İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Məhkəmənin Laçın yolu “tələbi” - Azərbaycana təhlükə sovuşdumu?

1769 18.03.2023 09:26 Gündəm A A

Paşinyan BMT-də Bakıya qarşı müvafiq proseduru başlatmaq tapşırığı verdi, erməni ekspertlər isə ümidli deyillər - səbəb

Fevralın 22-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa Məhkəməsi) Laçın yolu ilə bağlı mövqeyini elan etdi. Erməni tərəfi isə bunu Azərbaycanın “Laçın yolunu dərhal açmalı olduğu” bir mövqe kimi qələməyə verməyə çalışdı, çünki bu məhkəmənin qərarları müzakirə olunmur, dərhal yerinə yetirilir. Halbuki etiraz aksiyası 4-cü aydır davam eləsə də, heç bir blokada rejimindən söhbət gedə bilməz.

“Yeni Müsavat” yazır ki, qərarın üstündən 3 həftədən çox vaxt keçir. Bu müddətdə erməni tərəfi beynəlxalq səviyyədə dəridən-qabıqdan çıxsa da, aksiyanın ləğvinə nail olmayıb. Əksinə, məlum oldu ki, separatçılar Ermənistana gizli, alternativ (torpaq) yolu ilə ərazilərimizə silah-sursat, mina daşıyırlar - özü də “sülhməramlılar”ın köməyi ilə. Nəhayət, 5 mart insidenti buna şəkk-şübhə saxlamadı.

“Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının icra prosesində müəyyən maneələri ola bilər, çünki bundan ötrü bilavasitə icra alətləri yoxdur. Lakin Qarabağın Azərbaycan tərəfindən blokadaya alınmasının beynəlxalq hüququ pozan qeyri-qanuni akt olduğunu bildirən hüquqi qüvvəyə malik aktın olması vacibdir”.

Bunu erməni hüquqşünas Siranuş Saakyan bildirib. Saakyan bu xüsusda nikbin deyil.

Siranuş Saakyandan ŞOK AÇIQLAMA : Erməni hərbi əsirlər Ermənistana gəlmək  istəmirlər - Alp.Az

Onun sözlərinə görə, yeganə problem məhkəmənin əlində mərkəzləşdirilmiş icra mexanizminin olmamasıdır və məhkəmə yalnız başqa siyasi instansiyalarda məsələ qaldırmaqla öz siyasi gücündən istifadə edib qərarın yerinə yetirilməsinə nail ola bilər: “Hüquqi aktın qəbulundan sonra diplomatik və siyasi iş aparılmalıdır. Bu baxımdan erməni diplomatların məhkəmənin verdiyi imkandan nə dərəcədə səmərəli istifadə edib siyasətdə dəyişiklik edəcəkləri çəkilən zəhmətdən, həqiqi niyyətdən və bacarıqdan asılıdır. Əgər məhkəmə qərarın yerinə yetirilmədiyini görsə, bu barədə BMT-nin icra hakimiyyətini həyata keçirən digər orqanlarına məlumat verir. Həmin orqanlar qəbul etdikləri qərarlar vasitəsilə cavabdeh tərəfi qərara əməl etməyə məcbur etməlidir. Həm Baş Assambleya, həm də Təhlükəsizlik Şurası vəziyyətin qiymətləndirilməsindən və tələblərə əməl edilməməsinin səbəblərindən asılı olaraq öz qərarları ilə bunu təmin etməlidir”.

Üstündən bir aya yaxın vaxt ötsə də BMT-nin başqa qurumlarının gündəliyinə hələ ki, belə bir məsələ gəlib çıxmayıb. Erməni mənbələrinin məlumatına görə, Nikol Paşinyan bu məqsədlə XİN-ə BMT-də müvafiq proseduru başlatmaq tapşırığı verib.

“Ermənistan Dağlıq Qarabağda soyqırımının qarşısını almaq üçün beynəlxalq mexanizm işə salır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Azərbaycan Laçın dəhlizindən keçən yeganə asfalt yolunu bağlı saxlamaqda davam edir. Nəticədə Dağlıq Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır”, - deyə rəsmi məlumatda qeyd olunur.

Paşinyan “blokada” ilə bağlı həm də Rusiyanı ittiham edib. Onun iddiasına görə, “əgər sülhməramlılar öz işinin öhdəsindən gələ bilmirsə, Rusiya BMT-yə müraciət etməlidir”. Lakin Azərbaycanın razılığı olmadan heç bir kənar qüvvə suveren ərazimizdə yerləşə bilməz. Rusiya kontingenti də məhz Prezident İlham Əliyevin imzası duran 10 noyabr sənədi əsasında Qarabağda yerləşib - müvəqqəti!

İrəvanın yeni təşəbbüsü nə vəd edir? Ümumiyyətlə, Haaqa Məhkəməsinin qərarından dolayı Azərbaycana qarşı təhlükə sovuşmuş sayıla bilərmi?

Politoloq Asif Nərimanlı: "Rusiya əvvəlki mövqeyini bərpa edə bilməyəcək"

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağla bağlı bir neçə tapşırıq verib: “Qarabağda ”soyqırımı"nın qarşısını almaq üçün BMT mexanizmlərinin işə salınması məsələsi qaldırılsın. Laçın dəhlizinə BMT-nin faktaraşdırıcı missiyasının gətirilməsi üzərində iş davam etdirilsin. Eləcə də ermənilərin Hadruta, Şuşaya, Xocavəndə, Ağdərəyə, Laçına və Çaykəndə qaytarılması məsələsini BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə müzakirə etsin. Birinci istəkləri hüquqi və siyasi baxımdan baxımdan mümkün deyil. Qarabağ Azərbaycan ərazisidir və rəsmi Bakının razılığı olmadan heç bir faktaraşdırıcı missiyas bölgəyə gətirilə bilməz. BMT-nin mexanizmlərinin işə salınması Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunmalıdır. TŞ-də Azərbaycanı dəstəkləyən ölkələr var, o cümlədən, Rusiya mövcud olduğu bölgəyə kənar müdaxiləyə razı olmadığı üçün buna veto qoya bilər. İkinci istəkləri azərbaycanlıların da Xankəndinə qayıtması deməkdir".

Təhlilçi bildirir ki, Nikol ermənilərin azad olunmuş ərazilərə qaytarılmasını 10 noyabr razılaşmasına istinadən irəli sürür: “Bəyanatın 7-ci bəndində qeyd olunur ki, ”daxili məcburi köçkünlər və qaçqınlar Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır". Bu bənd azərbaycanlıların Xankəndiyə qayıtmasını da özündə ehtiva edir. Rəsmi İrəvan anlayır ki, hər iki istəklərini reallaşdırmaq çətindir, buna baxmayaraq, Paşinyan israr edir. Bu israrın hədəfi Bakıya qarşı beynəlxalq təzyiqə nail olmaq, sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, onlar üçün daha əlverişli şərtlərin yetişməsinə qədər gözləməkdir. 30 ilə yaxın davam edən işğal dövründə bu taktikadan istifadə edirdilər və vəziyyət yalnız gücdən istifadə etdikdə dəyişdi. İndi də eyni taktikanı işə salıblar".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR