hadisələri, ümumiyyətlə, bütün dünyada artıb. Ancaq Azərbaycanda bu sahədə vəziyyət çox dramatikdir. Bir il ərzində 620 nəfərin özünü öldürməsi, 820 nəfərin buna cəhd etməsi dəhşətli rəqəmdir. 

İdeya yaşayır: Bayraq! (Rövşən Nəcəfov) | İctimai.Az

Rövşən Nəcəfov

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, intihar hadisələrini informasiya olaraq müşahidə etdiyimiz zaman aydın olur ki, intihar fərdi qərardır. O qeyd etdi ki, problemlərin məğzi ümumi olsa belə, intihar edən şəxs özünü bu formada ifadə etmiş olur: “İntihar fərdin ictimai qərarıdır. İntihar edərək başqalarına öz düşüncəsini ifadə etmiş olur. Hansı ki, intihardan əvvəl öz düşüncəsini ifadə etməyə imkan tapmayıb. Tapmış olsa da, birmənalı qarşılanmayıb. İntiharın səbəblərini dəqiqliklə ifadə etmək doğru deyil. Hər kəs üçün problem fərdidir. Bir şəxs üçün problem görünən anlayış başqası üçün problem olmaya bilər. Amma hisslər eynidir. İntiharların qarşısını almaq üçün müxtəlif maarifləndirici addımlar atılsa da, proses genişləndirilməlidir. İntiharların qarşısının alınması üçün psixoloji maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Müxtəlif mühitlərdə psixoloji sorğular keçirilməlidir. Fərqli mühitlərin psixoloji sağlamlığı ilə bağlı fərqli fəaliyyət planları hazırlanmalıdır. Qrup və fərdi formada psixoloji konsultasiyalar reallaşdırılmalıdır. Psixoloji maarifləndirmə işləri aparılan zaman xüsusi vurğulanmalıdır ki, başqalarını qınamaq və başqalarının şəxsi həyatına müdaxilə etmək olmaz, başqaları ilə yaşamağı cəmiyyət öyrənməlidir. İnsanları səhvlərinə görə qınamaq olmaz. Onlar səhvləri ilə qəbul edilməlidir. Səhv düzü aparmamalıdır. Həyat da imtahandır. İmtahanda dörd səhv bir düzü aparırsa, həyatda bir səhv bütün düzləri aparır. Düşüncə dəyişməlidir. İnsanların düşüncəsi dəyişmədikcə, həyatları dəyişməyəcək. İntihar düşüncəsi yaranan insanlar aidiyyəti qurumların qaynar xətlərinə müraciət etməkdən çəkinməməlidirlər. Psixoloji dəstək almaqdan utanmasınlar. Psixoloji dəstək almaq hər kəsin həyatında əsas meyardır. Psixoloji sağlam olan insanlar həm özlərinə, həm də başqalarına faydalı ola bilirlər. Cəmiyyət də intihar və bu kimi hallara cəhd etmiş insanları qınamamalıdır. Psixoloji halı nizamsız olan insanların peşəkar dəstəyə ehtiyacı var. Psixologiya sahəsi peşəkarlıqla tənzimlənməlidir. Ali təhsilli müxtəlif psixi sağlamlıq sahəsində mütəxəssisləşmiş şəxslərlə birlikdə fikir mübadilələri apararaq, yeni təşəbbüs qrupları yaradaraq və yeni ideyaları ərsəyə gətirərək cəmiyyətdə baş verən mənfi hadisələri qabaqlamaq olar. Doğru istiqamətin formalaşması üçün peşəkar addımlar atılmalıdır”.

Gənclər informasiyanı təhlil etmək bacarığına malik olmalıdırlar”

Humay Axundzadə

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosioloq Humay Axundzadə mövzunu belə şərh etdi: “İntiharların müxtəlif formaları bəşəriyyət yaranandan var. Müasir cəmiyyətdə baş verən uzunmüddətli sosial transformasiyalar-sənayeləşmə, urbanizasiya, ilkin sosial əlaqələrin zəifləməsi, ailə bağlarının bəzi hallarda yetərincə möhkəm olmaması intihar fenomeninin ön plana keçməsini şərtləndirir. Proses qlobal xarakter daşıyır. Qlobal səviyyədə beynəlxalq statistikaya nəzər salsaq, son onilliklərdə intiharların artdığını görürük. Bu nəticələr arasında Azərbaycan ön sıralarda deyil. Təbii ki, nəticələr təəssüf yaradır. Daha az olması, yaxud heç olmaması arzuolunandır. İntihar statistikasında Şimali Avropa ölkələri, Avstraliya, Yaponiya öndədir. Yüksək iqtisadi inkişafa malik olmalarına baxmayaraq, bu ölkələrdə intihar halları çox olur. Buna gətirən səbəblər çoxdur. İntihar hallarında klinik və sosial amillər vəhdət təşkil edir. Əvvəllər klişe fikir var idi ki, intihara cəhd edənlərin mütləq ağır psixi pozuntuları olur. Lakin bu hər zaman belə olmur. Sosial səbəblər - tənhalıq, yaxın əlaqələrin zəifləməsi və s. ilə bağlı ruh halı da intihara gətirib çıxara bilər”. 

H.Axundzadə  vurğuladı ki, ölkəmizdə intihar statistikasının işlənməsi çətindir, çünki müxtəlif cinayət hadisələri də intihar kimi təqdim olunur: “Digər tərəfdən, cəmiyyətdə tabu var. Xüsusilə qadınlara münasibətdə önqərəzli təsəvvür olduğuna görə bəzən hadisənin intihar olması aydın olmaya bilər. Buna görə də statistikanın aparılmasında obyektiv çətinliklər var.  Ölkəmiz ön sıralarda olmasa da, Şərq ölkələri arasında ən müasir ölkəyik. Modernləşmənin gətirdiyi yan təsirlərdən biri intihar statistikasının artmasıdır. Mübarizənin iki əsas yolu var: intiharların profilaktikası və intihardan sonra görülən tədbirlər. İlk növbədə ailə institutu möhkəmləndirilməli, tənhalığa, cəmiyyətdən özgələşməyə gətirən amillərin qarşısı alınmalıdır. Eyni zamanda müxtəlif səbəblərdən çətin vəziyyətdə olan, məsələn, boşanmaq ərəfəsində olan, işsiz olan, əlilliyi olan, əmək qabiliyyətini itirmiş şəxslər risk qrupuna daxildir. İntiharların qarşısını almaq üçün həssas kateqoriyadan olan şəxslər üçün sosial xidmətlər, onların əlçatanlığı məsələsi çox önəmlidir. İntihara cəhd etmiş və sağ qalmış şəxslərə isə hərtərəfli psixoloji, bəzən psixiatrik dəstək göstərilməlidir. Bundan əlavə, intihara cəhd etmiş şəxs çevrəsinə dərin psixoemosional təsir  göstərir. Məsələn, çətin vəziyyətə düşən ata intihar edərək həyatına qıyıbsa, illər sonra övladı da çətinliyə düşəndə intihar barədə düşünə bilər. Bu təsirdən irəli gələrək çevrə ilə də iş aparılmalıdır. Daha bir önəmli məsələyə də diqqət çəkmək istəyirəm. Çoxsaylı tədqiqat nəticəsində bəlli olub ki, intihar halları mediada detallı işıqlandırıldıqda, yəni şəxsin yaşı, cinsi, işi və s. qeyd olunduqda, sonrakı 70 gün ərzində intihar statistikası artır. Bu baxımdan medianın da rolu önəmlidir. Bu məsələdə peşəkar yanaşma olmalıdır, qeyri-peşəkarlıq ölümə səbəb ola bilər”.  

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR