İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin Bakıya erkən yetişən təbrik məktubu: ABŞ sülh anlaşmasında niyə Rusiyadan çox maraqlıdır?

881 23.05.2023 08:50 Siyasət A A

Xəbər verildiyi kimi, mayın 20-də ABŞ Prezidenti Co Bayden 28 May Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərib. Orada deyilir ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib.

“Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləməyə davam edəcək”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Göründüyü kimi, əvvəlki məktublardan fərqli olaraq budəfəki təbrikdə nə Qarabağın adı çəkilib, nə də “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ konflikti”, yaxud “Dağlıq Qarabağ xalqı” ifadələri işlədilib. Halbuki 44 günlük müharibədən az sonra Ağ Ev başçısı Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən “Dağlıq Qarabağ xalqı” ifadəsindən istifadə etmişdi.

O zaman söyləmək olarmı ki, yetərincə ermənipərəst sayılan, vaxtilə Konqresdə erməni lobbi qrupunun üzvü olmuş və ABŞ-ın ilk prezidenti kimi saxta “erməni soyqırımı” haqda qətnaməni imzalayaraq 24 apreldə “genosid” söyləmiş Bayden Azərbaycanla bağlı ritorikanı xeyrimizə dəyişib?

Azərbaycanla Ermənistan arasında Baydenin təbirincə desək, “dayanıqlı və ədalətli sülh”ü rəsmi Vaşinqton necə təsəvvür edir və bu sülh Rusiyanın təklif etdiyindən nə ilə fərqlənir? Azərbaycana, bölgəyə hansı daha sərfəlidir? Nəhayət, Rusiyadan fərqli olaraq, Birləşmiş Ştatların sülh naminə artıq status söhbətini ortaya atmadığını demək olarmı? Ümumiyyətlə, belə fikir var ki, İrəvan razı olsa belə, Moskva imkan verməyəcək. Belədirmi?

Sirr deyil ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələrini indiyədək tərk-silah eləməyən, əksinə, onlara var gücü ilə “krışalıq” edib Qarabağda suverenliyimizin tam bərqərar olmasını əngəlləyən, öz prezidenti Putinin imzasına tüpürən məhz Rusiyadır (10 noyabr 2020 kapitulyasiya sənədi, 22 fevral 2022 Moskva bəyannaməsi və s.) Proseslərin gedişatı nə deyir: Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh kimin vasitəsilə təmin ediləcək - Vaşinqtonun, ya Moskvanın?

DataLife Engine > Yazdırılabilir versiyon > Qarabağda nə baş verir -  politoloqdan mühüm açıqlama

Murad Sadəddinov: “Dayanıqlı sülhün kimin vasitəsilə təmin edilməsinin mümkünlüyünü ABŞ-ın real addımlarının şahidi olduqdan sonra görə biləcəyik”

Poliotoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-da seçkiqabağı ritorika ilə hakimiyyətə gələndən sonra siyasətdə ritorika arasında ciddi fərqlər həmişə olur. Co Baydenin də ritorikasından bu, görünür: “Onun Azərbaycana göndərdiyi təbrik məktubunun vaxtı və mətnindəki fikirlər ABŞ-ın Azərbaycana regionun mühüm ölkəsi kimi böyük əhəmiyyət verdiyinin sübutudur. ABŞ Prezidenti sanki artıq bu nəticəyə gəlib ki, praqmatik siyasət ermənipərəstliyin kənara qoyulması və ədalətli mövqedən çıxış etməyi tələb eləyir. Bunsuz mümkün deyil. Əks halda, Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə danışıqlara razılıq verməyəcək. Amerika Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istədiyini nümayiş etdirir. Ancaq təkcə istəklə məsələ həll olmaz, istəyin həyata keçməsi üçün sülh sazişindən yayınmağa çalışan tərəfi-Ermənistanı sülhə məcbur etmək üçün lazımi addımlar atılmalıdır. Bu addımların atılmağa başlanmasını görsək əminliklə söyləyə biləcəyik ki, ABŞ Rusiyadan fərqli olaraq real sülh müqaviləsinin imzalanmasında, real sülh yaranmasında maraqlıdır. Dayanıqlı sülhün kimin vasitəsilə təmin edilməsinin mümkünlüyünü də ABŞ-ın real addımlarının şahidi olduqdan sonra görə biləcəyik. Sülhün yaranması üçün Qarabağdakı erməni separatizminə də son qoyulmalıdır. ABŞ gərək bunun üçün də real addımlar atsın. Rusiya belə görünür ki, erməni separatizminin qalmasında maraqlıdır”.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu: “Vaşinqton üçün Azərbaycanla əməkdaşlığın dərinləşməsi həm də ona görə vacibdir ki, Rusiyanın bölgəyə təsir imkanları azalsın”

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, ABŞ Prezidenti Co Bayden keçmişdə ermənipərəst konqresmen olsa da, dövlət başçısı kimi ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla hərtərəfli əməkdaşlığı diqtə edir: “İran amili və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu diktə edir ki, Vaşinqton Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidir. Azərbaycanla Ermənistan arasında vasitəçilərdən biri kimi Vaşinqton Qarabağ mövzusuna toxunmur. İkinci Qarabağ müharibəsindən sonra Qarabağ Azərbaycanın daxili məsələsidir və rəsmi Bakı heç kimin bu məsələyə qarışmasını istəmir. Vaşinqton Bakını narahat etməmək üçün Qarabağdan danışmır. Digər tərəfdən, Vaşinqton üçün Azərbaycanla əməkdaşlığın dərinləşməsi həm də ona görə vacibdir ki, Rusiyanın bölgəyə təsir imkanları azalsın. Ermənistandan fərqli olaraq Azərbaycan Rusiyadan asılı deyil. Bu, Amerikanın maraqlarına cavab verir”.

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO -  Sonxeber.net

Xəyal Bəşirov: “ABŞ artıq keçmiş münaqişə ilə bağlı ən azından özünün leksikonuna, yanaşma tərzinə, bəyanatlarına ciddi dəyişiklik edib”

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, əslində hazırkı məqamda ABŞ rəsmilərinin Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinə, sülh prosesinə yanaşma tərzi də dəyişilib: “Biz Brüssel çərçivəsində keçirilən görüşlərin dayandırılmasından sonra bunun daha çox şahidi olmuşuq. Bunu onunla izah etmək olar ki, ABŞ keçmiş münaqişə ilə bağlı yeni proseslərdə Qərbin rolunun azalmasından narahat olub. Ona görə hərəkətə keçib. Prezident Baydenin təbrik məktubunun mətninin bu dəfə bir qədər fərqli olması da bununla bağlıdır. Başqa bir məqam ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsinin getdiyi, İranla münasibətlərin gün-gündən gərginləşməsi səbəbindən Avropa üçün, ümumiyyətlə, Qərb üçün ciddi önəm kəsb edən Orta dəhlizin reallaşması istiqamətində Azərbaycanın rolu artmaqdadır. Bayden də bunu görür və buna uyğun yanaşma sərgiləməyə başlayır. Eyni yanaşmanı Avropa liderlərinin də son zamanlar yanaşmalarında gördük. ABŞ artıq açıq şəkildə keçmiş münaqişə ilə bağlı ən azından özünün leksikonuna, yanaşma tərzinə, bəyanatlarına ciddi dəyişiklik edib. Bu da çox ciddi hadisədir. Növbəti addım kimi biz ümid edirik ki, ABŞ bəzi Avropa ölkələri kimi özünün real addımlarında da dönüş edəcək və Azərbaycanın haqlı mövqeyinə açıq real dəstək nümayiş etdirəcək”.

Politoloqun sözlərinə görə, bu, təkcə bəyanatlarla, məktublarla məhdudlaşmamalıdır: “Mən düşünürəm ki, bu məsələdə Vaşinqton Azərbaycana bütün istiqamətlərdə yanaşma tərzini dəyişmək mövqeyini ortaya qoymalıdır. 907 saylı bədnam bir sənəd 30 ildən artıqdır Azərbaycana tətbiq olunur. Bu, Azərbaycana qarşı ədalətsizlikdir. ABŞ bu ədalətsizliyi ilk növbədə aradan qaldırmalıdır. Ermənistana sülh sazişini imzalaması üçün real təzyiqlər məhz ABŞ tərəfindən olmalıdır. Yəni Vaşinqton sülh sazişinin həqiqətən də imzalanmasını istəyirsə, bunun üçün gərəkən addımları, gərəkən rıçaqları işə salmalıdır. Prezident Baydenin təbrik məktubunda Azərbaycanın Avroasiya siyasətində ciddi rola sahib olduğu açıq qeyd edilib. Həmçinin keçmişdə olan məktublarındakı bədnam ifadələrdən istifadə etməməsi də bundan xəbər verir ki, artıq Azərbaycana münasibətdə ciddi dəyişikliklər baş verib və verir. ABŞ-ın bir sıra dövlətləri qabaqlayaraq hələ 28 may tarixinə 10 günə yaxın vaxt qalmış Azərbaycan Prezidentinə təbrik məktubunu göndərməsi də jestdir. Proseslərin gedişatı ondan xəbər verir ki, Amerika sülh sazişinin imzalanmasına çalışır və Azərbaycanla sıx işləməkdədir. ABŞ Azərbaycanla, Cənubi Qafqazla bağlı siyasətində ciddi dəyişiklik edib. Ədalətli və neytral yanaşma tərzi davamlı nümayiş etdirilsə, uğurlu nəticələr verəcəyinə inam böyükdür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR