İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Qərargah rəisinin Belqrad səfəri - silahlarla bağlı razılaşma...

950 22.06.2024 10:22 Gündəm A A

General-polkovnik Kərim Vəliyev serb həmkarı və müdafiə naziri ilə görüşüb, döyüş sistemləri zavodunda olub; Azərbaycan daha çox Serbiyanın artilleriya texnikalarına və minaatanlarına maraq göstərir - polkovnikdən açıqlama

Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general -polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. 

“Yeni Müsavat” bildirir ki, general-polkovnik K.Vəliyevin serbiyalı həmkarı ilə görüşü keçirilib. Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Daha sonra general-polkovnik K.Vəliyev Serbiyanın müdafiə naziri Bratislav Qaşiçlə görüşüb. Müdafiə naziri ilə görüşdə hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb. General-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Yugoimport SDPR” şirkətini ziyarət edib. Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra “Rastko Nemanyiç” hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub. Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim edilib. 

General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra edilən fəaliyyətləri izləyib. 2021-ci il oktyabrın 11-də Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanla bu ölkənin hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Ötən ilin dekabrında isə Azərbaycan Prezidenti İlham Əliyev Belqrada səfəri çərçivəsində Serbiya hərbi texnika və avadanlıqları ilə tanış olub. Hələ o vaxt da hərbi ekspertlər Azərbaycanın daha çox Serbiyanın artilleriya texnikalarına və minaatanlarına maraq göstərdiyini demişdilər. Bunların arasında üstünlüyü “Nora B-52 M21"artilleriya sistemləri ola biləcəyi deyilirdi. Ekspertlərə görə, bu artilleriya vasitələri ”KamAz" şassisi üzərində quraşdırıldığı üçün Azərbaycanın artilleriya sistemlərinə olan tələbatını qarşılaya bilər. Bu, Ermənistanın Fransadan almağa hazırlaşdığı az sayda “Sezar” özüyeriyən artilleriya sistemlərinə cavab reaksiyası ola bilər. Azərbaycanın silah sahəsində ən geniş əməkdaşlıq etdiyi ölkələrdən biri də İsraildir. Hazırda İsraildə davam edən hərbi əməliyyatlar bu ölkənin ixracatında müəyyən məhdudiyyətlərlə müşahidə olunduğu üçün ola bilsin ki, Azərbaycan alternativ variant kimi Serbiya silahlarını nəzərdən keçirsin. Yəni Baş Qərargah rəisi Serbiyanın hərbi-sənaye kompleksi ilə yaxından tanış olub. 

Ümumiyyətlə, Serbiya Azərbaycanla tərəfdaş ölkədir və iki dövlət arasında enerji, hərbi-texniki sahələrdə əməkdaşlıq mövcuddur. Qeyd eədk ki, iyunun 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərdə olub. Z.Həsənov nazir B.Qaşiçi 2024-cü ilin sentyabrında Bakıda keçiriləcək “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib. Bu ilin fevralında Serbiya Prezidenti Aleksandr Vuçiç deyib ki, ölkəsi özüyeriyən artilleriya qurğularının tədarükü üçün Azərbaycanla müqavilə imzalayıb. Söhbət Serbiya istehsalı olan təkərli şassidə dəyəri 339 milyon dollara çatan 48 ədəd 155 mm-lik “Nora B52" özüyeriyən haubitsadan gedir. Qeyd olunub ki, ”Nora B52" özüyeriyən haubitsa düşmənin şəxsi heyətini, artilleriya batareyalarını, bunkerlərini məhv etmək, həmçinin minalanmış sahələr və sahə maneələrində keçidlər təmin etmək üçün nəzərdə tutulub. “Nora B52" haubitsa əsasən ABŞ ordusu tərəfindən istifadə edilən və döyüşə bütün quru, dəniz və hava hərbi hissələrinin daxil edilməsini nəzərdə tutan Şəbəkə Mərkəzli Müharibə sisteminin əsas avadanlıqları ilə təchiz edilib. ”Nora B52" özüyeriyən haubitsa ilk növbədə, dost qoşunları aşkar və döyüş vəziyyətini simulyasiya etməyə imkan verən, rabitəni sürətləndirən çoxsaylı sensor və radarla təchiz edilib.

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də “AÇIR  SANDIĞI, TÖKÜR PAMBIĞI”

 Şair Ramaldanov

“Yeni Müsavat”a danışan polkovnik Şair Ramaldanov isə düşünmür ki, Serbiyaya maraq göstərilməsi İsraillə əlaqədardır. Onun sözlərinə görə, Azərbaycan yenə də İsraildən silah alır: “Sadəcə, Serbiya ilə də hərbi-texniki əməkdaşlıq genişləndirilir. Baş Qərargah rəisi Serbiyanın hərbi-sənaye kompleksi ilə tanış olmağa gedib. İstər Serbiya, istər başqa dövlətlər olsun, silahlar müasir tələblərə cavab verirsə, onda diqqət mərkəzinə düşür. Onların artilleriyasına gəlincə, Azərbaycanın atəş idarəetmə sisteminə yaxındırsa prioritet ola bilər. Sadəcə, Baş Qərargah rəisinin səfəri sırf silahlarla bağlı deyil, işgüzar ziyarətdir. Səfərdən əvvəl də hərbi attaşelər tərəfindən bəzi sənədlər hazırlanır”. Polkovnikin dediyinə görə, əgər Serbiyada istehsal olunan toplar Azərbaycan üçün parametrlərə cavab verirsə, həmçinin, qiyməti də sərfəlidirsə, o zaman alına bilər: “Ola bilsin ki, qiymət cəhətdən də Azərbaycanın maraqlarına uyğun olub. Ümumiyyətlə, biz silah alarkən bütün tərəflərinə diqqət yetiririk. Yəni onun müasirliyi, ordumuz üçün faydalılığı, qiyməti nəzərə alınır. Ancaq mən Ermənistanın silahlanmasını, Azərbaycanın da öz silah-sursat imkanlarını genişləndirməsini sülh prosesi ilə bağlamazdım. Bəli, sülh sənədinin olmaması, İrəvanın silahlandırılması diqqətdən kənarda qala bilməz. Hərbi cəhətdən də qiymətləndirsək, Ermənistana verilən silahlar bizim üçün legitim hədəfdir. Çünki bu ölkə ilə sülh müqaviləmiz yoxdur. Ona görə Azərbaycan belə mövqe sərgiləyir. Əgər sülh sazişi bağlansa, Ermənistan öhdəliklərini yerinə yetirsə, revanşist ideyalardan imtina etsə, digər ölkələr kimi onun da silahlanması Azərbaycanın diqqət mərkəzində olmayacaq. Əlbəttə, yenə də nəzərə alacağıq, amma indiki kimi narahatedici olmayacaq. İndi bizim belə reaksiya verməyimizə səbəb sülh müqaviləsinin olmamasıdır”.

Emil SALAMOĞLU 
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR