İnsanlara hürriyət, millətlərə istiqlal!

Bar eksperti

1548 26.07.2022 09:30 Yazarlar A A

Bu yaxında bir video gördüm, İranda yekə-yekə kişilər - hansısa dövlət idarəsinin əməkdaşları idi - düşmüşdülər saçı açıq zənən xeylağının dalıyca, onu hicab bağlamağa məcbur eləmək istəyirdilər. 21-ci əsrdə 1 milyon kvadrat kilometrdən çox ərazisi olan qədim bir dövlətin bu cür anekdot işlərlə məşğulat eləməsi həm kədərlidir, həm də gülməlidir. Guya hansısa zənənin kəkili yaylığın altından çıxsa, din-iman əldən gedəcəkdir, planetdə tarazlıq pozulacaqdır, hətta ola bilər Qiyamət günü olsun. Qadın saçları əxlaqı bu dərəcədə pozurmuş. Fısqırıq. Hərçənd bunu fikirləşən molla və üləmalarda, türkün sözü, ilginc fantaziyalar olması qənaətindəyəm. Allah heç kimi imkansız eləməsin. Doğrudan da, bəzi qadınların saçları insanın ağlını başından alır, huşunu aparır. Narkotik kimi saçlardır. Şair bu məqamda yaxşı demişdir:

 “Ey alnın Ay, üzün Günəş, ey qaşların kəman!

Ceyran gözün, qarışqa xətin, kakilin ilan!

Alma çənən, çənəndə zənəxdan dərin quyu,

Kirpiklərin qamış, dodağın bal, tənin kətan!"

Böyük Mirzə Ələkbər burada demək istəyir ki, yarın kəkili ilan olub adamı çalar, heç Toksikologiya Mərkəzinə çatmamış yolda ölərsən.

Bir də İranda Təbrizin adı çıxan kitabları oxumağa pis baxırlar, bunu son əhvalatdan öyrəndik. Vəssalam, ta biz “Qaragilə” mahnısını, “Təbrizim” mahnısını oxumayaq. Səfirin xoşuna gəlməz. Hər ehtimala qarşı “Həştərxandan gələn gəmi”, “İrəvanda xal qalmadı”, “Dərbənd aralı, könlüm yaralı” nəqəratlarını da mahnılardan silməliyik (hələ “Dumanlı Təbriz” adında roman var, bu lap dəhşətin son həddidir). Geopolitika baxımından düşər-düşməzi olar. Belə şeylərə ən pis İranda baxırlar, yadımıza gəlir, orada Araz haqda bayatı üzündən az qala təzə, bayatı inqilabı olacaqdı. Dünya şöhrətli rejissor Cəfər Pənahi-ni də təxminən belə temalara görə 6 il türməyə saldılar.

İranda hicab problemi varsa, bizdə də icra problemi var. Başçıları nəzərdə tuturam. Burada hicab-icra sözləri təkcə qulaq qafiyəsi deyil, böyük mənası çıxır. Örnək üçün, bunların hər ikisi başda olur. Başda hicab və icra başçısı. Az qala palindromdur. İranlılar zənənlərin, biz də rayonlarımızın başını bağlaya bilmirik. Hər dəfə baxırsan kiminsə kəkili çıxdı qırağa, biabır olduq, əxlaq, mənəviyyat əldən getdi, qara qüvvələr fəallaşdı, dövlətçilik üstünə kölgə düşdü.

Əlbəttə, hamısı elə deyil, bəzi icra başçıları belə alınır. İranda da bütün arvadlar qeyrətsiz deyil ki. Orda da başını-saçını, boyun-boğazını örtən, günaha batmayan milyonlarla namuslu qadın yaşayır. Burdan qəzetimiz vasitəsiylə hamısına qardaş salamı göndərirəm. Allah sizi həmişə naməhrəm gözündən uzaq eləsin, amin. İnşallah, saçınızı cənnətdə görək.

Bizdə boşanmış qadınların uşaq bağçalarında işə düzəlməsi problemi qaldırıldı, bu yaxında ekspertlər mövzu üzrə təkliflərini verdilər. Məsələn, Ərsiz Arvadlar İctimai Birliyinin (ƏAİB) sədri, xınayaxdı eksperti Gülyanaq xanım müxbirimizə bildirdi ki, boşanmış kişiləri də hərbiyə götürmək olmaz, bunlar həm əsgər-zabit yoldaşlarına, həm də düşmənə və sülhməramlı qüvvələrə pis gözlə baxarlar. Evdən Qaçan Gəlinlər Regional Beynəlxalq Hüquq Media Təşkilatının (QGRBHMT) sektor müdiri Kifayət Yetərqızı isə ailələrin dağılmasında bağça uşaqlarının mənfi rolunu önə çəkdi. Ancaq ən gözəl çıxış yenə də Bayram Nurlu adına Hüquq Müdafiə Təşkilatının sədri, hörmətli Hekayət xanımdan gəldi. Sitat: “Ümumiyyətlə, son vaxtlar boşanmış qadınlar haqqında bu cür fikirlərin səslənməsini tez-tez müşahidə edirik. Əlbəttə ki, bu da səbəbsiz deyil. Məsələn, axşamlar paytaxtın mərkəzi küçələrində restoranlara, barlara getsəniz, görərsiz ki, əxlaqsızlıq edən qadınların sayı artıb. Buna görə də milli dəyərlər aradan çıxdıqca cəmiyyətdə qadına münasibət dəyişməyə başlayır. Bu məsələnin qarşısını almaq lazımdır”.

Hazırda bizi düşündürən odur ki, Hekayət xanım özü barlara nəyə gedirmiş. Yəqin ekspert rəyi hazırlamaq, monitorinq aparmaq üçün. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR