İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qarşı “talış-muğan” təxribatının “sirri”və “niyə indi” sualı...

2361 30.08.2023 11:58 Siyasət A A

Azərbaycandan etirazlar: “Rusiya dövlətində separatizmi dəstəkləyən çevrələr nəzərə almalıdırlar ki, bu gün Rusiyanın özü ciddi şəkildə milli-etnik separatizmlə üzləşə bilər”

Azərbaycanın Rusiyadakı səfirliyi Yekaterinburqda qondarma “Talış-Muğan respublikasının yaradılmasının 30 illiyi” münasibətilə təşkil olunmuş tədbirlə bağlı bəyanat yayıb. 

“Yeni Müsavat” xəbər verir ki, səfirlikdən yayılan  bəyanatda deyilir: “Azərbaycanın Rusiyadakı səfilriliyi  Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu tədbirin keçirilməsinə etiraz olaraq Rusiya Xarici  İşlər Nazirliyinə  etiraz notası göndərib. Həmçinin səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və kəskin etirazını əks etdirən məktub ünvanlayıb. Bununla yanaşı, Yekaterinburqda fəaliyyət göstərən Azərbaycan-Ural ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinski də şəhərin müvafiq inzibati orqanlarına bununla bağlı müraciətlər göndərib”.

Azərbaycan səfirliyi qeyd edir ki, belə bir təxribat xarakterli tədbirin təşkili və orada Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinin qonağı kimi iştirak etməsinin yolverilməz olduğu Rusiya tərəfinin diqqətinə çatdırılıb. “Rusiyanın hakim partiyasının nümayəndəsinin bu addımı separatizmi təbliğ edir, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin ruhuna köklü şəkildə ziddir, həmçinin ikitərəfli əməkdaşlığa xələl gətirir”, - deyə bəyanatda bildirilir.

Azərbaycanın Rusiyadakı səfirliyi “İqor Volodinə və bu tədbirin təşkilatçılarına qarşı təcili tədbirlər görməyə, gələcəkdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı belə təxribat xarakterli addımların qarşısını almağa çağırıb”. Bildirilir ki, səfirlik bu məsələ ilə bağlı Rusiya tərəfinin rəsmi cavabını gözləyir.

Yada salaq ki, Moskvada Ermənistanda fəaliyyət göstərən talış separatçılarının bundan əvvəlki illərdə də Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərmələri faktı olub. Özünü separatçı “Talış-Muğan respublikası”nın təsisçilərindən biri elan etmiş  Fəxrəddin Abbasov isə 2019-cu ilin mayında Rusiyadan deportasiya edilib və o, DTX Bakı hava limanında onu saxlayıb.

DTX Fəxrəddin Abbasovu Cinayət Məcəlləsinin dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması maddələri ilə ittiham edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçən məhkəmədə onun haqqında 16 il həbs cəzası verilib. 2020-ci ilin noyabrında Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Öncə qeyd edilməlidir ki, Rusiya öz ərazi hüdudları çərçivəsində Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərən, separatizmi dəstəkləyən qüvvələri Bakının mühakiməsinə verməlidir.

Bu, Azərbaycanla Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 11-ci və 18-ci maddələri üzrə nəzəri situasiyanı əhatə edən halların şərtidir.

Məlumdur ki, Prezident İlham Əliyev yenə də dünyada separatizmi maliyyələşdirən, dəstəkləyən güclərə qarşı mübarizənin ön cəbhəsindədir. Rusiya isə Ukrayna müharibəsi səbəbindən Qərbin separatçılıq planları ilə üzləşir. Rusiya prezidenti Putin də dəfələrlə etiraf edib ki, Qərb ölkədə milli azlıqlar subyektindən yararlanaraq parçalamaq istəyir. Yəni Rusiya da özü hazırda bu cür təhlükəli period yaşayır. Bəs belə bir vəziyyətdə Rusiyanın daxilində niyə separatizmə dəstək verənlər hələ də tapılır? Bu işdə şübhəsiz ki, erməni lobbisinin barmağı da var.

Sensasiya: “Qərb Rusiyanın dağılmasını istəmir” - Bəs SSRİ-nin çöküşü nə  idi...

Oktay Qasımov 

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Yekaterinburq şəhərində bir qrup şəxsin qondarma “Talış-Muğan respublikasının 30 illiyi” tədbiri keçirməsi və buna şəhər rəhbərliyinin icazə verməsi, rəsmi şəxslərin də iştirak etməsi Azərbaycan tərəfindən haqlı olaraq etirazla qarşılanır. Çünki bu, qəbuledilməz məsələdir, Azərbaycan qanunlarına qarşı hərəkətdir. Azərbaycanın Rusiyadakı səfirliyi çox haqlı olaraq etiraz bəyanatı yayıb. Rusiya şəhərində Azərbaycan qanunlarına hörmətsizlik iki ölkə arasında münasibətlərə, o cümlədən 22 fevral 2022-ci il tarixdə Azərbaycan və Rusiya liderləri arasında imzalanmış Müttəfiqlik fəaliyyətinə dair Memorandumun ruhuna tamamilə ziddir. Rusiya daxilində konkret mərkəzlər var ki, postsovet məkanına daxil olan ölkələrdə separatizmi dəstəkləyib həmin dövlətlərdə öz nüfuzlarını qorumağa, ölkələrə təsir rıçaqları əldə etməyə çalışırlar. “Talış-Muğan respublikası” ideyası da 1993-cü ilin avqustunda vətən xaini Ələkrəm Hümmətov və onun dəstəsi tərəfindən ortaya atılsa da, təbii ki, bu ideya onların beyninin məhsulu deyildi. Bu işdə konkret olaraq həm Rusiya, həm də İran xüsusi xidmət orqanlarının rolu var idi. Bu gün də Rusiyada bəlli çevrələr bu məsələləri qızışdırmaqla Azərbaycana təzyiq etməyə çalışırlar. Xüsusilə nəzərə alsaq ki, Rusiyanın sülhməramlı kontingenti Qarabağ bölgəsində fəaliyyət göstərir və Rusiyanın bu kontingentin bölgədə qalma müddətini uzatmaqla bağlı istəkləri var. Bu problem iki ölkə arasında ciddi müzakirə mövzusudur. O baxımdan götürdükdə belə separatçı hərəkətlərin dəstəklənməsi Rusiya tərəfindən heç də təsadüfi sayılmamalıdır. Amma nəzərə almaq lazımdır ki, belə davranışlar və Azərbaycana bu yolla təzyiq göstərmək həm iki ölkə arasında münasibətlərə və adını çəkdiyimiz memorandumun müddəalarına zidd olmaqla yanaşı heç bir perspektivi olmayan fəaliyyətdir. Çox yaxşı olar ki, Rusiya dövlətində separatizmi dəstəkləyən çevrələr nəzərə alsınlar ki, bu gün Rusiyanın özü ciddi şəkildə milli-etnik separatizmlə üzləşə bilər. Bu da Rusiya üçün çox ağır nəticələrə gətirə bilər".

Politoloq vurğuladı ki, separatçılarla əlaqədə olan, onlara dəstək verənlər həm də Rusiyadakı erməni lobbisi və Ermənistan xüsusi xidmət orqanlarıdır. Əvvəllər belə olub, indi də belədir. Həmin separatçılar Azərbaycandan kənarda olduqları üçün ermənilər onlarla təmasları daha rahat şəkildə həyata keçirirlər. Ələkrəm Hümmbətov və onun həmfikirləri olan digər vətən xainləri dəfələrlə İrəvanda olaraq ermənilərin təşkil etdiyi tədbirlərdə iştirak ediblər və Azərbaycan əleyhinə açıqlamalar veriblər, sənədlərə imza atıblar. Rusiyada fəaliyyət göstərən həmin separatçı şəxslərlə erməni diasporu və Ermənistan xüsusi xidmət orqanlarının ciddi şəkildə işbirliyində olduğu sirr deyil. Ermənistanda bu separatçıları dəstəkləyən və onların ruporuna çevrilən radio da fəaliyyət göstərir. O şəxslər ermənilərlə dostluq əlaqələri qurmaqla, ermənilərə işləməklə təkcə Azərbaycana deyil, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, şəhid olmuş, qazi olmuş minlərlə vətənpərvər talışlara, talış millətinə də xəyanət ediblər".     

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR