İnsanlara hürriyət, millətlərə istiqlal!

Bilik və bacarığın “avrokorrupsioner” səviyyəsi - yanlış təqdimatlar və ...

2051 03.11.2022 17:51 Ölkə A A

Dövlətə ancaq pul kisəsi kimi baxanların "sədaqəti" - Prezidentə belə adamların təqdimatını verənləri də cəzalandırmaq lazımdır!

 

Avropaya inteqrasiya siyasəti üzrə mütəxəssislər, şərhçilər, deputatlar televiziya çıxışlarında tez-tez bir tövsiyə verirlər: “Avropadan ancaq yaxşı nümunələri götürməliyik, pis nümunələri ölkəmizə daşımamalıyıq”. Doğru yanaşmadır...
Gənclərimizin bir xeyli hissəsi Avropada mükəmməl təhsil almaq, Qərb dəyərləri üzrə yetişmək üçün illərdir o coğrafiyaya üz tuturlar.
Avropada, Amerikada öz bilik və bacarığı, savadı ilə təhsil alan və çox gözəl bir kadr kimi yetişən, sağlam düşüncəli vətəndaş olan o qədər insanlar tanıyıram ki. Çifayda, onların əksəri hələ də normal bir iş tapıb işləyə bilmir.

Niyə? Çünki xeyli öncədən Avropada təhsil alanların önə çəkiləcəyini eşidən köklü, oturuşmuş orta yaşlı kiçik və orta məmurlar özləri, yaşlı böyük məmurların isə övladları bu prosesi də monopoliyaya aldılar. Düşündülər ki, şəxsi gələcəkləri naminə Avropada bilik və bacarıqlarını artırmaq mütləqdir.
Düzü, bunun özü də pozitiv bir proses idi, fikirləşirdik ki, xaricdə püxtələşərlər, yaxşı nümunələri öyrənərlər, heç olmasa sivil məmur kimi davam edərlər.
Bəli, bir çoxları imicini dəyişdi, leksikonunu dəyişdi, geyim firmalarını dəyişdi, amma xarakter, məzmun, mahiyyətləri çox da dəyişmədi.
Nəticədə leksikonumuza “avrotəmir”, “avrosalon” ... sözləri ilə yanaşı, artıq “avrokorrupsioner”, “avrorüşvətxor” sözləri də daxil olmaqdadır...
Görünən budur ki, məmur-oliqarxiyasını təmsil edən gənclər heç də Avropada yaxşı nümunələr öyrənməyiblər. Sadəcə, bioqrafiyalarına “xarici təhsili var” kəlməsini artırıblar. Elə yeganə məqsəd də bu olub.

Araşdıranda bəlli olur ki, bu “xarici təhsil” dedikləri əsasən hansısa Avropa, ABŞ universitetinin qiyabi, virtual 1-2 illik kursları, yaxud da 2-3 həftəlik, aylıq proqramlardan ibarətdir...

Bu yerdə o da yada düşür ki, keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov Yorkşir Universitetinin tələbəsi olarkən tədrisi mənimsəyə bilməmiş, dərsə getməmiş, iqtisad fənnindən imtahana özünün əvəzinə bir fransızı salmaq istəmişdi, ələ keçmişdi, cinayət işi açılmışdı, böyük bir biabırçılıq olmuşdu...

arifin-oglu.jpg (53 KB)
Məmur-oliqarxların yaxınları, övladlarının əksəriyyəti də elə bu cür təhsil alıb Avropada, rüşvəti ora da daşıyıblar...
Nə isə... Onlar tərcümeyi-hallarına “xaricdə təhsil” yazdıraraq, müxtəlif böyük postlara doğru yönəliblər.
Gözütox, əlidüz, haram yeməyən, savadlı, dövlətini, xalqını sevən milli ruhlu, yetkin, potensiallı, zatən sadiq, sədaqətli, etimadı doğrultmaq üçün canını fəda edəcək, xəyanət etməyəcək şəxslərə isə deyirlər ki, siz xaricdə oxumamısınız, Avropa, ABŞ-da hansısa qiyabi, virtual, real iki aylıq kurs keçməmisiniz, ingiliscə, rusca yaxşı bilmirsiniz, ona görə yuxarı çəkilmək üçün təqdimatınızı verə bilmirik. Eləcə uzaqdan, onların düşünən beyinlərindən, bacarıqlarından kimlərinsə adlarına yazmaq, istifadə etmək üçün çalışırlar.

Özü də indi əllərinə girəvə düşüb. Necə?

Bəllidir ki, Prezident İlham Əliyev 10 ilə yaxındır ölkədə ən müxtəlif istiqamətlər, metodlar üzrə islahatlar həyata keçirir. Bu islahatların əsas qollarından biri də korrupsioner, rüşvətxor, qaba məmurları cəzalandırmaqdır. Dövləti köhnə məmur-oliqarxiyanın məngənəsindən qurtarmaq üçün xeyli sayda icra başçısı, nazir, nazir müavinləri, şöbə müdirləri, digər vəzifəli şəxslər qandallanıb. Habelə, səriştəsiz məmurlar işdən çıxarılıb.
Dövlətin məqsədi də odur ki, bu postlara gerçək Avropa nümunəsi, təcrübəsi, təhsili görmüş, bacarıqlı, müasir düşüncəli gənclər gəlsin, bürokrat olmasınlar, büdcəni talamasınlar, xalqa divan tutmasınlar.
Ancaq özünü dövlət içində "dövlət" sayanlar ölkənin inkişafına yönəlik prosesə əngəl olmaqda davam edirlər. Yenə də öz gücü, savadı, biliyi ilə ölkəmizdə və Avropada gerçəkdən kadr kimi yetişmiş gəncləri yox, məmur-oliqarxların “avrotəhsilli” yaxınlarının, övladlarının, davamçılarının təqdimatlarını verirlər.

Nəticə nədən ibarətdir? Əksər Avropa, Amerika "təhsillilər" korrupsiyaya "avropeyski", amansızca, ildırım sürəti ilə qurşandılar! Elə “innovatov” tender maxinasiyaları, maliyyə kələkləri həyata keçirirlər ki, mat qalırsan. Çünki onların mayası korrupsiya pulları ilə yoğrulub. Haram pulla böyüyüb, halal adam olmaq mümkün deyil. Nümunə - Mədəniyyət Nazirliyindəki biabırçılıq.

Bu "xaricitəhsilli" adamların əksəri xalqdan uzaq, dövlətə ancaq pul kisəsi kimi baxmağa genetik olaraq vərdiş etmişlərdir. Onların dövlət, xalq sevgisi, Prezidentə sədaqət anlayışları artıq görünməkdədir...
Elnur Əliyev 2021-ci ilin sentyabrında etimad göstərilərək, mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Həmin Elnur Əliyev 2022-ci il noyabrın 3-də mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
E. Əliyev ingilis, rus, fransız dillərində danışır.

df07eab03be07a23b6bcb79cc97d2fc5.jpg (406 KB)
O, xarici təhsili, savadı, biliyi ilə etimadı doğrultmayaraq, cəmi 1 il 2 ay ərzində Mədəniyyət Nazirliyində yüksək bacarığın "avrokorrupsioner" səviyyəsinə yüksəlib və ... istintaqa cəlb edilib!

Yazıçı Elçin Hüseynbəyli E.Əliyevlə bağlı sosial şəbəkədə maraqlı bir fakt yazlb. Sitat: "Milli kimlik boş məsələdir" deyən adamdan, şair, yazıçılara layihə kimi baxan məmurdan bundan artığını gözləməyə dəyməz... Vaxtı ilə bu sözlərə iradımı bildirmişəm, məni düşmən elan eləyib... Bu da axırı... Elə də demişdi. Etirazımı da hamı görmüşdü. Milli kitabxanada."

Digər bir fakt: Elnur Əliyev nazir müavini təyin olunandan az sonra öz yaxın qohumu İkin Nəsibovu (DTX iki gün öncə onu da qandallayıb) Əmlak və Təchizat şöbəsinin müdiri postuna təyin etdirib!..

Bu tip adamların təqdimatını verənləri də cəzalandırmaq lazımdır! Çünki ölkə rəhbərliyinə bu cür sədaqətsiz kadrların təqdimatını vermək dövlətə kələk gəlmək cəhdidir!
Nə qədər davam edəcək belə? DTX cəmi iki il öncə təmizləmişdi bu nazirliyi. Qeyri-dürüst təqdimatlar üzündən 2 ilə yenə korrupsiya tüğyan etdi…
Bu, dövlətə, Prezidentə birbaşa xəyanətdir! Özü də indiki həssas dönəmdə!

Bir daha sübut olunur ki, xarici dil bilmək, xaricdə kursa yazılmaq, leksikonuna əndrəbadi sözlər əlavə etmək hələ dövlətə, xalqa xidmət göstərmək düşüncəsi formalaşdırmır, adamı sədaqətli etmir. Bu gərək zatən ola...

Ancaq öz zəhməti ilə ayaqda qalan, yetkin, dövlət, xalq sevgisi olan, cəmiyyəti doğma bilən adam ölkəsinə faydalar verə, çirkli işlərdən uzaq dura bilər. Hətta belə kadrın xarici dil bilgisi olmasa belə, onu dışlamaq olmaz. Çünki istənilən dili görəvi tələb edəndə vicdanlı adam da 5 aya öyrənə bilər.
Ən pisi bilirsiniz nədir? Bu yenilər elə bir vəziyyət yaradıblar ki, cəmiyyətdə bir çoxları “köhnələr daha şükürlü idi ki” deyirlər. Hansı ki, o köhnələr xalqa divan tuturdu...

                          ***

Tanınmış şair Ramiz Rövşən illər öncə bir tədbirdə dedi: Adam 5 dil bilə bilər, beşində də nadan olar! Adam da var, 1 dil bilər, kələk bilməz!

Elşad MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR