İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Komandanın Ermənistana verdiyi 6 ayın yarısı bitdi - rəsmi İrəvan vəziyyəti anlayır: Əliyev dedisə, edəcək!

2892 14.04.2022 13:30 Gündəm A A

12 apreldə ermənilərin və erməniçiliyin topasına növbəti zərbə endirildi. Xəbərdarlığın təsiri o qədər effektli oldu ki, Ermənistanın hökumət başçısı parlament tribunasından Azərbaycanla sülh müqaviləsinin imzalanması zərurətindən danışdı. O parlamentin ki, bir gün qabaq onun tribunasına qoyulan “artsax” əskisini elə erməni deputat özü kənara tolazlamışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı keçirdiyi müşavirədə faktiki olaraq Ermənistana xilas yolunu göstərdi. Dövlət başçısı xatırlatdı ki, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib və Ermənistan tərəfi bu təklifə müsbət yanaşıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni Ermənistanın “ağlı” ötən illərdə sərgilədiyi “bir addım irəli, iki addım geri” oyunbazlığına getməsin, növbəti belə destruktiv fəaliyyətin bədəli ağır ola bilər. Baş nazir Nikol Paşinyan heç şübhəsiz durumun ciddiliyini anladığı üçün haray çəkir, erməniləri inandırmağa çalışır ki, növbəti müharibə dəhşətli, 44 günlük savaş onun yanında “toya getməli” ola bilər.

Azərbaycan prezidenti bir daha xatırlatdı ki, 2022-ci il aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticəsi olaraq sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. N.Paşinyan da az sonra cənab Əliyevin dediklərini təsdiqlədi: 30 aprelədək ortaya konkret iş qoyulmalıdır. Prosesi diqtə edən Azərbaycandır, bunu İrəvanda çox yaxşı anlayırlar. Paşinyanı “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, dedirdən qüvvə var! 

Düzdür, yenə də bulanıq suda balıq tutmaq istəyənlərin məkrli davranışları müşahidə olunur. Amma bu halda da itirən ermənilər olacaq. Dövlət başçımız perspektivlər barədə danışarkən bəzi anonslar verdi: Azərbaycan daha da güclənəcək. Ermənistanın inkişafı isə onun özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bu, Ermənistan üçün son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. 2018-ci ildə İrəvana səfər edən ABŞ rəsmisi də məsləhət görmüşdü ki, Ermənistan qonşularına qarşı “tarixi şablon”landan əl çəksin, bu halda inkişafa nail olar. Eşitmədilər, nə Azərbaycanı, nə Türkiyəni, nə də ABŞ-ı. Nəticə bəlli. Bu dəfə də eşitməsələr...O haqda bəzi ermənilər də danışmağa başlayıblar, elə məhz Bakıdakı 12 aprel müşavirəsinin ardınca. Hakim partiyanın deputatı deyir ki, bu dəfə müharibə başlasa, savaş Ermənistan ərazisinə keçəcək! Azca ağıllanıblar...Bir müddət öncə hesab edirdilər ki, onları kimlərsə qoruyacaq, Azərbaycan əsgəri özünün tarixi torpaqlarına – Ermənistan ərazisinə adlaya bilməz. Qətiyyətli siyasət öz sözünü deyir!

Azərbaycan Prezidentinin müşavirədə səsləndirdiyi fikirlər arasında bir bölüm geniş müzakirə olunmasa da, olduqca mühüm əhəmiyyətə malikdir. Sitat: “Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.

Xəbərdarlığın kimlərə ünvanlandığını təxmin etdiniz yəqin. Ermənistanı silahlandıranlarla, 30 illik işğalda “pay”ı olanlarla açıq söhbətdir artıq. Yəni bu qədər dözdük, daha yetər! Əks təqdirdə “qeyri-dost”lar sırasına aid ediləcəklər! Bəli, Ermənistanın pul-parası harda idi on illər boyunca ordu saxlasın, bu qədər silah-sursat, hərbi texnikaya sahiblənsin. Hətta beynəlxalq hüquqa zidd olaraq, kvotanın pozulması bahasına silah və texnikaların böyük bir hissəsi Azərbaycan ərazilərində gizlədilirdi, indi onların bir hissəsi Hərbi Qənimətlər Parkında sərgilənir. Bütün bunları Ermənistana hədiyyə edənlər bəllidir, guya kredit hesabına satırdılar. On illər boyunca Qarabağın işğalını stimullaşdırmaq istəyənlər yenə də məkrli siyasətdən imtina etmək niyyətində deyillər.

Oxu.az - İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak  etdi - YENİLƏNİB + FOTO/VİDEO

Bu günlərdə Ermənistanın sərhədlərinin müdafiəsi, ordunun silahla təmin edilməsi ilə bağlı növbəti açıqlamalar verdi bəzi qarışdırıcı qüvvələr. Erməni faşizmini ordu saxlamaqdan məhrum etmək əvəzinə, hələ bunlara yeni ordu qurmağa dəstək verirlər. Təbii ki, Azərbaycan dövləti bunu görməzdən gələ bilməz və artıq ən yüksək səviyyədə xəbərdarlıq edilir.

Ermənistanın dalandan çıxarılması istiqamətində Azərbaycanın təşəbbüslərini dəstəkləmək əvəzinə, gərginliyi tətikləmək istəyənlərə “nöqtəli zərbələr” endirildi. Nəzərə çatdırıldı ki, Azərbaycan ordusu Fərrux dağındadır və bayrağımız bu yüksəkliklərdə əbədi dalğalanacaq. Bununla da Ali Baş Komandan dünənədək Hadrut, Şuşa barədə sərsəm iddialar irəli sürən, son zamanlar isə rus sülhməramlılarından Azərbaycan əsgərini “Fərruxdan düşürəcəyi”ni gözləyən separatçı-terrorçu dəstələrin son ümidini öldürmüş oldu.

Bəli, Azərbaycan ermənilərin “qayıtmaq” istədiyi Hadrutda Komando tipli müasir ordu bölmələri yaradıb və modern hərbi birləşmələrin davamı gələcək! Prezident bildirdi ki, Azərbaycan müharibədən dərhal sonra bütün başqa işlərlə bərabər, hərbi sahəyə də böyük diqqət ayrılıb. Müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalanıb və onların icrası həyata keçirilir. Həmçinin Müdafiə Nazirliyində aparılmış struktur islahatları ordumuzu daha da gücləndirəcək və müasirləşdirəcək. Sitat: “Müharibədən sonra istənilən vəzifəni icra edə bilən yeni qoşun növü – Komando növü yaradılıb. İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq”. Revanşistlər diqqətlə oxusunlar: Azərbaycan müharibə istəmir, amma döyüşə hər an hazırdır! Ordu quruculuğunun davamlı şəkildə inkişafı isə dövlətimiz üçün prioritetdir, dövlət bu yolda hər şeyindən keçməyə hazırdır!

2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əminliklə qeyd etdi ki, ilin üç ayında Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib və bu da ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır. Postmüharibə dövrü üçün sıradan məsələ deyil, erməni vandallarının darmadağın etdiyi Qarabağı qurub-yaradan, Böyük Qayıdışa hazırlıq görən – artıq bu il Zəngilanın “ağıllı kəndi” ilk sakinlərini ağuşuna alacaq – dövlət üçün uğurdur.

Dövlət başçısının dediyi kimi, Azərbaycan beynəlxalq təşkilatlarla öz təmaslarını, fəal əməkdaşlığını davam etdirib. Müharibədən dərhal sonra Azərbaycanın həyata keçirdiyi siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələri, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr hazırkı reallıqlara gətirib çıxarıb. Dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər . Elə BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilməsi çox əlamətdar hadisə oldu və bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Erməni revanşistlərin hətta Şuşa tədbirinə görə BMT-nin İrəvandakı təmsilçisini hədəfə alması kimi mənasız cəhdləri də gördük. Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olub. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə ədalətli, Azərbaycanın mövqeyini əks etdirən qərar-qətnamələr qəbul edib. Eyni zamanda artıq ATƏT yeni reallıqları tam qəbul edib. Qarşıdan gələn dövrdə ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi vətəndaş cəmiyyəti, media nümayəndələri, digər ictimai rəyə nüfuz edə bilən şəxslər vasitəsilə, bu format çərçivəsində Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması üçün öz rolunu oynaya bilər. Bunu dövlət başçısı söylədi. Onu da bildirdi ki, ATƏT-in Minsk Qrupu, onun həmsədrlər formatı qeyri-funksional vəziyyətdədir və hər hansı qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. Yəni “Minsk Qrupu” dönəmi keçdi, buyursun ATƏT, sözü varsa, eşitməyə hazırıq!

Oxu.az - Bölgə yaxın gələcəkdə separatçı-terrorçu tör-töküntülərdən  təmizlənəcək - ŞƏRH

Eyni zamanda ölkə başçısı Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini söylədi. Bildirdi ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. Böyük uğurdur, Aİ Azərbaycanla hesablaşır! Çox mühüm məqam: “Müharibə başa çatandan sonra Avropa İttifaqınınErmənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140-160 milyon. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Ermənistana hansı şərtlərlə bu borc və ya qrant verilirsə, Azərbaycana da eyni şərtlərlə təklif edilməlidir”. Açıq söhbət! Əməkdaşlıq etmək istəyən qurum nəticə çıxartsın...   

Cənab Əliyev əminliklə qeyd etdi ki, bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul ediblər. 3+3 əməkdaşlıq formatının işə düşməsi sevindirici haldır.

Dövlət başçısının Xankəndi və digər məntəqələrdəki ermənilərə ünvanlı “yol xəritəsi” də ali rəhbərliyimiz tərəfindən sonuncu çıxış yolu kimi qəbul oluna bilər. Necə deyərlər, bunların nazı ilə çox oynamaq fikrində deyil dövlətimiz. Xüsusilə də əllərdə silahların olması halında. Kim Azərbaycan qanunlarını qəbul edəcəksə, normal yaşayışı olacaq, nəinki qazı.  

Xankəndi

Prezident xüsusilə vurğuladı ki, İran üzərindən Naxçıvana yol çəkilməsi və oradan dünya bazarlarına çıxış imkanının qazanılması Zəngəzur dəhlizini diqqətdən kənara qoymur. Yəni “Zəngəzur dəhlizi açılmalıdır!” Bir dəfə də yazmışdıq: “Dedisə, olacaq, sadəcə bir az gec-tezi var”. Prezident: “Bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılıb”. Belə...Ermənistan dalandan çıxmaq istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı qərarını verməlidir. Yalvaracaq Azərbaycana!

Prezident İlham Əliyev düz 3 ay əvvəl, 12 yanvarda yerli telekanallara müsahibəsində Ermənistanı seçim etməyə çağırmışdı. Sitat: “Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

O xəbərdarlıqdan 3 ay keçdi. Cəmi 3 ay qaldı. İstisna deyil ki, İrəvan vaxtın azaldığını anlayır... Onu da başa düşürlər ki, Əliyev zarafat etmir. Dedisə, edəcək! Necə ki, sülhməramlılara xəbərdarlıq olundu, Ermənistandan daşnak deputatların Laçın dəhlizindən keçərək, Xankəndiyə gəlməsinə qadağa qoyuldu.

Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola  bilərdim” -MÜSAHİBƏ

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR