İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının əsas tələbləri gerçəkləşir - Lavrovun səfərinin yeni pərdəarxası

2602 02.03.2023 09:32 Siyasət A A

Rusiya Laçın yolu və sülh sazişi məsələsində Azərbaycanı razı salmaq zorundadır - kritik dönüş; erməni mənbələr artıq məsələnin bitdiyini yazır; Bakı erməni icması ilə danışıqlar üçün xüsusi nümayəndə təyin etdi...

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri bitdi. Azərbaycanda ən yüksək səviyyədə qəbul edilən Lavrov bəzi diqqətçəkən açıqlamalar verdi. O sırada Rusiyanın forpost Ermənistandan ciddi şəkildə narazı olduğu bir daha təsdiqləndi. Belə görünür, aradakı narazılıq getdikcə güclənəcək.

Bunu Lavrovun Bakıda İrəvanın ünvanına söylədiklərinə Ermənistan parlamentinin sədri Alen Simonyanın verdiyi reaksiyadan da görmək mümkündür. Artıq məlumdur ki, Ermənistan rəhbərliyinin Moskva və Bakının razılığını almadan sərhədə uzun müddətə Avropa Birliyinin 100 nəfərdən ibarət yarım-hərbi missiyasını dəvət eləməsi Azərbaycandan çox Rusiyanı qəzəbləndirib. Şimaldan buna görə hətta Ermənistan adlı ölkənin yox ola biləcəyi hədəsi səslənib.

Aİ-nin mülki missiyası Ermənistanda fəaliyyətə başlayır » Gundelik-Baku.Com

Nəzərə alsaq ki, missiya hələ 2 il Ermənistanda olacaq, demək, rəsmi Kremlin Nikol Paşinyan hökumətinə qarşı praktik və konkret cavabı hələ qabaqdadır. Hansı cavab? Yəqin ki, tezliklə biləcəyik. Bəzi iddialara görə, Rusiya öz forpostunu Azərbaycanın əli ilə cəzalandıra bilər. Ancaq Azərbaycan yalnızca Kremlin maraqları və hədəfləri naminə, yaxud onun Qərblə qarşıdurmasında çətin ki, vasitə olsun. Rəsmi Bakı üçün ən məqbulu Moskvanın mövcud situasiyada sülh prosesini irəli aparması ola bilər. Çünki bizdən ötrü 1 nömrəli hədəf Ermənistanla sülh müqaviləsini imzalayıb bu mərhələni arxada qoymaqdır. Bunu Qərb - ABŞ və Avropa Birliyimi edəcək, yoxsa Rusiya, önəmli deyil.

Bəs Moskva prioriteti nəyə verəcək - Ermənistanı cəzalandırmağa, yoxsa Azərbaycanla sülh müqaviləsini tezləşdirməyə? Bakıda bağlı qapılar arxasında bu yöndə müzakirə gedibmi?

*****

Rusiyalı tanınmış politoloq Andrey Petrova görə, Sergey Lavrovun Azərbaycana səfərini bu xüsusda əhəmiyyətli edən çox mühüm bir detal var: “Rusiyalı nazir Bakıdan sonra formal balansı saxlamaq üçün əvvəllər olduğu kimi, İrəvana getmədi (Lavrov Bakıdan Hindistana uçub - red.) Hətta onun yaxın gələcəkdə belə, Ermənistana səfərinin mümkünlüyü barədə məlumat yoxdur. Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində bu o deməkdir ki, Moskva əvvəlcə sülhün parametrlərini Azərbaycan hakimiyyəti ilə razılaşdıracaq, bundan sonra Ermənistan rəhbərliyinə artıq onun iştirakı olmadan razılaşdırılmış məcburi fəaliyyət planını təqdim edəcək”, - deyə o ehtimal edib.

Əgər Moskva həqiqətən də İrəvanı bu şəkildə cəzalandıracaqsa, olsun. Xüsusən də Rusiya Ukrayna konflikti nəticəsində Cənubi Qafqazdan çıxmalı olacaqsa, onda gedərkən Kreml ən böyük pisliyini kimə edir-eləsin, Azərbaycandan savayı. Bakının mövqeyi bütün variantlar üçün yetərincə güclü və möhkəmdir. Azərbaycanın verəcəyi reaksiya çevik və adekvat olacaq. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycanın potensial sülh moderatorlarının hamısı ilə münasibətləri yaxşıdır - istər Rusiya olsun, istərsə də ABŞ və Avropa Birliyi ilə.

Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi”

Elxan Şahinoğlu

Öz növbəsində politoloq Elxan Şahinoğlu Lavrovun son Bakı səfərinin nəticələri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bir cümləyə dıqqət çəkib. Orada deyilir: “Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.

Politoloqa görə, bu cümləni belə də oxumaq olar: “Ermənistan razılaşmaları yerinə yetirmədiyi üçün Azərbaycan gərəkli bildiyi addımları atacaq”.

Onun fikrincə, bu addımlardan ən başlıcası Laçın yolunda sərhəd-gömrük xidmətinin yaradılması olmalıdır.

Söhbət təbii ki, həm də 10 noyabr sənədinin tam reallaşmamış qalan 4-cü bəndindən (qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasından) və Laçın yolunda ikitərəfli hərəkətin şəffaflığından gedir. Aydındır ki, şəffaflıq təmin edilmədən ərazimizdə silahlı separatçılar da meydan sulamağa davam edəcək.   

*****

Laçın yolunun “açılması” üçün Azərbaycanın daha 3 tələbi var” - “Hraparak”  | KONKRET

“Görünür, Laçın dəhlizində rentgen aparatının quraşdırılması artıq bitmiş mövzudur”.

“Yeni Müsavat” xəbər verir ki, bunu erməni müxalifətçi deputat Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılara Dağlıq Qarabağa hansı malların gətirilməsinə nəzarət etməyə imkan verəcək rentgen aparatının quraşdırılması müzakirə olunur (S.Lavrov Bakıda bunun mümkünlüyə artıq işarə vurub).

Deputat Azərbaycanın ilkin şərtlərinin getdikcə artdığını qeyd edərək, hazırkı mərhələdə hansısa konsensus əldə olunsa və dəhliz açılsa belə, bu şərtlərin bitməyəcəyini vurğulayıb.

“Azərbaycan dəhlizlə bağlı ən azı 4-5 ilkin şərt irəli sürüb. Onlardan yalnız biri Ruben Vardanyanla bağlı olub. Əsas problem Qarabağdakı mədəndə Azərbaycanın mümkün iştirakı, eləcə də Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizdə Azərbaycanın nəzarətinin həyata keçirilməsi ilə bağlıdır”, - Abramyan bildirib.

“Hraparak” erməni qəzeti isə yazıb ki, Azərbaycan Laçın dəhlizinin açılması ilə bağlı əlavə tələblər irəli sürüb (Axar.az).

Yazıda R.Vardanyanın “vəzifə”dən uzaqlaşdırılmasından sonra Azərbaycan tərəfdən minaların monitorinqi, Xankəndi-Gorus magistralında rentgen skanerinin quraşdırılması və Qarabağdan qanunsuz hərbi texnikanın çıxarılması kimi şərtlər irəli sürdüyü deyilir.

Qəzet həmçinin öz mənbələrinə istinadən rentgen skanerin quraşdırılmasının prioritet tələb olduğunu vurğulayıb. Separatçıların isə skanerə nəzarətin uzaqdan həyata keçirilməsi və yolda yalnız rus sülhməramlıların olması şərtilə sözügedən tələbləri qəbul elədikləri bildirilir.

*****

Yazı hazırlanarkən məlum oldu ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycanın Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək. Çünki onlar bizim vətəndaşlar sayılır və dövlətin öz təbəələri ilə danışması tam normaldır...

Analitik xidmət,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR