İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazarda satılan çiyələk orqanizmə zərərlidir?- Rəsmi qurumdan REAKSİYA  

1255 20.04.2022 12:23 Sosial A A

 

Son günlər bazarda satılan çiyələk sosial şəbəkələrin gündəm mövzusuna çevrilib. İnsanlar iddia edirlər ki, indiki vaxtda bazarda satılan çiyələklər sağlamlığa ciddi zərər vurur.

Əvvəlcə qeyd edək ki, hazırda satılan çiyələyin 1 kiloqramı 4-6 manatdır.

Bəzi şəxslər hesab edirlər ki, çiyələyin bu ayda təbii halda yetişməsi mümkün deyil. Onlar eyni zamanda çiyələyə müxtəlif dərman vasitələrinin vurulduğunu da iddia edirlər.

Ekspertlər hazırda satılan çiyələyin normal ölçüsündən dəfələrlə böyük olduğunu bildirir və bunun normal olmadığı qənaətindədirlər.

Ekspertlər deyirlər ki, qatqısı olan meyvələri tanımaq üçün onun formasına diqqət etmək lazımdır. Əgər tam qurdsuz, hamısı eyni ölçüdədirsə, o zaman həmin meyvə və ya giləmeyvənin yetişdirilməsində müxtəlif üsullardan istifadə edilib və bu, insan orqanizminə zərər verə bilər. 

Bazarda olduğumuz zaman məsələ ilə bağlı satıcıların fikirlərini aldıq. Onlar məhsullarının tamamilə zərərsiz olduğunu söyləyib, iddiaların əsassız olduğunu bildirdilər.

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.

Agentlikdən Musavat.com-a bildirildi ki, çiyələk alarkən istehlakçıların diqqət etməli olduqları məqamlar var:

“Nəzərə almaq lazımdır ki, bu giləmeyvənin insan orqanizminə faydaları olduqca böyükdür. A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur. Gün ərzində 7-8 ədəd çiyələk qəbul etmək günlük C vitamini normasını ödəyir.

Çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir.

Təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir. Alimlər düşünür ki, çiyələyin rəngi onun tərkibində olan zülalların zənginliyindən asılıdır. Çiyələk nə qədər parlaq olsa, bu onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir.

Asanlıqla xarab ola biləcək yetişmiş çiyələklər bir neçə gün ərzində yeyilməlidir. Çiyələyi 1 həftə müddətinə soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür.

Çiyələklərin həddindən artıq istehlakı insan orqanizmində diareya və qaz, qaraciyər xəstəliyi, sarılıq, tənəffüs yollarının ağrısı və şişməsi (iltihabı), artrit, sinir gərginliyi, su tutma (ödəm), böyrək xəstəlikləri, böyrək daşları, yüksək hərarət, allergik reaksiyalar və s. kimi xəstəliklərə səbəb ola bilər.

Çiyələkdən və onun yarpaqlarından orqanizmin müxtəlif xəstəliklərə qarşı immunitetini gücləndirmək üçün istifadə edilir. Çiyələk şirin giləmeyvə olduğu üçün tərkibində şəkərlərdən qlükoza, fruktoza və saxarozaya rast gəlinir.

Market və supermarketlərdə satılan çiyələklərin iri və ya çox böyük olması daha çox onun çeşidindən asılıdır. İri və böyük olan bu çiyələk çeşidləri ölkəmizə müxtəlif ölkələrdən idxal edilir. Son dövrlərdə piştaxtalarda yer alan iri və ya böyük, fərqli forma və görünüşdə olan bu çiyələk çeşidlərinə iqlim şəraitinin təsiri də az deyil”.

AQTA-dan bildirilib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir:

 “AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür”.

Mövzu ilə bağlı  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikirlərini aldıq. E. Hüseynov Musavat.com-a dedi ki, 2 il əvvəl çiyələk plantasiyasında olub və meyvənin necə yetişdirildiyini müşahidə edib.

“Çiyələk yetişdirilməsində 30-dan çox dərmandan istifadə olunur. Lakin insanlar çiyələyi az yediyi üçün kütləvi zəhərlənmə baş vermir. Həddən artıq böyük çiyələklərə gəlincə isə onlar şübhəli məhsullardır. Çünki geni dəyişdirilmiş çiyələklərdir. Azərbaycana çiyələk şitillərini əsasən İsraildən gətirirlər. İnsanlara məsləhət görürəm ki, mövsümü olmayan, kimyəvi maddələrlə yetişdirilmiş meyvələrdən istifadə etməsinlər. Əks halda zəhərlənmə ola bilər”, – deyə o bildirib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan 8.8 milyon dollar dəyərində 4970,24 ton təzə çiyələk ixrac edilib. 112 min dollar dəyərində isə 59.33 ton çiyələk idxal edilib. Eyni ildə 12.95 ton çiyələk mürəbbəsi ixrac olunub.

2022 –ci il yanvar və fevral aylarında 33.159 min dollar dəyərində 18.6 ton çiyələk idxal edilib.

 

Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR