İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ

396 21.02.2024 12:48 Ölkə A A

İki ölkə arasında əlaqələr müsbət məcrada inkişaf etməkdədir və ABŞ bunu dərk edərək münasibətləri irəliyə doğru aparır

Tarixə nəzər salsaq, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın əleyhinə olan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mühüm əngələ çevrilmişdi. İki dövlət arasında əlaqələr və siyasi münasibətlər Ulu öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində yaxınlaşıb. 

Eləcə də milli maraqlarımıza xidmət edən neft strategiyası ABŞ-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr verdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə əlaqələr mövcuddur.

Eləcə də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasında fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə isə “907-ci düzəliş”in dondurulması rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirdi.

30 illik bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırkı reallıqlar prizmasından siyasi, iqtisadi, humanitar məsələlərlə bağlı müzakirələri aktuallaşdırır. Bir sözlə, ABŞ-Azərbaycan əlaqələri müsbət məcrada inkişaf etməkdədir və ABŞ da bunu dərk edərək münasibətləri irəliyə doğru aparır.(Report)

Xəbər verildiyi kimi, energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib. “Yeni Müsavat” bildirir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Yada salaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman fevralın əvvəlində Bakıda olub. Laura Loxman energetika naziri Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün artırılması ilə yanaşı yaşıl enerjinin Azərbaycandan Avropaya təchizatı ilə bağlı proseslərin gedişatı barədə məlumat verib. Xanım Laura Loxman isə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olduğunu və yaşıl enerji ilə bu töhfələrin davam etdirilməsini yüksək qiymətləndirib. Söhbət zamanı ABŞ-la Azərbaycan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa və qlobal enerji gündəliyində olan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. 

Yada salaq ki, fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub. ABŞ prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycanla ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdən danışıb, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırıb. Görüşdə Orta dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olunub. Münxendə İlham Əliyevlə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə də regional bağlantılar, nəqliyyat, Orta dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Bu görüşlərin ardınca energetika nazirinin Vaşinqtona səfəri ikitərəfli münasibətlərdə yeni bir fazaya qədəm qoyulduğunu deməyə əsas verir. ABŞ-Azərbaycan əlaqələrində enerji sahəsində əməkdaşlıq hər zaman yüksək səviyyədə olub. Digər istiqamətlər üzrə zaman-zaman anlaşılmazlıq, gərginlik olsa da, müəyyən narazılıqlar dilə gətirilsə də, bu sektorda heç bir narahatlıq olmayıb. Halbuki son olaraq Blinkenin müavini O,Brayenin senatdakı çıxışı münasibətləri korlamışdı. Lakin Münxendə Blinkenlə Əliyev arasında görüş təsdiqlədi ki, işlər rəvan getməkdədir. Ümumiyyətlə, istər Bayden, istərsə Tramp, Obama, Buş, Klintonun prezidentliyi dövrləri olsun, ABŞ-Azərbaycan münasibətləri enerji sahəsində inkişaf etdirilib.

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın əsas diqqəti onun Avropadakı müttəfiqlərinin enerji ehtiyacına yönəlib. “Amerikanın neft-qaza heç bir tələbatı yoxdur, özünü tam təmin edib, Avropa ölkələrinə də nəql edir. Ancaq ABŞ Azərbaycanın Avropa ilə bağladığı müqavilənin necə yerinə yetiriləcəyi ilə bağlı öyrənmək istəyir. Çünki bundan sonra Rusiyadan Avropa üçün neft-qaz alınması nəzərdə tutulmur. Bu səbəbdən alternativ kimi Azərbaycanın neft-qaz ehtiyatları diqqət çəkir. Eyni zamanda Azərbaycanın Avropa Birliyi qarşısında götürdüyü öhdəliklər var, Bakı Qərb ölkələrinə yaxın iki il ərzində qaz nəqlini 30 milyard kubmetrə çatdırmalıdır. Bunun üçün "Abşeron", “Şahdəniz”, yeni yataqların istismarı, Türkmənistanla birgə qazdığımız “Qarabağ” neft-qaz yataqlarında işlərin necə getməsindən hər şey məlum olacaq. Onu da deyim ki, yeni yataqların rentabelli olacağı özünü göstərməkdədir", - deyə Q.Hüseynli ABŞ-Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı, nazirin Vaşinqton səfərini, Münxendə keçirilmiş görüşləri şərh edir. Onun fikrincə, digər məsələ isə İsrailin Azərbaycan neft-qazı ilə təmin olunmasıdır: “Vaşinqtonda belə təsəvvür yarana bilər ki, İsraillə HƏMAS arasında toqquşmalardan dolayı Bakı Təl-Əvivə enerji məhsullarını ixrac etməyi azalda bilər, dərhal da bu məsələdə Türkiyəni yada salırlar. Çünki Ankaranın Qəzzada baş verənlərə münasibəti hamıya bəllidir. Amma ABŞ bunu bizdən gözləməli deyil, yəni İsrailə neft-qaz satışı ilə bağlı özlərinin təxmin etdiyi bir hal olmayacaq. Əksinə, Azərbaycan Prezidenti Münxendə israilli həmkarı ilə görüşdü, düşünürəm ki, bu məsələdə narahatlıq yoxdur, eləcə də Avropaya qaz nəqlində heç bir problem olmayacaq. Sadəcə, ABŞ bununla Qərbə göstərmək istəyir ki, mən sizin qayğınıza qalıram. O baxımdan belə görüşlər və səfərlər əhəmiyyətlidir”. 

Qeyd edək ki, nazir Pərviz Şahbazovun ABŞ-da Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşü olub. Görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sahəsində çoxşaxəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, əməkdaşlıq gündəliyində olan prioritet layihələrin icrasının sürətləndirilməsi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR