İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Xankəndi danışıqları yoxdur, bəs masada kimlər var..

908 01.03.2023 11:57 Siyasət A A

Erməni separatçıları növbəti dəfə revanşa can atır; siyasi şərhçi: “Rəsmi Bakının nə indi, nə də daha sonralar özünü “tərəf” kimi təqdim etməyə çalışan qanunsuz rejimin təmsilçiləri ilə danışıqlar aparması mümkün deyil”

Bakı və Xankəndi nümayəndələri arasında aparılan danışıqlar barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri təhlil yazıb. Bildirilir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakı ilə Xankəndi arasında gedən proseslərdən məmnunluğunu ifadə edib.

Onun sözlərinə görə, “dalandan çıxmağın aydın yolu və münaqişənin həlli perspektivləri” göstərilib. Bununla belə, “Dağlıq Qarabağ prezidenti”nin xüsusi tapşırıqlar üzrə nümayəndəsi David Babayan danışıqları qeyri-siyasi adlandırıb, “buna görə də Bakı-Xankəndi dialoqu başlanmış hesab edilə bilməz”. Babayan sosial şəbəkədəki səhifəsində ilk günündən danışıqların Rusiya sülhməramlıları tərəfindən aparıldığını, infrastrukturun “bloklanmasından” danışıldığını, siyasi məsələlərə toxunulmadığını vurğulayıb: “Bu formatda görüşlər vacibdir, lakin bu, o demək deyil ki, kimsə hansısa şəkildə "artsax"ı Azərbaycanın bir hissəsi kimi görə bilər. Bu, mümkün deyil. 1988-ci ildən “artsax”da heç kim özünü və ölkəsini Azərbaycanın bir hissəsi hesab etmir. Hətta “artsax”ın Azərbaycana birləşdirilməsi zamanı (1921-1988) xalqımız bunu qəbul etmədi. İndi də biz humanitar məsələlərin həllini təmin etməliyik. Müdrik siyasət yeritməklə birləşmək və “artsax”ı xilas etmək lazımdır". Nəşr yazır ki, Bakının enerji təchizatı məsələlərində gözlənilməz güzəştə getməsinin səbəbi “Dağlıq Qarabağın dövlət naziri” Ruben Vardanyanın istefası olub. Azərbaycan tərəfi açıq şəkildə “Moskva layihəsi” adlandırdığı Vardanyanın istefasından dərhal sonra Xankəndi ilə danışıqlara başlayacağına söz verib. Onun istefası ötən həftə baş verib və erməni ekspertlərin dediyi kimi, bu, müəyyən rol oynaya bilsə də, Bakının tələbinin yerinə yetirilməsi sayıla bilməz.

Axar.az isə öz təhlil yazısında qeyd edir ki, rəsmi Bakı Qarabağdakı erməni əhalisinin humanitar xarakterli bu və digər problemlərinin həllinə həssaslıqla yanaşır, o baxımdan, təchizatda çətinliklərin aradan qaldırılmasına yardım etməsi normaldır. Lakin belə bir görüşdə təbii ki, əsas müzakirə mövzusu Bakının tələbləridir. Söhbət sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərdə monitorinqin aparılmasından gedir. Rusiya tərəfinin məlumatında bu haqda qeyd olmasa da, bununla bağlı məsələnin tələb kimi qoyulduğu şübhəsizdir. Hətta erməni mənbələrində monitorinqin aparılması ilə bağlı məsələnin həll edildiyi haqda məlumatlar da yayıldı. Hərçənd Xankəndidəki separatçı-terrorçu rejim bunu təkzib edir. Separatçı rejimin “başçısının” qondarma “mətbuat katibi” Lusine Avanesyan görüşlə bağlı açıqlamasında Rusiya MN-in məlumatını təkrarlayıb. Daha sonra əlavə edib: “Laçın yolunun açılmasına gəlincə, əldə etdiyimiz məlumata görə, Rusiya tərəfi bu istiqamətdə səylərini davam etdirir”. Bu açıqlamadan iki nəticə çıxır: 1. Görüşdə separatçıların nümayəndələri iştirak etməyib: Avanesyan, sadəcə, Rusiya tərəfinin rəsmi məlumatını təkrarlayır, həmçinin onun “əldə etdiyimiz məlumata görə” qeydi də bunu deməyə əsas verir; 2. Görüşdə Laçın yolundakı aksiyanın müzakirə edilməməsi də separatçı rejimin iştirak etmədiyi fikrini gücləndirir: aksiyanın dayandırılması tələbini erməni əhalisi yox, separatçı rejim tələb edir, Avanesyanın sözləri də göstərir ki, qondarma rejim iştirak etmədiyi görüş haqda sonradan məlumat toplayıb.

Qeyd edək ki, Avanesyan fevralın 24-də Rusiya sülhməramlı kontingentinin komandanlığının təşkilatçılığı ilə “artsax” və Azərbaycan nümayəndələrinin görüşünün baş tutduğunu, burada “təbii qaz və elektrik enerjisinin sabit və fasiləsiz təchizatı” ilə bağlı məsələlərin müzakirə edildiyini söyləyib.

İstənilən halda, “Qarabağdakı erməni əhalisini kimlər təmsil edib” sualının cavabında “separatçı rejim təmsilçiləri olmayıb”, demək mümkündür. Və məlumdur ki, rəsmi Bakı “tərəf” kimi qəbul etmədiyi separatçı rejimi yaxın buraxmır. Vardanyanın qovulması tələbi də onun özünü erməni əhalisinin “nümayəndəsi” kimi sırımağa çalışması, sabitliyi və münbitləşməkdə olan atmosferi pozması idi. İstisna deyil ki, Bakının tələbi ilə Qarabağdakı əhali arasında nüfuzu olan, Azərbaycana qarşı cinayət törətməmiş nümayəndələr görüşdə təmsil olunub. Və ən nəhayət, bu görüş ermənilərin istədiyi kimi “Bakı-Xankəndi” formatında keçirilməyib. ABŞ Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyinin Azərbayan tərəfindən qorunmasını və rəsmi Bakının əhali ilə təmaslar qurmasını təklif edir. Rəsmi Bakı bu təklifi əvvəldən qəbul edib və atılan addımlar da bu çərçivədədir. Ermənistan və separatçı rejim isə bu prosesi “Bakı-Xankəndi” formatı olaraq göstərməyə, bununla qondarma rejimi “tərəf” kimi təqdim etməyə çalışır. Lakin görüş Bakının istədiyi formatda erməni əhalisi ilə aparılıb. Bunu separatçı rejimin “başçısının” qondarma “nümayəndəsi” David Babayan da etiraf edib ki, bu görüş onların istədiyi “Bakı-Xankəndi” formatının başlanması demək deyil.

Lakin müşahidələr göstərir ki, ermənilər ənənəvi sərsəm iddialarından əl çəkmək niyyətində deyillər və Azərbaycanın humanist davranışlarından sui-istifadəyə meyllidirlər. Musavat.com xəbər verir ki, Ermənistan mediası Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük səfərini xüsusi həssaslıqla izləyir. “Past” qəzeti yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın qeyd etdiyi kimi, “Azərbaycana səfəri zamanı Rusiya, Ermənistan və Azərbaycan başçıları arasında üçtərəfli sazişlərə xüsusi diqqət yetiriləcək”. Musavat.com-un məlumatına görə, ermənilər Lavrovun Bakı səfərindən özlərinə sərfəli nəticə də gözləyirlər. Nəşrin yazdığına görə, Lavrovun səfərindən sonra “Laçın dəhlizi açılacaq, ”xüsusən də Əliyevin irəli sürdüyü əsas “müdaxilə şəraiti”ndən biri aradan qaldırıldıqdan sonra - Ruben Vardanyan dövlət naziri vəzifəsindən azad edilib"-"Past" daha sonra əlavə edib.

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın müvafiq dövlət qurumlarının, icra hakimiyyəti və qanunvericilik orqanlarının ayrı-ayrı təmsilçilərinin Rusiya sülməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərimizdə yaşayan erməni əhalinin ayrı-ayrı nümayəndələri ilə görüşməsi sıradan bir hadisədir və belə faktlar bizim üçün siyasi deyil, hüquqi və humanitar xarakter daşıyır: “Rəsmi Bakının nə indi, nə də daha sonralar özünü ”tərəf" kimi təqdim etməyə çalışan qanunsuz rejimin təmsilçiləri ilə danışıqlar aparması mümkün deyil. Bu, istisna olunur. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilər, özlərini hansı statusda görmələrindən asılı olmayaraq, bizim ölkənin sakinləridir və onlarla müəyyən zaman kəsiyində yerli icra orqanlarının təmsilçiləri səviyyəsində təmasların qurulması tamamilə normal qəbul olunmalıdır. Biz, tamamilə haqlı olaraq, Qarabağda yaşayan ermənilərin ölkəmizin digər vətəndaşları ilə eyni konstitusion hüquqlara və vəzifələrə sahib olduqlarını deyirik və təbii ki, onlarla təmasların qurulması da bu hüquq və vəzifələrdən kənarda baş verə bilməz". Analitik qeyd etdi ki, hazırda Qarabağda, etnik ermənilərin yaşadığı ərazilərimizdə legitim hesab edilə biləcək heç bir təsisat yoxdur: “Mövcud separatçı rejimin təsisatları da qeyri-legitim, qanunsuz əsaslarla, Azərbaycan qanunvericiliyindən, dövlət idarəçilik sistemindən kənar mexanizmlər kimi formalaşdırıldığı üçün legitim sayılmır. Biz Qarabağdakı erməniləri ən yaxşı halda Qarabağın erməni icması kimi qəbul edə bilərik. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində etnik zəmində icmaların yaradılması nəzərdə tutulmayıb. Amma məsələnin mahiyyətini, ölkəmizdə, bütövlükdə Qafqazda mövcud olan ağsaqqallıq institutunu nəzərə alıb, Qarabağın həm azərbaycanlı, həm də erməni icmasının təmsilçiləri ilə birgə təmaslar qurula, davam etdirilə, birgəyaşayışın mexanizmləri müzakirə oluna bilər”. E.Mirzəbəyli dedi ki, nə zamansa “Bakı-Xankəndi” adlı formatın olacağını düşünmür: “Bu ifadənin özündə belə iki ayrı-ayrı tərəf anlayışı var. Ermənilərin yaşadığı Azərbaycan ərazilərində ölkəmizin qanunvericiliyinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının tabeçiliyində müvafiq legitim strukturlar yaradılanadək dialoqun icmalar, ağsaqqallar şurası və digər bu kimi formatlar çərçivəsində aparılması mümkündür. Mexanizmlər çoxdur və rəsmi Bakı ölkə konstitusiyasına zidd olmayan bütün mexanizmlərdən istifadə edəcək”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Tural İsmayılov da Qarabağdakı ermənilərə müstəsna hüququn tanınmasını mümkün saymır: “Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı cinayətlər etməmiş və Azərbaycan vətəndaşı olmalı olan Qarabağ erməniləri ilə dialoqa hər zaman hazırdır. Ölkəmizin digər bölgələrində də erməni əsilli vətəndaşlarımız var. Onlar da digər bütün vətəndaşlarımızla eyni hüquqlara malikdir. Bu mövzuda manipulyasiya etmək ağılsızlıqdır. Nəinki Ermənistan, Azərbaycan onların ağaları olan Fransa, İran və sair qüvvələrdən dəfələrlə artıq tolerant və multikultural ölkədir. Dünya ölkələri Azərbaycandakı möhtəşəm vətəndaş həmrəyliyini tədqiq edir. Bu baxımdan, Qarabağda yaşayan sadə ermənilər də separatçıların və onlardan istifadə edən güc mərkəzlərinin girovluğundadır”. T.İsmayılov əminliklə bildirdi ki, onsuz da əvvəl-axır Xankəndidə Azərbaycanın yurisdiksiyası olacaq: “Nəzərə almaq lazımdır ki, bu gün Qarabağda yaşayan erməni vətəndaşlarımız da, Ermənistanın rasional elitası da başa düşür ki, məsələ bitib, Azərbaycan qələbə qazanıb, bir ovuc erməni separatçısının son çırpınışları ermənilərin özlərinə ziyandır. Ölkəmiz əvvəlcə təkidli siyasi qətiyyəti ilə müharibəsiz Vardanyan adlı maşanı rədd elədi Xankəndidən. İndi isə Araik və ətrafındakı terrorçuların hüquqi cavab vermə mərhələsini aparırıq. Azərbaycan hansısa separatçı ünsürlərlə əsla danışıqlar apara bilməz. Biz Xankəndidən olan, Azərbaycana qarşı cinayət törətməyən, bölgədə gərginliyə xidmət etməyən əhalimizlə danışıqlar apara bilərik ki, burada da təəccüblü heç nə yoxdur. Amma bölücülər heç vaxt legitim danışıq tərəfi və yaxud subyekt ola bilməz. Gəncə, Tərtər və Bərdəyə hücum əmri verənlərin cəzalanacağı gün uzaqda deyil”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR