İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş qəpiklik biliklə “Milyonçu”ya qatılmaq...

3950 13.03.2024 08:01 Yazarlar A A

 

Əvvəllər “Milyonçu” şousuna sevə-sevə baxırdım. Hərdən indi də rastıma çıxanda baxıram, amma ta sevə-sevə yox. Hətta vaxtaşırı əsəbiləşirəm və kanalı dəyişirəm. Bunun dəruni səbəbləri var.

Bu intellektual yarışmadan məni diksindirən ilk amil şounun yayınlandığı “Lider” telekanalının aparıcılarının davranışı oldu. Adlarını çəkmirəm, özləri də bilir, verilişin daimi izləyicilər də.

Əslində aparıcılarda, şit-şit zarafatlarını nəzərə almasaq, elə bir günah yox idi, güman ki, şounun sponsorları və prodüsserləri onlara öncədən tapşırırdı ki, yola verin, bacardıqca vaxtı uzadın, şouya qatılan, pul udan az olsun.

Ona görə də onlar ortabab bir sualın 4 variantından birini seçməkdə tərəddüd edən, daha dəqiqi, sualın cavabını bilməyən iştirakçını cavab verməyə tələsdirmirdilər. Elə olurdu ki, iştirakçı 10-15 dəqiqə ərzində monitora, aparıcının üzünə, zaldakı tamaşaçılara baxa-baxa qalır, sonrakı iştirakçının vaxtını yeyirdi. Hətta coğrafiiyaya aid adi suala, məsələn, “Pakistan hansı qitədə yerləşir” (variantlar da verilib) kimi “dəhşət çətin” sualın qarşısında 15 dəqiqə fikirləşən, aparıcıya “kömək et dəə” deyə yalvaranlar olurdu. Nəhayət, adam hamını bezdirdiyini anlayaraq cavab variantının birini seçəndə aparıcı deyirdi: “Əminsənmi?” Adam yenə 5 dəqiqəlik taym-aut götürürdü. Axırda yenidən bir qərara gələndə aparıcı bu dəfə sualı başqa cür qoyurdu: “Son qərarındırmı?”

Beləcə, “Milyonçu”nun efir müddəti 2-3 nəfər bisavad iştirakçının vərə-vurdu ilə bitirdi. Bəzən həyatını danışanlar, 50 dəfə “həyəcanlıyam” deyənlər olurdu. Tez-tez qazandığı pulu götürüb yarışdan çəkilmək istəyənləri dilə tutub yanlış cavab verdirir, yazıqları pulsuz yola salırdılar.

Orta məktəbin 8-ci sinifi həcmində biliyi olmayanların intellektual yarışmada milyon qazanmağa gəlməsi isə adamı çox əsəbiləşdirirdi.

Adam hərdən mat qalırdı ki, bu adamların orda nə işi var, bu şounu niyə hörmətdən, urvatdan salırlar? Biri savadıszdırsa, onun intellektual yarışmaya qatılması 50 kiloluq un çuvalını qaldıra bilməyən birinin gedib ağır atletika yarışmasına qatılması və 200 kq-yə girişməsi ilə bir şey deyilmi?

Xüləs, Kənan İşığın vaxtında Türkiyədən yayınlanan “Milyonçu” şousu fərqliydi. O yarışmaya gerçəkdən də intellektual insanlar qatılırdı, bir xeyli qabağa da gedirdilər. Bir dəfə Kənan İşıq adi suala cavab verə bilməyən bir qadına elə əsəbiləşdi ki, dedim, bu saat qadını studiyadan qovacaq. Ondan sonra Kənan İmirzalıoğlu da bu yarışmanı yaxşı aparır, ancaq o da tez-tez pis vəziyyətlərə düşür.

Xüsusilə də bu yarışmaya qatılan qadınlarla çətindir. Son qərarı verə bilmirlər, bir də çox danışırlar. Bir dəfə biri ikinci sualda təxminən “2x2 bərabərdir...” tipli adi suala cavab verərkən o qədər fikirləşdi ki, qərar verə bilmədi, vaxtı bitdi, durdu, getdi.

Son vaxtlar qardaş türklərdə də bizdəki kimi, yarışmaya bisavad adamlar qatılır, “İlan vuran nədən qorxar...”, “İlin neçə ayı var” kimi ilk 3-4 sualın cavabını cokerlərin köməyi ilə tapırlar, sonra “Tac-Mahal hansı ölkədədir” sualı ilə ələnib gedirlər. Auditoriyanın 80 faizinin verdyi cavabı seçməyib, öz bildiyi cavabı verən və ələnənlər də olur.

Bu bazar günü Azərbaycan bayrağının rənglərinin ardıcıllığını tapa bilməyən bir iştirakçı olub, ona heç tamaşaçılar da kömək edə bilməyib. Bu da bizi bir qədər hiddətləndirib.

Verilişin prodüserləri bu sualı qoymaqla, əl-əlbət, bizə şirinlik etmək istəyiblər, nə bilsinlər, sual iştirakçının, necə deyərlər, bildiyi yerdən olmayacaq. Bunu özümüzdə də bilməyənlər az deyil.

Bu bayraq haqq-hesabı gerçəkdən qəliz söhbətdir. Bu xüsusda bir xatirəm var. 10 il öncə oğlumla tətilə getmişdik. Bir axşam qaldığımız otelin həyətində yarışma təşkil olundu. Biz də qatıldıq. Ölkələrə və onların bayraqlarına aid yarışmaydı. Arada ekranda bizim bayraq da göründü. Azərbaycanlılar əllərindəki şarı partladaraq (qayda beləydi), suala cavabı elan etmək istərkən, Anadolu türkləri bizdən qabağa düşdülər və ürəkdən “şu, Azerbeycan bayrağıdır” dedilər.

Sonra ekranda başqa ölkələrin bayraqları görüntüləndi. Bir neçə cəhddən sonra olsa da, tapırdıq. Amma axırda bir bayraq göstərdilər, onu tapan baş mükafatı alacaqdı. Heç kəs bilmirdi. Birdən oğlum dedi ki, mən bilirəm. Dəvət etdilər, səhnəyə çıxdı. Dünənə qədər “Belçika”ya “Beliçka” deyən 10 yaşlı uşaq ölkənin adını dedi: “Belcium”. Heç demə, “Eurovision” yarışmasında görüb, yadında saxlayıbmış.

Mükafatı bizim komanda qazandı, kapitanımız - bolqar güləşçi prezenti (şərab şüşəsini) qamarlayanda tamaşaçılar dedilər ki, mükafat o balacaya düşür. Kapitan pərt oldu. Bizə də qürur duymaq qaldı.

Deyilənə görə, hansısa kanalda milli “Milyonçu”muz yenidən verilir. Gərək, baxım, görüm, “Kür çayı hansı dənizə tökülür” sualına cavab verərəkən “yarı-yarıya”, “dosta zəng” kimi cokerlərdən istifadə edənlər olurmu.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR