İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir cənub şəhərinin bəyaz günəşi

1779 12.03.2022 20:33 Yazarlar A A

 

O, gerçəkdən də böyük intellektual, əsl yaradıcı ziyalı idi. Böyük uğurlar qazanmışdı. Rüstəm İbrahimbəyovun şöhrətinə şöhrət çatmazdı. Bütün keçmiş SSRİ məkanı, eləcə də Avropanın yaradıcı-intellektual dairələri onu tanıyırdı.

Bu tanınmışlıq, görkəmli ziyalı olmaq təkcə şan-şöhrətlə bitmirdi, o, həm də sevilən, sayılan, hörmət-izzətli, sözü ötkəm sənətkar idi.

Milyonlarla insan onun ssenari müəllifi olduğu filmlərə baxmış, sevmişdi. Sovet məkanının Fellinisiydi İbrahimbəyov. Söhbət 63 filmin ərsəyə gəlməsində ssenari müəllifi, rejissor və podüsser kimi fəaliyyət göstərmiş, onlarca povest, pyes yazmış bir ədibdən gedir.

O, orta və ali təhslini rusca almışdı, rusdilliydi, əsərləri ilə rus ədəbiyyatını, rus kinematoqrafiyasını zənginləşdirirdi, amma azərbaycanlıydı, hər yerdə Azərbaycanı təmsil edirdi.

Onun ssenarisi əsasında çəkilmiş və nümayişi bir ara (1987-ci ilə qədər) sovet kino industriyasinda qadağan edilmiş “Bir cənub şəhərində” filmində sırf Azərbaycan, Bakı reallıqları əks olunur. Sənətkar sonradan ekranlaşdırılmış “9-cu Xrebtovıda” adlı povestində ikili hislərin (mərhəmət və qisas, el qınağı və dost sevgisi) əlində əsir qalmış bir (əslində bir neçə) azərbaycanlı gəncin faciəsini ustalıqla göstərmişdi. Bu, o dövrün sovet ideologiyası konyukturasına uyğun olmasa da, həyatın içindən götürülmüş mövzuydu və müstəqillik əldə etdiyimizdən sonra bütün tabular götürülərkən hər il onlarla bənzər hadisənin baş verdiyindən xəbər tutduq. İbrahimbəyov isə bunu hələ 55 il öncədən yazmışdı, çəkmişdi.

223.jpg (7 KB)

Bununla belə, ədibin parlaq əsərlərində beynəlmiləlçilik xətti güclüdür, demək olar ki, heç bir əsərində millətçilik ştrixinə rast gəlmək olmaz. Bu, Rüstəm müəllimin aldığı sovet tərbiyəsindən, beynəlmiləl tərkibli Bakıda, çoxmillətli kollektivlərdə böyüməsi və işləməsindən irəli gəlirdi. Əslində əlinə qələm götürüb əsər yazan əsl yazıçının önəm verdiyi əsas məsələ məhz bəşəri dəyərlər, sülh, xalqlar dostluğu olmalıdır və İbrahimbəyov bu relsdən heç vaxt sapmadı.

Sadəcə, başqa millətlərdən olan ədiblərin millətçilik etdiyi, öz milli dövlətlərinin mənafeyi üçün caynaqla, dişlə mübarizə aparmalarının fonunda bizim yazıçımızın hələ də köhnə dəyərlərə sadiq qalması kənardan həm dişsizlik, həm də sadəlövhlük kimi görünürdü. Erməni yazarlar (Zori Balayan, Silva Kputikyan, Karen Şahnazaryan və başqaları) öz statuslarından yararlanaraq, SSRİ-nin, sonradan Rusiyanın rəhbərləri ilə görüşlər keçirir, erməni xalqının mənafeyi üçün yaxa cırırıdılar, amma İbrahimbəyov da, o biri ittifaq miqyaslı ziyalılarımız da sadəcə, başlarını aşağı salıb bədii və elmi yaradıcılıqla məşğul olurdular. Halbuki 1988-ci ildən ta 2020-ci ilə qədər müdafiəyə ehtiyacı olan, ard-arda məğlubiyyətlərə məruz qalan tərəf biz idik.

Başqa sözlə, İbrahimbəyov və aşağı-yuxarı o səviyyədə olan ziyalılarımız xalqın yaman günlərində ona psiban olmadılar və biz əslində ona görə təklənmiş, küncə sıxılmış durumdaydıq.

665.jpg (83 KB)

Bəs bu detallar İbrahimbəyovun sənətkar və şəxsiyyət kimi obrazına xələl gətirimi? Təəssüf ki, gətirir.

Ötən əsrin 60-70-ci illərində İtaliyaya hücum olsaydı, Federiko Fellini susmazdı. Kolumbiyanın bir hissəsi, tutaq ki, Medelin nahiyəsi qonşu dövlət tərəfindən ilhaq olunsaydı, Markes sakitcə romanlarını yazmaqla məşğul olmazdı. Eyni sözü, amerikalı, fransalı, ingiltərəli humanist ziyalılar haqqında da demək olar.

Əsl yazıçı (ümumiyyətlə, əsl insan) faşist ola bilməz, olmamalıdır, amma öz xalqı faşizmə məruz qalanda yazıçının susması da dəftər-kitaba sığan iş deyil.

Bir də sinninin irəliləmiş çağında Rüstəm İbrahimbəyovun siyasətə atılması faktı var və bunun hansı səbəbdən (öz iradəsiylə, yoxsa hansısa tövsiyə əsasında) baş verməsi müəmmalı qaldı. Təəssüf ki, bu barədə onun səmimi etiraflarını oxuya, təfərrüatları dinləyə bilmədik. Özlüyündə bir şöhrətli yazıçının dövlət başçısı olmaq istəməsi qəbahət deyildi, hətta o dövr üçün yaxşı hərəkət idi. Ancaq o, bu hərəkətlə həm peşəkar siyasətçilərin önünə keçdi, həm də bir müddətdən sonra ona ümid yeri kimi baxanları umsuq etdi. Onlar bir müddət öncəyə qədər “ya İbrahimbəyov, ya İbrahimbəyov” deyə heç bir digər variantı yaxın qoymur, şöhrətli ədibi xilaskar kimi görürdülər. Nəticədə iki “ya”nın heç biri olmadı və seçkiyə başqa namizədlə gedəsi oldular.

Bu, yazıçının bioqrafiyasındakı pozulası sətirlərdən biridir. Gərək elə şey olmayaydı və Rüstəm müəllim öz bəyanatı ilə prezidenti fərmanını dəyişdirən perulu yazıçı Varqas Lyosa səviyyəsində qalmaqda davam edəydi.

_1647028624.jpg (111 KB)

Təəssüf ki, artıq gecdir. İnsanın ömrü də 150-200 il deyil ki, birinci yüzillikdə alınmayanda, ikinci yüzillikdə xalq üçün, millət üçün daha optimal qərarlar qəbul etmək, daha düzgün yol tutmaq üçün vaxt olsun.

İndi bu bir az da gileyli cümlələrin mərhum Rüstəm müəllimdən çox, hələ də aramızda olan şöhrətli ziyalılara dəxli var. Son günlərində onların hamısı bu torpağın bağrına gələcək, bu millət tərəfindən urvatlanacaq, bu xalqın yaddaşında yaşayacaqlar. Bir müddət sonra harada yaşamalarından asılı olmayaraq başqaları onları unudacaqlar, bu vətən isə öz böyük oğullarını heç vaxt unutmayacaq.

Allah Rüstəm İbrahimbəyova da, bu torpağın başqa böyük ziyalı övladlarına da rəhmət eləsin. O, bu cənub şəhərinin qürub edən bəyaz günəşi idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR