İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin "Rusiya planı"nın şifrələri: Kreml həmişə sanksiya altında tutulacaq, məğlubiyyet qaçılmazdır

2244 19.03.2022 18:20 Analitika A A

Rusiyanın dünyadan tam təcrid edilməsinə hazırlıq başlayıb, iqtisadi-ticari blokada paketi müzakirə olunur; Kreml Rusiya qoşunlarını Ukraynadan çıxartsa, hətta Krımla Donbası geri qaytarsa belə, ABŞ və Qərb yenə də "maliyyə-iqtisadi nəfəsliyi" kəsmək niyyətindən imtina etməyəcək...

Rusiyanı necə bir gələcək gözləyir? Bu sualın cavabı indi bütün dünya, xüsusilə də, Rusiya vətəndaşları üçün aktualdır. Halbuki, bu sualı "ABŞ və Qərb Rusiya üçün necə bir gələcək planlaşdırıblar" məzmununda ifadə etmək daha doğru olardı. Və bu sualın cavablarını isə dünya liderlərinin açıqlamalarında axtarmaq lazımdır.

Məsələn, ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan danışarkən, bu mövzuda müəyyən ipucları vermişdi. Ağ Ev sahibi bildirmişdi ki, yaxın hədəf bir neçə il ərzində Rusiyanın hərbi potensialını ciddi şəkildə zəiflədib, ordusunu döyüş qabiliyyətindən məhrum etməkdir. Və bu, o deməkdir ki, ABŞ-da Ukrayna savaşının hələ bir neçə il davam etməsini hədəfləyiblər.

Çünki, Rusiya ordusunun döyüş qabiliyyətini zəiflətmək üçün ilk növbədə onu ağır itkilərə məruz qoymaq vacibdir. Əgər, belə hədəf varsa, deməli, Ukrayna savaşı bu məqsədə xidmət edə biləcək ən önəmli vasitədir. Yəqin ki, Ağ Ev bu vasitənin mümkün qədər uzun müddət qorunmasını təmin etməyə çalışacaq.

1613210899_hekim.jpg (59 KB)

Ancaq nə qədər qəribə də olsa, ABŞ özü heç bir halda, Rusiya ilə birbaşa savaşa girmək niyyətində deyil. Pentaqondan verilən son açıqlamada da ABŞ-ın Ukrayna savaşına müdaxilə etməyəcəyi vurğulanır. Bu qurumun şefi Lloyd Ostin vurğulayıb ki, ABŞ və Rusiya arasında hərbi münaqişə heç kimə lazım deyil. Ona görə də Pentaqon şefi Ukrayna üzərində uçuşa qadağan zonanın yaradılmasına ehtiyac yoxdur: "Əgər, biz buna cəhd etsək, Rusiya ilə qarşıdurmaya girmiş olarıq. Yəqin ki, heç kim iki nüvə dövlətinin arasında hərbi münaqişəyə girməsini istəməz. Ancaq ABŞ NATO ərazilərinin hər bir metrinin qorunmasına da tam hazırdır".

Belə anlaşılır ki, Ağ Ev ABŞ-ın strateji hədəfləri üçün Ukrayna ordusunun savaşmasından tamamilə məmnundur və bunu yetərli hesab edir. Ona görə də, ABŞ Ukrayna savaşının mümkün qədər uzadılması planları üzərində də ciddi şəkildə işləyir. Çünki, Ağ Evin Rusiya ilə bağlı qurduğu planların daha uzunmüddətli hədəflərini reallaşdırmaq üçün Ukrayna savaşı ABŞ-a vacibdir.

ABŞ-ın Rusiyaya qarşı planlaşdırdığı uzunmüddətli hədəflərdən isə məhz prezident Co Baydenin açıqlamalarında demək olar ki, açıq mətnlə bəhs edilir: "Biz Rusiyanın maliyyə qaynaqlarını qapatmalıyıq. Bununla da Rusiya iqtisadiyyatının tədricən çökməsini təmin etməliyik. Elə etməliyik ki, Rusiya gələcəkdə dünyaya təhlükə törədə bilməsin".

Belə nəticə çıxartmaq olar ki, əslində, Ağ Ev sahibi ABŞ-ın Rusiya planının bəzi şifrələrini artıq açıqlayıb. Rusiyanı superdövlət statusundan məhrum edib, öz sərhədləri içərisinə qapanmış adi dövlətə çevirməyə çalışırlar. Və böyük ehtimalla bu planın reallaşdırılması üçün də əvvəlcədən xüsusi hazırlıq görülüb.

-5215300426310728727_121.jpg (155 KB)

Artıq şübhə doğurmur ki, ABŞ-ın uzunmüddətli hədəfləri Rusiyaya qarşı sanksiyalar üzərindən reallaşdırılmağa çalışılacaq. Qoca Co bu məsələdə ABŞ-ın bəzi müttəfiqlərindən də dəstək ala biləcəyinə tamamilə əmindir. Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın açıqlaması da belə düşünməyə əsas verir. Britaniyalı nazir vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar hələ uzun müddət davam edəcək. Rus oliqarxlara qarşı tətbiq edilən sanksiyalar isə ümumiyyətlə, heç vaxt ləğv olunmayacaq.

Böyük Britaniyanın xarici işlər naziri hesab edir ki, Rusiya Ukrayna ilə sülh danışıqlarına başlamaqla, sadəcə, zaman qazanmağa çalışır. Onun fikrincə, hazırda Rusiyaya öz hərbi qüvvələrini yenidən cəmləşdirmək zaman lazımdır. Və Kreml buna nail olmaq üçün danışıqlar prosesindən istifadə edir.

Maraqlıdır ki, Rusiyada da ABŞ və Qərbin sanksiya siyasətinin əsas hədəflərini anlamağa başlayıblar. Rus ekspert İqor Korotçenko da hesab edir ki, Rusiyaya qarşı sanksiyaların heç vaxt ləğv olunmayacağını artıq qəbul etmək lazımdır: "Bunu birdəfəlik anlamaq olduqca vacibdir. Ona görə də, vaxt itirmədən Rusiya iqtisadiyyatında və siyasi sistemində ciddi islahatlar aparmaq lazımdır. Vaxtın itirilməsi və ya gecikmə məhvə bərabərdir".

Rusiyalı ekspert hesab edir ki, rus oliqarxlar dərhal hərəkətə keçməlidirlər. Onun fikrincə, indi rus oliqarxlar öz sərvətlərinin heç olmasa, yarısını Rusiya sənayesinin önəmli sahələrinin yenidən qurulmasına sərf etməlidirlər: "Əgər, rus oliqarxlar bunu könüllü etməsələr, onları buna məcbur etmək lazımdır".

hfghf-1643723241.jpg (493 KB)

Ancaq hazırda Rusiyada bütün bunların reallaşdırılması o qədər də asan deyil. Hər halda, Rusiyanın dünyada təkləndiyi və Kremlin bu situasiyadan çaşqınlıq keçirtdiyi də diqqətdən yayınmır. İndi Rusiyanın yanında yalnız Belarus qalıb. Bu ölkənin prezidenti Aleksandr lukaşenko bildirib ki, Belarus Rusiyanın sadəcə, müttəfiqi deyil, çünki bu iki dövlət hərbi və iqtisadi sahədə vahid mexanizmdir: "Rusiya Ukraynaya Belarus kimi olmağı təklif edir".

Ancaq hazırda baş verənlər Ukrayna Belarus örnəyi üzrə hərəkət etmək niyyətində olmadığını göstərir. Rəsmi Kiyev Rusiya ilə münasibətləri normallaşdıra biləcəyini biruzə versə də, Ukraynanın maraqlarından da vaz keçməyəcəyini gizlətmir. Ukrayna hökumətinin təmsilçisi Mixail Podolyak vurğulayıb ki, Rusiya ilə danışıqlar bir neçə həftə, hətta daha uzun müddət davam edə bilər. O, bildirib ki, Kremlin mövqeyi son vaxtlar daha adekvat xarakter daşımağa başlayıb: "Bu, müsbət əlamətlərdir. Çünki, hər kəs bilməlidir ki, Ukrayna öz maraqlarından imtina etməyəcək, öz ərazilərini güzəştə getməyəcək".

Təbii ki, ABŞ və Qərbin həm maliyyə, həm də hərbi texnika, silah-sursat dəstəyi Ukraynanın əlini Rusiya ilə danışıqlarda daha da gücləndirir. Bəzi məlumatlara görə, hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır. Ümumiyyətlə, indi əsas ideyalardan biri ondan ibarətdir ki, savaşdan sonra Rusiyanın və rus oliqarxların sanksiyalara məruz qalmış maliyyə aktivləri məhz Ukrayna şəhərlərinin yenidən tikilməsinə yönəldilməlidir.

Eyni zamanda, Avropa Birliyi və ABŞ arasında Rusiyaya qarşı yeni sanksiyaların hədəfləri müzakirə edilməkdədir. Polşanın baş naziri Mateyş Moravetskiy Avropa Birliyinə Rusiya ilə ticarəti tamamilə dayandırmağı təklif edib. Onun fikrincə, Rusiya tamamilə iqtisadi-ticari blokada vəziyyətinə salınmalıdır. Əks halda, Rusiya hələ uzun müddət bütün dünyanı təhdid etməkdə israrlı ola bilər.

712596e7-03dc-4988-b2c3-e61a015d0e5f.jpg (224 KB)

Göründüyü kimi, Rusiyanı ümumiyyətlə, dünyadan təcrid etmək xətti tədricən ön plana keçməyə başlayıb. Bu onu göstərir ki, hətta Rusiya qısa müddətdə öz ordusunu Ukraynadan çıxartsa, Krım yarımadasını və Donbası geri qaytarsa belə, Kreml sanksiyasından heç bir halda, xilas ola bilməyəcək. ABŞ və Qərb Rusiya üçün planlaşdırdığı plan reallaşdırılmayana qədər Kremldən əl çəkməyəcəklər. Və Rusiyanın buna müqavimət potensialı o qədər də ümidverici görünmür.

Düzdür, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ və Avropa Birliyinin sanksiyalarına qarşı adekvat cavab addımlarının hazırlanmaqda olduğunu bəyan edib. Ancaq Rusiyanın belə cavab addımları üçün resurslarının olduğu ciddi şübhələr doğurur. İndiki halda, Kreml cavab kimi iki variantdan istifadə edə bilər. Birinci addım Rusiya ilə iqtisadi müharibə aparan rəqiblərə nüvə zərbəsi endirilməsi ola bilər. Ancaq buna Rusiyanın daxilində belə, imkan verilməz. Yəni, bu, o qədər də asan məsələ deyil.

Digər tərəfdən isə Rusiya Avropa Birliyi ölkələrinə enerji resurslarının ixracını da dayandıra bilər. Ancaq bu, Avropa Birliyinə ağır zərbə vurmaqla yanaşı, Rusiyanın özünü çökdürər. Çünki, indi enerji resurslarının ixracı Rusiya üçün yeganə "maliyyə nəfəsliyi" rolunu oynayır. Bu "maliyyə nəfəsliyi"ndən imtina etmək könüllü intihar və ya "boğulmaq" deməkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR