İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram günlərində xroniki xəstəliyi olanlara xəbərdarlıq - “Bu qidaları...”

790 19.03.2022 09:50 Yaşam A A

Tanınmış diyetoloq: “Ən böyük səhvimiz odur ki, çay süfrəsi ilə yemək süfrəsini eyniləşdiririk”

Bəllidir ki, Novruz süfrələri yüksək kalorili qidalarla zəngin olur. Elə təkcə 1 ədəd paxlavada yetərincə yüksək kalori mövcuddur və ondan 1-2-sini yeyən kəs xeyli müddət ət yeməyi, qoz-fındıq yeməyə bilər. Ancaq insanlar təbii ki, buna diqqət etmir və bəzən eyni vaxtda qoz-fındıq, paxlava və ət yeməkləri, plov qəbul edirlər. Üstəlik də bayram günlərinin şərtləndirdiyi oturaq həyat tərzini də əlavə etsək, orqanizmi nə qədər yüklədiyimizi təsəvvür etmək olar.

Bəs belə qidalanma rejiminin hansı fəsadı ola bilər və ən çox da əhalinin hansı qrupları diqqətli olmalıdır? Bayramda düzgün necə qidalanmalı, nələrə xüsusi diqqət eləməli?

Mövzu ilə bağlı tanınmış diyetoloq Leyla Zülfüqarlı “Yeni Müsavat”a danışıb: “Novruz bayramı bizim milli bayramımızdır və bayramlar arasında özünə məxsus koloriti, çəkisi var. Biz  bu bayramı sevirik. Amma bu bayramda düzgün qidalanmağı unutmaq olmaz. Bildiyimiz kimi şəkərbura, qoğal, paxlava təxminən 600 kalorili şirniyyatlardır. Əlbəttə ki, bayramda bu şirniyyatlardan dadmalıyıq, amma ölçüsünə, hesabına diqqət edərək.

Ümumiyyətlə, diyetologiya elminin ən vacib məqamlarından biri orta dərəcə prinsipidir. Məsələn, şorqoğalının dadı duzludur. Biz yemək zamanında onun  bir porsiyasından yeyə bilərik, bir şərtlə ki, plov kimi yeməkləri qəbul etməyəcəyik. Çünki əgər bir boşqab plovun kalorisi 600-700-dürsə, şorqoğalının da kalorisi eynidir. Beləliklə, əgər biz aclığımızı təmin etmək istəyiriksə və mütləq bayramda qeyd edilən şirniyyatlardan yeyəcəyiksə o zaman digər yeməklərə bir məhdudiyyət qoymalıyıq. Misal üçün, əgər səhər qəhvəaltısında bir şəkərbura qəbul etmişiksə, gün ərzində paxlava yemək olmaz. Məlum olduğu kimi, bayram süfrəsinə hər şeyi qoymağa çalışırıq və bu zaman bəzən orqanizm istəməyəndə belə gözümüz görən qidaları bədənimizə “ötürürük”. Belə olmamalıdır.

Ən böyük səhv isə odur ki, biz çay süfrəsi ilə yemək süfrəsini həmişə eyniləşdiririk. Daha bir məsələ, bayram şirniyyatları və yeməklərin hamısı bədənimiz üçün aşırı dərəcədə kaborhidrat “bombasıdır”. Bu isə metobalizmamızda iz qoyur, onu zəiflədir. İnsanlar düşünür ki, çox sayda bu cür qidalardan yedikdən sonra qaçacaq, məsafə qət edəcək və həmin kaloriləri yandıracaq. Lakin dozasından artıq şəkərbura, paxlava yeyilən gün hətta nə qədər məsafə qət edilsə belə kiloya təsir etməyəcək və kilolar qalıcı ola bilər. Bu baxımdan  ehtiyatlı olmalı, günün dozasına diqqət edilməlidir".

Diyetoloq metobolizmi artırmaq üçün öz tövsiyələrini də bildirib: “Bunun üçün içilən çayların tərkibinə darçın əlavə etmək olar. Axşam isə əsas yemək yeyildikdən bir saat sonra adi suyun üzərinə bir çay qaşığı alma sirkəsi, bir çay qaşığı limon suyu əlavə edib içə bilərlər. Və yaxud qatıq içərisinə bir sıra ədviyyatlar, o cümlədən zəncəfil tozu əlavə edə bilərlər. Doğrudur, artıq diabetik şəkərbura və paxlava da var. Lakin unutmaq olmaz ki, ağ şəkərdən hazırlanmış istənilən şəkərbura, paxlava şəkərli diabetlər üçün təhlükədir”.

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov: “Həqiqətən də Novruz bayramı ərəfəsi daha çox qidalanma ilə bağlı baş verən problemlərin, xüsusən də mədə-bağırsaq problemlərinin ortaya çıxdığı dövrdür. Bununla yanaşı, bayram ərəfəsində müxtəlif xroniki problemlərin, o cümlədən şəkərli diabet, ürək-damar sistemi xəstəliklərinin artması müşahidə olunur. Əlbəttə ki, bu cür problemlərin ortaya çıxmasının əsas səbəbi bayram dövründə çox sayda qidalı maddələrin və bir-birinə uyuşmayan qidalı maddələrin sistemsiz şəkildə qəbul olunması ilə bağlıdır. Bu baxımdan əhali diqqətli olmalıdır. Bu dövrdə mümkün şəkildə qaydalara uyğun şəkildə qidalanmaq, pəhriz rejiminə əməl etmək lazımdır”.

Xalidə GƏRAY,

“Yeni MÜSAVAT”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR