İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının tələbi: Ermənistandan mal gətirmək üçün VÖEN aç...

2518 05.09.2023 08:39 İqtisadiyyat A A

Azərbaycan qanunvericiliyi erməni vətəndaşları üçün hansı güzəşt və imtiyazlar tanıyır?

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağın erməni əhalisinə göndərdiyi 40 ton un 8 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Magistral yolu bağlayan erməni separatçıları bəyan edirlər ki, “heç bir şəraitdə, hətta aclıqdan ölsələr də” bu yük buraxılmayacaq.

Rusiya sülhməramlılarına gəlincə, onlar  maşınların Xankəndinə keçməsinə imkan vermirlər.

Bu vəziyyətin nə qədər davam edəcəyi bilinmir, lakin ermənilərin özlərinin də etiraf etdiyi kimi, Azərbaycan humanitar yardım göndərməklə çox ağıllı addım atıb. Doğrudan da, əgər Xankəndidə ermənilərin çörəyi çatmırsa, onda niyə on tonlarla unu ora buraxmırlar, cəmi 20 kilometr məsafədə gözləyirlər? Yəni məlum oldu ki,  “Qarabağ ermənilərinin aclıqdan ölmək təhlükəsi” ilə bağlı erməni təbliğatı tipik siyasi spekulyasiyadır və məqsədi Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə mane olmaqdır.

Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Ağdam-Xankəndi yolunun açılışından düz 24 saat sonra ölkənin gömrük-sərhəd rejimi qaydalarına tam uyğun olaraq Laçın-Xankəndi yolunda nəqliyyatın hərəkəti bərpa olunacaq. Xatırladaq ki, bu mövqe ilk dəfə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Prezident İlham Əliyev tərəfindən səsləndirilib.

Bəs “Azərbaycanın gömrük-sərhəd rejimi qaydalarına uyğun olaraq” ifadəsi nə deməkdir? Azərbaycanın dediyi budur ki,  Laçın-Xankəndi yolu ilə Ermənistandan daşınan mallar Azərbaycanın gömrük qanunvericiliyinə əsasən idxal olunan mallar kateqoriyasına aiddir. Yəni Qarabağ erməniləri Ermənistandan Xankəndinə hansısa mal gətirmək istəsələr, müvafiq sənədləri dolduraraq, idxal rüsumlarını ödəməklə bunu edə biləcəklər.

Ermənistandan həm fiziki, həm də hüquqi şəxslər mal idxal edə bilər. Ona görə də bu idxalı Qarabağdakı separatçı-kriminal rejimin strukturları həyata keçirə bilməz - yalnız Azərbaycanın vergi orqanlarında qeydiyyatda olan hüquqi şəxslər xaricdən ölkəyə qanuni yolla mal idxal edə bilər. Yəni Ermənistandan Qarabağa bəzi malların daşınması üçün yerli erməni əhalisi Azərbaycanın hüquqi məkanına inteqrasiya prosesinə başlamalıdır. Əks halda, bu yüklər avtomatik olaraq “qaçaqmal” kateqoriyasına düşəcək və Laçın sərhəd məntəqəsindən keçə bilməyəcək. Laçın-Xankəndi yolunun Azərbaycanın şərtləri ilə işləməsi üçün Həkəri körpüsünün yaxınlığında müvafiq infrastruktur, yəni gömrük terminalı yaradılmalıdır.

Azərbaycan Ermənistan və Fransanın göndərdiyi, rəsmi Bakı ilə razılaşdırılmayan yükləri bu səbəbdən öz dövlət sərhədinə buraxmır.

Humanitar karvan 2 gündür Ağdam-Xankəndi yolundadır -

İndiki vəziyyətdə Qarabağ ermənilərinin yeganə çıxış yolu var - Ağdam-Xankəndi yolunu açmaq, Bakının şərtlərini qəbul etmək və prosesə başlamaq. Azərbaycanın hüquqi məkanına reinteqrasiya Xankəndidəki separatçı-kriminal rejimin, habelə Ermənistan tərəfindən birbaşa maliyyələşdirilən bütün qanunsuz silahlı birləşmələrin ləğvi ilə müşayiət olunmalıdır. Əks halda, Qarabağ ermənilərinin gələcəkdə Azərbaycan Respublikasının vətəndaşlığına iddia hüququ olmadan Azərbaycanın suveren ərazisini sərbəst şəkildə tərk etmək imkanı var.

Azərbaycan yalnız Ermənistan deyil, digər ölkələrlə də ticarət əməkdaşlığı qurmaq istəyən erməni vətəndaşları üçün qısa müddətə ölkə qanunvericiliyinin tələb etdiyi sənədləşməni təmin etmək iqtidarındadır. Səyyar ASAN avtomobilləri ilə, həmçinin Laçın və Ağdam-Xankəndi yolunda yaradılacaq infrastrukturla Qarabağdakı erməni vətəndaşlar üçün sahibkarlıq subyektinin qeydiyyatı, vergi ödəyicisinin identifikasiya nömrəsi - VÖEN əldə edilməsinə şərait yarada bilər. Eyni zamanda idxal-ixrac əməliyyatları üçün zəruri olan digər sənədləşmələr reallaşdırıla bilər.

Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, erməni əsilli vətəndaşların sahibkarlıq fəaliyyəti göstərmələri üçün Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun sənədlər eldə etməsi mütləqdir: “Məntiqlə və qanunvericiliklə belə olmalıdır. Qarabağdakı erməni əsilli vətəndaşlar ilk öncə Azərbaycan ərazisində şəxsiyyətlərini təsdiq edən sənəd əldə etməli, daha sonra sahibkar kimi qeydiyyat üçün müraciət etməli və VÖEN almalıdılar. Bu, gec-tez belə də olacaq. Lakin hələlik bu proseslərin başladılması müddətini və yaradılacaq mexanizmi dəqiq söyləmək mümkün deyil. Çünki bunun üçün erməni sakinlərin yaşadığı ərazilərdə Azərbaycan bank sistemi işləməyə başlamalı, müvafiq dövlət strukturları formalaşdırılmalıdır. İndilik biz erməni vətəndaşlarımıza yaşadıqları ölkənin qanunlarına tabe olmağı öyrədirik”.

Ekspertə görə, zaman keçdikcə, Qarabağdakı ermənilərə işğaldan azad olunan ərazilərdə çalışan sahibkarlar üçün nəzərdə tutulan güzəştlər tətbiq edilə bilər: “Azad olunan bütün ərazilərdə iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün biznesə çox ciddi vergi və gömrük güzəştləri tətbiq olunmalıdır. Artıq bununla bağlı bəzi addımlar atılıb. Lakin düşünürəm ki, yetərincə investisiya cəlbinə nail olmaq üçün onların daha da dərinləşdirilməsinə ehtiyac var”.

Onu da bildirək ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərə investorları üçün bir sıra stimullaşdırıcı addımlar atıb. Belə ki, bu ilin yanvarından etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib. Azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının divident gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib.

Azad olunan ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar kommunal ödənişlərdə də güzəştlər tətbiq olunur. Nazirlərin Kabinetinin müvafiq qərarına əsasən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.

Qarabağdakı erməni vətəndaşlar Azərbaycanın ərazidəsi suveren hüquqlarını tanıyaraq, ölkə qanunvericiliyinə tabe olduqdan sonra bu imtiyazlardan yararlanmaq imkanı qazanacaqlar.

Onu da bildirək ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən 2023-cü ilin yanvar-iyulunda ötən ilin yanvar - iyul ayları ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,0 faiz, hüquqi şəxslərin sayı 9,3 faiz artıb. Avqust ayının 1-nə Azərbaycanda uçotda olan 1.470.553 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.  

Avqustun 1-nə dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 169.751 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 10 faiz artım qeydə alınıb. 2023-cü il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32.934 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir. 2023-cü ilin yanvar - iyul ayları ərzində 9.133 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,6 faizi yerli investisiyalı, 12,4 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,1 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,4 faiz təşkil edib. 2023-cü ilin 7 ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.262 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət  qeydiyyata alınıb.

2023-cü ilin iyul ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin iyul ayı ilə müqayisədə 34,3 faiz,  fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7 faiz artıb.

Qarabağdakı erməni sahibkarlar Azərbaycan qanunvericiliyinə uyğun qeydiyyatdan keçməklə ölkə qanunvericiliyində idxal-ixrac əməliyyatları üzrə nəzərdə tutulan bütün növ azadolmalardan da yararlana biləcəklər. Bundan əlavə, mövcud qanunvericiliyə əsasən,bölgənin kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Eyni zamanda kənd təsərrüfatı məhsullarının ölkə daxilində satışı Əlavə Dəyər Vergisindən azaddır.

Göründüyü kimi, Azərbaycan qanunvericiliyinə tabe olmaq erməni vətəndaşlar üçün çoxsaylı güzəşt və imtiyazlar deməkdir. Dövlətin verən əlini sıxıb onlardan yararlanmaq, yaxud imtina edib o əlin dəmir yumruğa çevrilməsinə səbəb olmaq erməni sakinlərin öz seçimidir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR