İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi məmurlar

1469 14.07.2022 10:00 Yazarlar A A

 

Yaxud, Mauqli öldü, meşə yaşasın

Öncə ərəbləri və fransızları 14 iyul günü, milli bayramları münasibətiylə təbrik edirəm. Fransızlar 1789-cu ilin bu günündə Bastiliya qalasını alıblar, ilk respublikalarını qurublar, İraq ərəbləri də 1958-də kralı qovub respublika qurmuşlar. Hər iki halda kral öldürülüb. Ancaq indi iraqlılar fransız kimi yaşamırlar. Bu da ona görədir ki, ərəblərin öz milli-mənəvi dəyərləri, mentalitetləri vardır.

Bizim də öz dəyərlərimiz var. Məsələn, 1990-cı illərdə Qarabağ davası qızışanda döyüşə gedən oğlanlar bir-birinə Kərbəlayı, Qəmlo, Brusli kimi adlar qoyardılar, bu da filmlərin təsiri ilə olmuşdu və mədəniyyət hadisəsi sayılmalıdır. Lakin sonuncu dəfə, iki il qabaq dava təzədən qızışanda ya çox sürətli oldu, ad qoymağa çatdırmadıq, ya da dövlətin özü çoxlu medallar, adlar verdi və özfəaliyyətə ehtiyac duyulmadı – hər nədirsə, döyüşçülər arasında ayama və ləqəblər dəbə minmədi.

Bu baxımdan Mauqlinin həlak olması ikiqat kədərli əhvalatdır. Azsaylı ədəbi-bədii qəhrəmanımızı itirmişik. Ancaq bir üzümüz ağlayırsa, o biri üzümüz gülməlidir, bu haqda müvafiq sərəncamlar vardır və gələcəyə baxmalıyıq. Mauqliyə Allah rəhmət eləsin, təki Şirxan, Tabaki və banderloqların canı sağ olsun. Mauqlilər gəldi-gedərdi, meşə yaşasın.

İcra başçısının yüksək cəsarətlə yas mərasimində iştirak etməsini də yüksək qiymətləndiririk. Getməsə, deyəcəkdik qorxdu. Hərçənd, “Xaç atası” filmində bu tip situasiyalar üçün maraqlı işarə vardır. Orda don Korleone oğluna məsləhət verərkən deyir: “Kim Barzinilərdən sənin yanına birinci gəlsə, bil ki, satqın odur”. Gözəl filmdir, təkrar-təkrar baxmaqda faydası var. Həyatda bəzi müşkülləri anlamaq üçün vacibdir.

Veteranın özünü icra hakimiyyətinin yox, mədəniyyət şöbəsinin qabağında yandırması da yeni informasiyadır, icra başçısı tərəfindən xalqa çatdırıldı. Burdan məntiqlə o çıxır ki, veteranın ölümü hardasa mədəniyyət olayıdır və cavabdehlər sırasında başda mədəniyyət naziri Polad Bülbüloğlu gəlir. (Polad müəllimin artıq mədəniyyət nazirimiz olmadığını indicə mənə xəbər verdilər. Kədərli xəbərdir. Deməli dünyada heç nə əbədi deyildir).

Haqq üçünə, başqa idarənin qabağında xalqın yanmasına niyə icra başçısı cavab verməlidir? Maraqlansan, burada hətta ekologiya və təbii sərvətlər nazirinin də günahı icra başçısının suçundan artıq çıxır, çünki meşədə yaşayanlara o cavabdehdir.

Əhvalatın tüstüsü çəkilməmiş Tarif Şurasının bəzi benzin növlərinin qiymətini qaldırması diqqət çəkdi. Orada xüsusilə ən təmiz, Avropa standartlı benzinlər var, görünür veteranlarımız arasında dəbdə olanlar premium markalı yanacaqlardır.

Lakin hökumətin hər dəfə bu benzinləri qaldırarkən verdiyi “Onsuz bunu istifadə edən yox kimidir, çox azdır, cüzi faizlədir, ona görə bahalaşma hiss edilməyəcəkdir” açıqlaması tragikomediyadır. Qroteskdir. Sarkazmdır. İroniyadır. Şarj və karikaturadır. (Burdan o yana yadıma düşmədi nədir). Bu yüksək markalı benzinləri doğrudan da istifadə edən yoxdursa, qiymətini niyə qaldırırsınız? Elə bil qar adamını Sabirabada icra başçısı qoyursan. O da yoxdur, bu da yoxdur. Yoxa lənət, atalarımız demişkən. Yoxsulluqla mübarizə üzrə dövlət proqramının icrası üzrə də müsbət işlər görülür.

Lakin bəzi məmurlar buna maneçilik törədirlər. Bəzi məmurlar – təzə adminstrativ kateqoriyadır. Konkret məmurlar var, dəqiq məmurlar, ünvanlı məmurlar, ünvansızlar, gizli məmurlar, aşkar məmurlar, ofşor məmurlar, yad məmur, qahım məmur, manıs məmur, artist məmur, velsəpet məmur, ştanqist məmur və sairə. Bəzi məmurlar bunların hamısından fərqlənir. Mən özüm hazırda bu istiqamətdə elmi araşdırma aparıram, bəzi kəşflərim var, bəzi günlər olanda sizə də çatdıraram.

Bəzilərinizə, hamınıza yox.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR