İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan verilən mesajların açması: Orta Dəhlizin sirri və gələcəyi...

1684 26.11.2022 23:40 Gündəm A A

Azərbaycanın əsas prioriteti Şərq-Qərb nəqliyyat dəhlizi və Avropaya yönəlik enerji layihələridir

Beynəlxalq və regional proseslər Azərbaycanı nəhəng bir layihənin açar ölkəsinə çevirib. Ukraynada başlanan Rusiya işğalı dünya ticarət-logistika xəritəsində böyük dəyişikliklərin edilməsini gündəmə gətirib. Bu dəyişikliyin mahiyyətində Asiya ilə Avropa arasında ticarət əlaqələrinin Rusiyadan kənar ərazilərlə yenidən qurulması dayanır. Proses Ukraynaya hücumdan dərhal sonra başladılaraq, kifayət qədər inkişaf etdirilib. Artıq Asiyadan gələn yüklərin mühüm bir hissəsini ötürəcək Orta dəhlizlə bağlı dünya güclərinin vahid mövqeyinin formalaşması mərhələsi yekunlaşmaqdadır. Bu dəhlizin açarının Bakıda olması isə heç kimdə şübhə doğurmur.

Avropa Birliyi və onun yaxın müttəfiqi olan ABŞ Asiyadan gələn yüklərin  Xəzər dənizi üzərindən məhz Azərbaycan vasitəsilə ötürülməsinə hər hansı alternativin olmadığını qəbul ediblər. Hər iki mərkəzdən Orta Asiya ölkələrinə yüksək vəzifəli rəsmilərin səfərləri görünməmiş həddə intensivləşib. Hər iki mərkəz Azərbaycana daxil olacaq yüklərin yalnız Gürcüstan deyil, Ermənistan üzərindən də ötürülməsinə İrəvanın Rusiya təsirindən çıxarılmasının əsas yollarından biri kimi baxırlar. Buna görə də Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması üçün intensiv təşəbbüslərin ardı kəsilmir.

İlham Əliyev: "İtaliya-Azərbaycan Universitetinin tikintisinə vəsait  ayrılacaq"

ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzulu beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bəyan edib ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır: “Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”.

Prezident böyük regional və beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı olmaq üçün gərgin işləməyin lazım gəldiyini vurğulayıb: “Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur. Buna görə istər enerji layihələrimizin, istərsə də nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir”.

Ukrayna vətəndaşları Azərbaycanda uzun müddət qala biləcək

Qeyd edək ki, Azərbaycan Ukrayna müharibəsindən az qala 10 il əvvəldən qarşısına regional tranzit habına çevrilmək məqsədi qoyaraq, həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin işləməsi üçün öz ərazisində böyük infrastruktur layihələri icra edib. Prezidentin çıxışında bu məsələyə xüsusi diqqət yetirilib: “Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir. Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var.

Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür.

Zəngilan iqtisadi güc mərkəzinə çevrilir: Beynəlxalq hava limanının verdiyi  üstünlüklər

Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb”.

Azərbaycan yalnız tranzit habı deyil, enerji, xüsusilə də təmiz enerji ixracatçısı kimi imkanlarını kəskin şəkildə genişləndirmək niyyətindədir: “İki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq.

Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Bunun üçün türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq. İndi Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir”.

EPİAŞ | Enerji Piyasaları İşletme A.Ş.

Azərbaycan etibarlı tərəfdaş olaraq Avropa İttifaqına söz verdiyi qaz həcmlərini təmin etməkdə qərarlıdır. Bunun üçün ölkəmizin imkanları var: “Cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırır”.

Prezident İlham Əliyev ölkəmizdəki ən böyük neft-qaz yataqlarının işlənməsi layihələrində böyük payı olan Böyük Britaniyanın bp şirkəti ilə tərəfdaşlığın daha da genişləndiriləcəyini deyib, bu şirkətin fəaliyyətindən məmnunluğunu ifadə edib: “BP ilə əməkdaşlığımız davam edir. BP Azərbaycanda strateji sərmayədardır, habelə “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. BP, həmçinin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarını verib. Bu, onların nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır”.

İşğaldan azad olunmuş ərazilərdə enerji təchizatı bərpa olunur

Azərbaycan işğaldan azad etdiyi əraziləri təmiz enerji mənbəyi kimi görür, bu potensialı reallaşdırmaq üçün mühüm addımlar atır: “Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Bölgənin hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib”.

İlham Əliyev beynəlxalq konfransda iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidentinin beynəlxalq konfransda verdiyi mesajlar Azərbaycanın yaxın və ortamüddətli dövrdə regional iqtisadi layihələrin taleyinə aydınlıq gətirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Ölkənin hazırkı prioritetinin Şərq-Qərb nəqliyyat dəhlizi – Orta marşrut olduğunu, Şimal-Cənub dəhlizinin ondan sonra gəldiyini açıq bəyan edən İ.Əliyev bu iki layihənin iştirakçısı olan, layihədə maraqlı olan tərəflərə Bakının mövqeyini çatdırmış oldu. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı uzun illər Azərbaycanın marağını qulaqardına vuraraq üzərinə düşən işləri ləngidən İran tərəfinə açıq mesaj verildi ki, bu layihə Şərq-Qərb üçün sadəcə, sinerji əlavə edə bilər. İşğalçı Rusiyaya hərtərəfli dəstək verən Tehran hazırda Şimal-Cənub dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində maraqlıdır. Buna görə də dəhlizin işləməsi üçün zəruri olan layihələrin icrasını sürətləndirməyə çalışır. Azərbaycan isə dəhlizlə bağlı üzərinə düşən işləri çoxdan başa çatdırıb. İran prosesi sürətləndirmək, ümumiyyətlə, dəhlizin işləməsini istəyirsə, Azərbaycana qarşı düşmən mövqeyindən çəkilməli, təhdid ritorikasını dəyişməlidir...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR