İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "Cundul Şam" üzvünə hökm oxundu – “Saflığımdan istifadə etdilər”

942 18.09.2023 13:20 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Suriyada silahlı birləşmə tərkibində döyüşməkdə ittiham olunan Bəxtiyar Şıxıyevin cinayət işi üzrə araşdırmalar sona çatıb.

Musavat.com xəbər verir ki, elan olunan hökmlə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bəxtiyar Şıxıyev hələ 10 il öncə həyat yoldaşı, qaynı və qayınanası ilə birlikdə Suriyaya gedib, orada "Cundul Şam" adlı qrupa qoşulub. Astma xəstəliyindən əziyyət çəkən qaynı orada vəfat edib, qayınanası Suriyada ərə gedib. Özü və həyat yoldaşı isə Suriyada doğulan övladını da götürüb Türkiyəyə gəliblər.

Bir müddət sonra həyat yoldaşı oradan da Azərbaycana qayıdıb və burada evə basqına görə həbs olunub. Özü də 9 il Türkiyədə yaşayandan sonra 2022-ci ildə Azərbaycana qayıdıb və vaxtilə Suriyada silahlı qruplaşmalara qoşulmağa görə həbs edilib. Həm ata, həm də ana həbsdə olduğundan onların 8 yaşlı oğlu babasının himayəsindədir.

33 yaşlı Bəxtiyar Şıxıyev 2022-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs olunub. Ona CM-in n 283-1.3 (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədi ilə yaradılan qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak) maddəsi ilə ittiham verilib. Bəxtiyar Şıxıyevin cinayət işinin materiallarına görə o, Suriyada xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silahlardan istifadə qaydalarını öyrənib, "Cundul Şam" adlı dəstənin tərkibində iştirak edib. Bəxtiyar Şıxıyev məhkəmədə ittihamı təsdiqləyən ifadə vermişdi. Demişdi ki, əslən Cəbrayıl rayonundandır, 2013-cü ildə Elxan adlı tanışı vasitəsilə Suriyaya gedib: "Deyirdi ki, burada müsəlmanlara əziyyət verirlər, onları xilas etməliyik. Mənim saflığımdan istifadə edib Suriyaya apardılar. Əvvəl İstanbula, sonra Qaziantəpə, oradan Suriyaya getdik. Demişdilər ki, təlim keçəcəklər. Dekabr idi, hava şəraitinə görə keçmədik".

O, İŞİD-ə ("İslam Dövləti" terror qruplaşması) qoşulmayıb, əksinə, ona qarşı döyüşən "Cundul Şam"ın tərkibində olub. Deyir ki, özü heç vaxt döyüşməyib. Məhkəmədə Suriyada azərbaycanlıların çox olduğunu vurğulayan Bəxtiyar Şıxıyevin sözlərinə görə, bir müddət sonra Türkiyəyə qayıdıb.

"Ora gedəndən sonra gördüm ki, vəziyyət deyildiyi kimi deyil. Hamı özünə müsəlman deyir, amma bir-birini öldürür. Türkiyəyə qayıdandan sonra 2 il 7 ay həbsdə yatdım. Ümumilikdə 9 il Türkiyədə yaşadım. Azərbaycana qayıtmağa qorxurdum. Valideynlərim qocalırdı, fikirləşdim ki, nə olursa olsun, gəlim. 20-25 gün sonra DTX-dan çağırdılar...", – Şıxıyev ifadəsində bildirib.

Ona Cinayət Məcəlləsinin 283-1.3 maddəsi ilə ittiham verilmişdi. Bu maddədə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR