İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ofisi olan USAİD-ə dövlət çevrilişi ittihamı

1403 04.10.2023 15:10 Siyasət A A

Gürcüstan DTX-sı ölkədə iğtişaşlara hazırlıq üçün xaricdən maliyyə ayrıldığını açıqlayıb, Qaribaşvili hökuməti izahat tələb edir; YAP funksioneri də USAİD-in rəngli inqilablara dəstək verdiyini iddia etmişdi

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ilin oktyabr-dekabr aylarında ölkədə iğtişaşlara hazırlıq barədə məlumat verib. Təhlükəsizlik xidmətinin bəyanatına görə, iğtişaşlar xarici ölkələrin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılıb.

Oktyabrın 2-də dərc edilmiş araşdırma məlumatında deyilir ki, Serbiya vətəndaşları Sinişa Saykman, Yelena Stoysiç və Slobodan Jinoviç USAID proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə 25 sentyabr 2023-cü il tarixində Gürcüstana gəliblər. Gürcüstanın baş naziri İrakli Qaribaşvili ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerli ofisindən düzgün və şəffaf izahat tələb edib. “Bizim USAID-lə bir çox sahələrdə uzunmüddətli əməkdaşlığımız var, ona görə də belə faktların baş verməsi təəssüf doğurur”, - Qaribaşvili bildirib.

ABŞ səfirliyi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) USAİD-lə bağlı bəyanatını yalan adlandırıb. Səfirliyin bəyanatında ABŞ-ın Gürcüstana yardım istiqamətlərindən birinin tamamilə yanlış səciyyələndirildiyi bildirilib: “Bu gün yardım layihələrimizdən birinə qarşı açıq şəkildə səsləndirilən iddialar yalandır və Gürcüstana yardımımızın məqsədlərini kökündən yanlış xarakterizə edir. USAİD 1992-ci ildən bəri gürcü xalqını dəstəkləyir. Həmişəki kimi, yardımımız şəffafdır və hökumətin istənilən narahatlığını müzakirə etməyə hazırıq”. Bəyanatda USAİD-in DTX-nın Gürcüstanda iğtişaş hazırlığı görməkdə ittiham etdiyi CANVAS təşkilatı ilə iki ildən çoxdur ki, əməkdaşlıq etdiyi, təşkilatın ailələrə və icmalara öz problemlərini çatdırmağa yardım etdiyi bildirilib. Vurğulanıb ki, ABŞ əsassız ittihamlara rəğmən Gürcüstan təşkilatlarını dəstəkləməyə davam edəcək.

Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın  müstəqillik tarixinin mühüm səhifəsidir | 1news.az | Xəbərlər

 Vüqar Rəhimzadə

Hələ may ayında “İki sahil” qəzetinin baş redaktoru, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) başda olmaqla, ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güddüyünü bəyan etmişdi. YAP funksioneri bildirmişdi ki, ABŞ-ın maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir. “Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur. USAİD 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var?”, -  deyə Rəhimzadə sual etmişdi. 

“Yeni Müsavat” o zaman bu mövzuya geniş diqqət yetirmişdi və yerli ekspertlərin rəyini öyrənmişdi. Qeyd edək ki, bir neçə gün əvvəl USAİD rəhbəri Samanta Pauer Ermənistandan sonra Bakıda olub. Onun səfərinin məqsədi fərqli idi. Lakin Pauer Soros Fonduna yaxın bir fiqurdur və Azərbaycana xoş münasibəti yoxdur. O, dəfələrlə Bakını ittiham edib. İki il öncə Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciət edib və Azərbaycanla Türkiyəni “vəhşi” adlandırmışdı. Ümumiyyətlə, USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumların ölkəmizdə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi haqda zaman-zaman iddialar səslənib. İndi isə Gürcüstan DTX-sının və hökumət başçısının açıqlamaları Cənubi Qafqazda “USAİD təhlükəsi” məsələsini aktuallaşdırır. Tiflisdən sonra Bakı üçün bu təşkilat hansı riski vəd edir? Təşkilatın analoji fəaliyyəti Azərbaycanda da ola bilərmi?

Arzuxan Əlizadə: "Qısa müddətdə 4000-dən çox üzv cəlb etmək asan deyil"

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, USAİD-in Azərbaycanda əməkdaşlıq etdiyi təşkilatlar var: “Bu da dediyiniz məsələni zaman-zaman gündəmə gətirir. İndi Gürcüstanda yaşanan qalmaqal mövzunu ikiqat aktuallaşdırır. Ümumən USAİD, Soros, Nauman kimi fondların adı həmişə "rəngli inqilab"lara sponsorluqda hallanıb. Onların maliyyə qaynaqları da suallar doğurub". A.Əlizadə Azərbaycanın separatizmlə mübarizəsinə fərqli yanaşmalar ortaya qoyanların olduğunu xatırlatmaqla bəzi təftişlər aparılmasını zəruri sayır: “Bizim haqlı addımlarımıza qarşı bəzi "sülh göyərçinləri, “no var”çılar meydana çıxmışdı. Bəzi təşkilatlar da onların yedəyində gedirdilər. Bu kampaniya da görünür ki, maddi maraqlar qarşılığında olub. Ona görə xüsusi xidmət orqanları belə məsələlərə diqqət ayıra bilərlər. Azərbaycanın milli maraqları hər şeydən üstündür və dövlət təhlükəsizliyinə təhdid yaradan hallarla bağlı araşdırmalar aparılmalıdır".

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin fikrincə, ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyətindədir: “Onun vintcikləri də özünü göstərməkdədir. Bu gün Ermənistan-Azərbaycan münasibətlərində nizamlama prosesində Moskvanın vasitəçiliyini Vaşinqton korlamağa çalışır. Gürcüstanda da fikir ayrılığı var. Ölkə prezidenti Qərbə inteqrasiya xəttini müdafiə edir, baş nazir Avropaya tənqidlər səsləndirir. Yəni ABŞ regionda üç ölkəni Rusiya ilə düşmən etməyi hədəfləyib. Amma rəsmi Bakının öz xarici siyasət strategiyası mövcuddur. Ona görə Gürcüstan üzərindən sınaqlar həyata keçirilir və bu ölkədə inqilab etməklə Azərbaycanın enerji dəhlizinin qarşısını kəsməyə cəhd göstərilir. Hesab edirəm ki, Türkiyə, Rusiya, Azərbaycan əməkdaşlığı bölgədə stabilliyin qorunub saxlanmasına gətirib çıxaracaq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR