İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda inkassatora hücumun yaratdığı bəzi suallar, Azərbaycan polisinin operativliyi

957 07.03.2023 12:24 Siyasət A A

Mahmud Hacıyev: “İnformasiya kirliliyinə də peşəkarcasına reaksiya verildi, bütün yanlış məlumatlar doğru xəbərlər təqdim edilməklə sıradan çıxarıldı”

Martın 4-də Bakıda Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verdi. Hücum edənlər “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayevi odlu silahla yaralayıb, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimovu isə öldürdülər. Avtomat və tapançadan hücum edən cinayətkarlar gündüz vaxtı, insanların marketə axın etdikləri zaman bu cinayət əməlini törətməklə oradakı hər kəsin həyatı üçün təhlükə yaratdılar.

Elə buna görə də hadisə sosial şəbəkələrdə, ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Lakin vaxtında verilən rəsmi açıqlamalar, polisin çevikliyi insanlarda qorxu və xofun qarşısını almış oldu. Hadisə günorta saat 13 radələrində baş verdi və artıq 22 radələrində hadisəni törədənlərin polis tərəfindən zərərsizləşdirilməsi xəbəri yayıldı.

Bu hadisə də sübut etdi ki, Azərbaycan polisi, hüquq-mühafizə orqanları cinayətkarlara qarşı hər zaman ən operativ şəkildə fəaliyyət göstərir, onların zərərsizləşdirilməsi, fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində var gücləri ilə çalışırlar. Cəmi 9 saat ərzində operativ qaydada həm əməliyyat aparıldı, həm də rəsmi açıqlamalarla yalnış, qeyri-dəqiq informasiyaların yayılmasının qarşısı alındı.

Artıq məlumdur ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib, digəri yaxalanıb.

Cinayətkarın vaxtında tapılması, operativ açıqlamaların verilməsi həm də bizi sevməyən həmin qüvvələrin arzusunu ürəyində qoydu. Bununla belə, hadisə təhlükəsizlik baxımından sıravi insanlarda müəyyən təlaş yaratdı.

Bəzi iddialara əsasən, bu, tamah məqsədilə törədilmiş qəsdən adam öldürmə cinayəti də ola bilər, ictimai təhlükəsizliyi pozmaq təhdidi ilə siyasi qərarların qəbuluna nail olmaq üçün törədilən terror aktı da.

Bu kimi olayların profilaktikası üçün nələr edilməli, əhali nələrə diqqət etməlidir? Belə halları önləmək mümkünmü? Mühafizəçinin qətlindən yayınmaq olardımı? İnkassatorların mühafizəsində bütün fors-major vəziyyətlər nəzərə alınıbmı?

interview.az - Keçmiş polis rəisi Mahmud Hacıyev: "Cibgirliklə məşğul olan  qızlar adətən səliqəli geyinir və bir qrupda ən azı 3 nəfər olurlar"

Mahmud Hacıyev

Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, cəmiyyət olan yerdə cinayət də var: “Belə basqınlar Azərbaycan üçün xarakterik deyil. Əsasən ABŞ-da inkassatorlara belə hücumlar haqda məlumatlar tez-tez olur. Azərbaycanda isə inkassatorlara hücum barmaqla sayılacaq qədər azdır. Bununla belə, hər bir hücum diqqətlə araşdırılmalı, inkassatorların, mühafizəçilərin hər bir addımının təlimata uyğun olub-olmaması da aydınlaşdırılmalıdır. Günün günorta çağı iki silahlı inkassatora hücum edir. Həmin anda mühafizəçilərin addımlarının təlimata uyğun olub-olmamasını istintaq araşdırmalıdır. Amma görünən odur ki, hücumçulara atəş açılmır, onların zərərsizləşdirilməsi istiqamətində hər hansı bir addım müşahidə olunmur. Hücum edənlər isə kifayət qədər peşəkar və soyuqqanlı davranırdı. Belə görünür ki, silahla davranmağı bacarırlar. Atışmaya da alışmış şəxs təəssüratı yaradırlar. Mümkündür ki, hücum zamanı hər iki şəxs narkotikin təsiri altında olub. Ağlı başında olan adam günün günorta çağı insanların çox olduğu və dörd bir tərəf kamera nəzarətində olan əraziyə bu şəkildə basqın etməz. Polisin davranışlarına gəlincə isə operativ addımlar atıldı. Günorta saatlarında baş verən basqından sonra DİN-in fövqəladə səfərbər olunduğuna şübhə yox idi. Cinayətkarların yaxalanması istiqamətində ən operativ tədbirlər görüldü. Axşamtərəfi basqınçıların gizləndiyi yer müəyyən edildi və dərhal əməliyyat keçirildi. Əli silahlı basqınçılardan biri yerindəcə zərərsizləşdirildi, digəri isə tərk-silah olunaraq tutuldu. Azərbaycan polisi öz vəzifəsinin öhdəsindən layiqincə, yüksək peşəkarlıqla gəldi”.

Mahmud Hacıyev deyir ki, basqın baş verən andan DİN olayla bağlı informasiyaları ictimaiyyətə çatdırmaqla çaşdırıcı, təlaş yaradıcı məlumatları da zərərsizləşdirmiş oldu: “İnformasiya kirliliyinə də peşəkarcasına reaksiya verildi, bütün yanlış məlumatlar doğru xəbərlər təqdim edilməklə sıradan çıxarıldı. DİN-in əməliyyat və informasiya sahəsində operativ və peşəkar fəaliyyətini hər kəs gördü. Bir daha təsdiqləndi ki, Azərbaycanda stabilliyin qarantı DİN-dir”.

Sabiq polis rəisi deyir ki, belə halların, ümumiyyətlə, aradan qalxması üçün Azərbaycanda inkassator fəaliyyətinin təkmilləşdirilməsinə və bu fəaliyyətlə məşğul olanların mütəmadi olaraq təlim-məşq prosesinə cəlb etməyə çox ciddi ehtiyac var: “Hər dəfə bir "çp" olandan sonra əl-ayağa düşməmək üçün əvvəlcədən işi düz qurmaq, inkassasiya xidmətinə cəlb olunmuş mühafizəçilərin mütəmadi olaraq təlim-məşq prosesinə cəlb etməyə çox ciddi ehtiyac var. Dəfələrlə rastlaşırıq ki, mühafizəçilər deyib gülə-gülə maşından düşür, söhbət edir, hücum ehtimallarını sankı unutmuş kimi görünürlər. İnkassasiya fəaliyyətinə cəlb olunan mühafizəçilər 1 saniyə olsun belə sayıqlıqlarını itirməməlidirlər. Hər zaman ehtimali hücuma hazır vəziyyətdə olmalıdırlar. Silahları daim hazır vəziyyətdə olmalı, hər bir xırda detala fikir verməlidirlər. Çox təəssüf ki, belə bir hadisə meydana gəldi, gənc bir mühafizəçi öldürüldü. Bu hücumla bağlı polisin operativ və peşəkar fəaliyyətini görsək də, eyni sözü mühafizə haqda deyə bilmirik. Çalışmaq lazımdır ki, inkassasiya xidmətinin mühafizəsi peşəkarlar tərəfindən gerçəkləşsin ki, gələcəkdə belə hallar olacağı təqdirdə, cinayətkarlar yerindəcə zərərsizləşdirilsin".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR