İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Xankəndi dialoqunda gediləsi uzun yol - deputat deyir ki...

805 28.02.2023 09:41 Siyasət A A

Avropa İttifaqı Qarabağ erməniləri ilə təmasların qurulmasını təqdir edir; bəs “yol xəritəsi” varmı?

Erməni oliqarx - dələduz Ruben Vardanyan “istefaya” göndəriləndən cəmi bir gün sonra - fevralın 24-də Azərbaycan nümayəndələri ilə erməni icmasının təmsilçiləri arasında görüş xəbəri yayılıb.

“Yeni Müsavat” xəbər verir ki, görüşün Rusiya sülhməramlı kontingentin vasitəçiliyi ilə baş tutduğu deyilir.  Bakıdan rəsmi şərh verilməsə də, bu qəbildən təmaslar yəqin ki, get-gedə intensiv xarakter alacaq. Ona görə ki, qaçılmazdır. Xüsusən də öz gələcəyini təhlükəsiz və aydın görmək istəyən Qarabağdakı erməni azlıq üçün. Qeyd edək ki, separatçıların qondarma “prezidenti”nin “mətbuat katibi” Lusine Avanesyan görüş xəbərini təsdiqləyib. “Görüşdə Artsaxın blokadasının aradan qaldırılması, təbii qaz və elektrik enerjisinin sabit və fasiləsiz təchizatı ilə bağlı məsələlər müzakirə edilib. Ermənistan-Artsax qaz kəmərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, yeganə yüksək gərginlikli elektrik xəttinin təmiri və elektrik enerjisi təchizatının bərpası barədə razılıq əldə olunub”, - Avanesyan deyib.

Onun sözlərinə görə, “artsax” Azərbaycan tərəfdən müvafiq addımlar gözləyir ki, bu da erməni mütəxəssislərə elektrik kabelinin zədələnmiş hissəsinə çatmağa, zədələri qiymətləndirməyə və təmir işlərinə başlamağa imkan verəcək. “Yolun blokadasının aradan qaldırılmasına gəlincə, əldə etdiyimiz məlumata görə, Rusiya tərəfi bu istiqamətdə səylərini davam etdirir və ümid edirik ki, bu yöndə tezliklə müsbət dəyişikliklər olacaq”, - deyə o qeyd edib. Öz növbəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar görüşü yüksək qiymətləndirib. “Biz elektrik enerjisinin və qazın verilişinin bərpa olunduğunu gördük. Və bu kontekstdə ümid edirəm ki, işlər düzgün istiqamətdə gedir. Avropa İttifaqı ardıcıl olaraq vəziyyətin yumşaldılmasının tərəfdarıdır. Biz həm pərdəarxası, həm də ictimai formada müxtəlif təmaslarda olmuşuq. Ümumiyyətlə, Qarabağın erməni əhalisinin yaşadığı yerdə özlərini təhlükəsiz hiss etmələri vacibdir və bunun üçün Bakı ilə Stepanakert (Xankəndi - red.) arasında həqiqi dialoqa başlamaq vacibdir. İnsanlarla ünsiyyətdə olmaq, onları cəlb etmək, onların gələcəkdə yaşadıqları yerlərdə özlərini təhlükəsiz hiss etmələri baxımından bu, irəliyə doğru yoldur”, - deyə diplomat qeyd edib. Klaara görə, ən vacibi Bakı ilə Xankəndi arasında həqiqi və görünən dialoqun qurulmasıdır: “Biz inanırıq ki, belə bir dialoq mümkündür. Prezident İlham Əliyevin Münhendə bunu vurğulaması da məni çox ruhlandırdı”. Bəs 24 fevral görüşünü dialoqun başlanğıcı saymaq olarmı və davamı necə görünür? Bakı erməni icmasından təmas quracağı şəxsləri müəyyənləşdiribmi? Hansısa konkret gündəm və ya “Yol xəritəsi” varmı?

Asim Mollazadə: “Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə  qadirdir”

Asim Mollazadə 

Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Qarabağ erməniləri Azərbaycanda yaşayan digər milli və dini azlıqlar kimi dövlətin tərkib hissəsi ola bilər. A.Mollazadə hesab edir ki, bunun üçün ilk növbədə Ermənistan sülh istiqamətində zəruri addımlar atmalıdır. “Sülh prosesi irəliləməlidir - sərhədlər dəqiqləşməli, kommunikasiyalar açılmalı, bölgədə sülh və tərəfdaşlıq, əmin-amanlıq mühiti yaranmalıdır. Azərbaycan və Ermənistan sülh sazişində bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra Qarabağdakı erməni icması da Azərbaycanda öz dilini, mədəniyyətini qoruya bilər. Amma Qarabağda müharibə istəyənlər, hərbi cinayətkarlar bölgədən çıxarılmalıdır”, - deyə deputat qeyd etdi. Onun fikrincə, Vardanyan kimi cinayətkarla bağlı hüquqi müstəvidə addımlar atılmalıdır: “Çünki müharibəyə çağırış edir, milli zəmində nifrət aşılayır. Azərbaycan və Ermənistan bu adama birgə cinayət işi açıb bölgədən çıxarmağa nail olmalıdır. Qarabağ erməniləri ilə də qarşılıqlı inam bərpa olunmalıdır, Avropa Birliyinin də bu məsələdə böyük təcrübəsi var. Əgər Bakı və İrəvan sülh müqaviləsi istiqamətində addımlar atarsa, Cənubi Qafqaz əməkdaşlıq bölgəsinə çevrilə bilər”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Vardanyanın qondarma “vəzifəsindən” uzaqlaşdırılmasından sonra Laçın yolundakı aksiya məsələsi ön plana çıxır: “İrəvanda və separatçılar arasında belə fikirlər var. Paşinyanın Vardanyanın "gedişindən" sonra Putinə, ardınca BMT baş katibi Quttereşə zəng etməsi, Laçın yolundakı aksiyanı müzakirə etməsi də bununla bağlıdır. Ermənilən Rubeni “vəzifədən” çıxarmaqla “Bakının tələbi icra edildi, Laçın yolunda aksiya bitməlidir” rəyini yaratmağa çalışır. Halbuki aksiyanın əsas tələbi başqadır: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi suveren ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Bu tələblə başlayan aksiyada daha sonra əlavə tələblər də gündəmə gəldi: Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə dayandırılmalı, yolda Azərbaycanın nəzarət mexanizmlərinin yaradılması təmin edilməlidir. Ruben Vardanyan Azərbaycanın suveren ərazisini tərk etməlidir. Məlum olan tələblərdən heç biri icra olunmayıb: mədənlərə giriş imkanı yaradılmayıb, Laçın dəhlizində nəzarət mexanizmləri qurulmayıb, Vardanyan “vəzifəsindən” çıxarılsa da, Azərbaycan ərazisində yaşamağa və fəaliyyət göstərməyə davam edir. Laçın yolundakı aksiyanın dayanması bu tələblər icra edildikdən sonra müzakirə mövzusu ola bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR