İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı yenidən nəhəng enerji layihələrinin müzakirə mərkəzinə çevrilir – Bu dəfə ortada tükənməz mənbələrdir

1572 02.02.2023 22:59 Gündəm A A

Fevralın 3-də Bakıda Azərbaycanın enerji potensialının reallaşması istiqamətində fəaliyyətlərin təşkili baxımdan çox mühüm tədbirlər keçiriləcək. Belə ki, sabah paytaxtımız həm Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasına, həm də ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasına ev sahibliyi edəcək.

Tədbirlərdə beynəlxalq qurumların, xarici ölkələrin təmsilçiliyi yenə yüksək səviyyədə olacaq. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iclaslarda iştirak edəcəklər.

Həmçinin enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumların yüksək vəzifəli təmsilçiləri iclaslara qatılacaqlar.

571857c0dq_015.jpg (263 KB)

İclaslarda “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalar keçiriləcək.

1578662986_channels4_banner.jpg (1.22 MB)

Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Bu il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası mühüm bir ərəfədə baş tutur. Belə ki, 2022-ci ilin yayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji memorandumuna əsasən ölkəmizin Avropaya qaz ixracının 2027-ci ilədək ikiqat artırılaraq 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu isə Cənub Qaz Dəhlizinin hər iki komponentinin– TANAP və TAP kəmərlərinin genişləndirilməsi lazımdır. Artıq hər iki məsələ ilə bağlı müzakirələr başlanıb. Məşvərək Şurasının bu ilki toplantısında bu istiqamətdə konkret razılaşmaların əldə olunacağı istisna olunmur.

34195_vr54j9k2ht copy copy Копированиеjpg-1610570485.jpg (259 KB)

Digər tərəfdən, bu il həmçinin memorandumda nəzərdə tutulan digər məsələ – Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı maraqlı tərəflərin birgə toplantısında müzakirə olunacaq. Sabah Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasında məhz memorandumun bu bəndinin icrası ilə bağlı müzakirələr aparılacaq.

Hər üç istiqamət Azərbaycanın Avropanın enerji təminatındakı rolunun artırılmasını təmin edəcək məsələləri ehtiva edir. Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədən qaz alışını tələbatının 45 faizindən 4 faizinə qədər azaltmağa nail olan Avropa İttifaqı bu nəticəni həm də qaz istehlakını kəskin azaltmaqla əldə edə bilib. İttifaq ölkələrinin sənayesi bundan ciddi zərər çəkməkdədir. Bu isə yaxın və ortamüddətli dövrlərdə Avropanın daha çox qaza ehtiyacının yaranacağı deməkdir. Ehtiyacın artması isə Azərbaycandan daha çox qazın nəqli üçün zəruri olan layihələrin maliyyələşməsinə vəsait ayrılmasına imkan yaradacaq.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Daha sonra 2027-ci ilədək təkcə Avropaya çatdırılacaq qaz həcminin 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.

800x450-SD-new.jpg (39 KB)

Demək olar ki, Azərbaycanın öz gücünə icra olunan Cənub Qaz Dəhlizi bu gün Avropanın əsas təminatçılarından birinə çevrilmək yolunda inamla irəliləyir. Bu, 10 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliklə verdiyi qərarların nəticəsidir. Çünki Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Beləliklə, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir. Prezident İlham Əliyev bu barədə bildirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.

Azərbaycan Prezidenti daha bir nəhəng layihənin icrasına başlanması barədə qərar qəbul edib. Bu, Azərbaycanın həm də yaşıl enerji təchizatçısına çevrilməsi layihəsidir. 2022-ci ildə bu layihənin reallaşması istiqamətində ilk və mühüm addımlar atılıb. İyul ayında Avropa İttrifaqı ilə imzalanan memorandumda Azərbaycandan elektrik enerjisi və maye hidrogenin ixracı barədə bəndlər də yer alıb. Hər iki istiqamətdə işlərə artıq başlanıb.

dfe04e48775a99f25476da59732d453a_4406686.jpg (370 KB)

Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Eyni zamanda ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir.

Qeyd edək ki, Azərbaycanda külək enerjisinin istehsalı ilə bağlı təkliflər 20 ildən yuxarıdır səsləndirilir. 2000-ci illərin əvvəllərində Abşeron yarımadasının külək enerjisi potensialına dair bir neçə araşdırmalar aparılıb. Son illərdə bütün dünyada külək enerjisinə yatırımların sürətlə artması Azərbaycanda bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə Avropa ölkələrinin dənizdə külək istehsalına başlaması daim küləklərlə zəngin olan Xəzər dənizinin potensialından istifadə məsələsini aktuallaşdırıb. Son 3 ildə bu potensialın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmaqla, onun 157 giqavatta bərabər olduğu aydınlaşdırılıb. Bu qədər böyük potensialın reallaşdırılması kifayət qədər iddialı, amma mümkün məsələdir. Çünki dünyada dənizdə külək enerjisi istehsalının maya dəyəri sürətlə azalır. Avropa İttifaqında bu göstərici qazdan alınan enerjidən aşağıdır hazırda. Buna görə də Azərbaycanın Xəzərdə külək stansiyaları quraraq alınan enerjini ixrac etmək planı potensial investorlar tərəfindən real qiymətləndirilməklə ciddi marağa səbəb olub.

Azərbaycan ortamüddətli perspektivdə alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və yaşıl enerjinin – hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Əsas ixrac coğrafiyası olaraq Gürcüstan, Türkiyə və Avropa nəzərdə tutulur.

14670935901134010285_1000x669 copy copy Копированиеjpg-1610570513.jpg (160 KB)

Avropa İttifaqı ilə imzalanan memorandumda nəzərdə tutulan müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.

Məlumat üçün bildirək ki, Prezidentin haqqında bəhs etdiyi strateji investor bp şirkətidir. Bp Cəbrayıl rayunu ərazisində günəş elektrik stansiyası quracaq. İkinci memorandum isə Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

51.jpg (35 KB)

Onu da bildirək ki, Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Komissiyanın Prezidenti Ursula fon der Lyayen hesab edir ki, Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regiona təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.

Artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır. Bunlardan biri Serbiyadır. Bu ölkənin Prezidenti Aleksandr Vuçiç Bakıda olarkın ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq niyyətində olduğunu deyib.

Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Qara dənizin dibi ilə kabelin çəkilməsi başa çatana qədər Azərbaycan lazımi enerji istehsalını təmin etməlidir. Bu baxımdan, böyük investorların layihəyə maraq göstərməsi mühüm amildir. 2022-ci ilin dekabrında Azərbaycanda olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan -Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib ki, ölkəsi bu layihəyə qoşulmaq istəyir: "Bildiyiniz kimi "Acwa Power" şirkəti 240 meqavatlıq enerji layihəsi Azərbaycanda icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enejisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".

Rəsmi statistikaya əsasən bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 26 milyard 413,6 milyon kilovatt/saat əmtəəlik elektrik enerjisi istehsal olunub. Bu,əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən ötən il Azərbaycan xaricə 1 milyard 711 milyon 432,88 min kilovatt/saat elektrik enerjisi ixrac edərək bundan 121 milyon 598.37 min dollar gəlir əldə edib. 2021-ci ildə ixrac 1 milyard 588 milyon 412.05 min kvt/saat olmuşdu ki, bundan da 69 milyon 343.43 min dollar gəlir götürülmüşdü. Göründüyü kimi, 2021-ci illə müqayisədə ixrac həcmi 7,2 faiz, əldə olunan gəlir həcmi isə 75,3 faiz artıb. Bu isə elektrik enerjisi ixracının getdikcə daha çox gəlir gətirdiyini göstərir. Bu enerjinin maya dəyəri sürətlə aşağı düşməkdə olan alternativ mənbələrdən əld olunması onun tükənməzliyini təmin edəcək.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər də bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-a dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

40652jpg-1612472164jpg-1671486959.jpg (277 KB)

Bundan əlavə olaraq ölkə Prezidentinin tapşırığına əsasən işğaldan azad edilmiş əraziləridə "Yaşıl enerji" zonası yaradılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsi hazırlanıb və artıq hökumətə təqdim edilib.

Energetika Nzirliyindən verilən məlumata görə, Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub: “İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur”.

Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir. Bunlar “Güləbird” SES - 8 MVt; “Suqovuşan-1” KSES - 4,8 MVt; “Suqovuşan-2” KSES - 3,0 MVt; “Kəlbəcər-1” KSES - 4,4 MVt. Stansiyalarıdır.

Eyni zamanda Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.

Həmçinin Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək. Bundan başqa, 3 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanıb”.

135e5504d2d2729.jpg (62 KB)

Azərbaycan hökuməti hesab edir ki, Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsi ilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan Muxtar Respublikasına çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, artıq bp-dən əlavə, bir sıra xarici şirkətlər də işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrindən enerji istehsalına maraq göstərməyə başlayıblar. Məsələn, Koreya Respublikasının şirkətləri artıq bu işə maraq göstərirlər. Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq bildirib ki, . Koreyanın “Securo” şirkəti Kəlbəcər və Laçın rayonlarında 100 MVt gücündə Külək Elektrik Stansiyasının tikintisində iştirak etmək yollarını araşdırır.

Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında yeni və nəhəng enerji layihələrinin icrasına başlayır. Bu layihələrin uğurla həyata keçirməsi Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini qat-qat gücləndirəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR