İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsini zəruri edən səbəblər - rəy

3052 05.10.2023 11:44 Siyasət A A

Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir. Bu, “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.  Bu məsələ ilə bağlı sosial şəbəkələrdə müxtəlif tipli iddialar var. Kimisi bunu məmur maraqları ilə əlaqələndirir, kimisi mübahisəli ərazilərin həlli kimi təqdim edir.

Bu mənzillərlə bağlı dövlət reysterinin olması vacibdir”

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a şərhində qeyd etdi ki, Sumqayıt şəhərində əhalinin sayı artıb. Ekspert Sumqayıtın sənaye şəhəri olduğuna və yerdəyişmə baxımından əlverişli mövqedə yerləşməsinə diqqət çəkdi: “Sumqayıt həm paytaxt Bakıya, o cümlədən şimal bölgəsinə ən yaxın şəhərdir. İş yerləri, ali təhsil müəssisələri və s. ilə əlaqədar son illər axın çoxalıb. Sumqayıtda inzibati torpaq sahələri tükənmək üzrədir. Artıq Bakı şəhəri, belə demək olarsa, fərdi yaşayış evləri üzərindən Xırdalan, Ceyranbatan və Sumqayıtla birləşib. Bakı və Abşeron ərazilərində torpaq sahələri tükənmək üzrədir. Sumqayıt sənaye şəhəri olduğuna görə həmin ərazilərdə, o cümlədən Binəqədi və Abşeronda digər təyinatlı torpaqlar çoxdur. Bu ərazilərdə tikinti işlərinin aparılması, yaşayış massivlərinin salınması qanunla qadağandır. Azərbaycanın digər ərazilərinə nisbətən daha çox zavod olduğuna görə, həmçinin magistral yolun üstündə yerləşdiyi üçün böyük ehtimalla torpaq çatışmazlığı yaranıb. Zənnimcə, Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsi həm də yeni müəssisələrin inşası, yaşayış massivlərinin salınması ilə əlaqədardır. Sənaye müəssisələri şəhərdə yox, neytral, boş ərazidə tikilir ki, insanların yaşayışına maneə törətməsin, həm də gediş-gəliş məsafəsi uzun olmasın. Axşam və səhər saatlarında Bakı-Sumqayıt yolu, 20 "anvar dairəsi istiqamətində yollarda sıxlıq olur. Yeni iş yerlərinin açılması ilə Sumqayıt sakinlərinin Bakıya iş üçün gəlmələrinin, eyni zamanda tıxacların qarşısını ala bilər”.

Ekspert yeni qərarın əmlak bazarına təsirini belə şərh etdi: “Əmlak bazarında tələbat artacaq. Sumqayıt şəhərində əmlakın qiymətində artım müşahidə olunur, çünki tələbat çoxdur. Yeni yaşayış kompleksləri tikilir.  Təxminən 5-6 il öncə  yaşayış sahəsinin 1 kvadratmetri 600-700 manat idisə, indi qiymət 1000-1300 manat arasında dəyişir”.

Millət vəkili Vahid Əhmədov müsahibəsinə görə "cəzalandırıldı" - BBC News  Azərbaycanca

Vahid Əhmədov: “Bu, iqtisadi inkişafa təkan verən dəyişiklikdir, Sumqayıt iqtisadi zona kimi fəaliyyət göstərə bilər”

Millət vəkili Vahid Əhmədov “Yeni Müsavat” a bildirdi ki, əhalinin sayının artması, həmçinin  istifadəsiz qalan torpaqlarla bağlı inzibati ərazi bölgülərində dəyişikliklər ola bilər: “Abşeron, Binəqədi kifayət qədər böyük ərazilərdir. Hesab edirəm ki, bu, iqtisadi inkişafa təkan verən dəyişiklikdir. Sumqayıt iqtisadi zona kimi fəaliyyət göstərə bilər. Şimal zonasına təxminən 120 kilometrlik məsafə var. Sumqayıt hər zaman sənaye şəhəri olub. Bu gün şəhərdə böyük sənaye parkları yaradılıb. Orada təxminən 10 min nəfər işlə təmin olunub.  Nəzərə almaq lazımdır ki, Quba, Qusar, Xaçmaz rayonlarının əhalisi də iş üçün Sumqayıta axın edir. Bir sözlə, dəyişikliklər həm də işsizliyin aradan qaldırılması üçün əhəmiyyətlidir. Əhalini ən çox narahat edən məsələ işsizlikdir. Əgər torpaq istifadə olunmursa, investisiya layihələri həyata keçirilə bilər. Ümumiyyətlə, regionların iqtisadi inkişafına diqqəti artırmaq lazımdır”.

Millət vəkili qeyd etdi ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi ilə bağlı kifayət qədər təklif verilib: “Bələdiyyələrin fəaliyyətini lazımi səviyyəyə qaldıra bilməmişik. Hər il dövlət büdcəsindən az da olsa, vəsait ayrılır ki, maaşlar verilsin. Bu qurumlar faktiki olaraq torpaq məsələləri ilə bağlı proseslərdə iştirak edirlər. Halbuki bələdiyyə əhalinin problemlərini həll etməlidir. Maddi vəsait yetərli olmadığı üçün bu mümkün olmur. Mən Türkiyə təcrübəsinin tətbiqinin tərəfdarıyam. Seçkili orqan olduğu üçün bələdiyyələr nüfuzlu təşkilatlardır.  Hesab edirəm ki, dövlət struktur idarəetmə sistemində müəyyən dəyişikliklər olmalıdır. Dövlət başçısı Qarabağ iqtisadi zonasında ayrı-ayrı ərazilər üzrə nümayəndələr təyin edir, kifayət qədər uğurlu qərardır. İcra hakimiyyəti orqanları ilə əlaqədar da islahatların zamanı gəlib. 14 iqtisadi rayon və Naxçıvan Muxtar Respublikası var. Bələdiyyələrə də səlahiyyət vermək olar ki, insanların sosial problemlərini həll etmək mümkün olsun”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, məqsəd Sumqayıt şəhər bələdiyyəsinin təsis edilməsi ilə bağlı ola bilər. Ekspert vurğuladı ki, yerli bələdiyyə institutlarının gücləndirilməsi, mer institutunun yaradılması illərdir müzakirə olunan və nəticəsi gözlənilən məsələdir: “Ola bilər ki, gələcəkdə həyata keçiriləcək islahatlar üçün imkanlar axtarılır. Əgər məqsəd budursa, qərar  doğrudur. O ki qaldı məmurların maraqlarına, onların maraqları hər yerdə var”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR