İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı əleyhinə “rus barmağı” olan çirkin plan - separatçı-terrorçularla anti-dialoqçular ittifaqda

1346 07.03.2023 10:25 Siyasət A A

Proses antiterror əməliyyatına aparır?; politoloq: "Ermənistan aranı qatmaq istəyir, separatçılar isə Rusiya hərbçilərinə güvənərək Azərbaycan hərbçilərinə qarşı təxribat törətməyə "cəsarətlənirlər""

Martın 5-də Qarabağdakı qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Azərbaycan hərbçiləri ermənilərə layiqli cavab tədbiri görüblər. Polis geyimində olan 3 silahlı cinayətkar məhv edildi.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir: “Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın  və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat,  o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir. Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir. Martın 5-də baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Yada salaq ki, bundan az öncə silahlı separatçı qalıqların rus hərbçilərinin gözü qarşısında ərazimizdə səngər qazmaq cəhdləri haqda xəbərlər yayılmışdı. Yəni görünən budur ki, Qarabağda Rusiyanın bəslədiyi kriminal ünsürlər artıq bütün “qırmızı xətləri” keçərək, Azərbaycana açıq şəkildə meydan oxumağa başlayıblar. Hətta rus hərbçilərin köməyi ilə Ermənistanla yeni “alternativ” təminat yol da tapıblar. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini bir daha təsdiqləyir. Demək, sərhəddə - Laçın yolunun girişində nəzarət-keçid məntəqəsini qurmağımız artıq qaçılmaza çevrilib. Etiraz aksiyası isə məqsədlərinə tam çatmamış davam eləməlidir. 

Bundan başqa, martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub. Həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Hərbi qulluqçu Hüseynov Kamran Namiz oğlu isə martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub...

Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundakı insidentlə bağlı sərt bəyanatlar verib. Nəhayət, Rusiya tərəfinin 10 noyabr sənədi ilə öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməli olduğu, qanunsuz erməni silahlı dəstələrini Qarabağdan tezliklə çıxarmalı olduğu xüsusi vurğulanıb.

Bəs Moskva, nəhayət, Bakının bu haqlı tələbini ciddiyə alacaqmı, yoxsa antiterror əməliyyatı qaçılmaz olacaq?  

Belə bir fikir var ki, ermənilər Qarabağda vəziyyəti gərginləşdirməklə oraya əlavə olaraq Avropa İttifaqı və yaxud ATƏT müşahidə missiyasının gətirilməsinə zəmin hazırlamağa çalışır. Lakin bura Azərbaycan ərazisi və Bakının buna razılığı lazım.

Son insidentin həm də Bakı ilə erməni icması arasında Xocalıdakı dialoqdan bir neçə gün sonra yaşanması da təsadüf sayıla bilməz. Belə bir dialoqda, iki xalqın barışında maraqlı olmayanların çevrəsi bəlli: Rusiya, onun hələ də Qarabağda sülənən “tulası” Ruben Vardanyan, kriminal-oyuncaq rejim. Yəni üst-üstə düşən maraqlar məsələsi.

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin bəyanatları, o cümlədən Ombudsmanın açıqlaması birmənalı şəkildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması vacibliyindən xəbər verir: “Göründüyü kimi, cəmiyyətdə olduğu kimi, Azərbaycanın dövlət qurumlarında da Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsində fərqli düşünən yoxdur. Laçın yolundakı rus hərbçilərinin rentgen aparatıyla təhciz olunması mənasız və faydasızdır. Rentgen aparatına və oradan keçirilən əşyalara biz nəzarət etməyəcəyiksə, hərbi sursat və minalar yenə separatçılara çatdırılacaq. Öz vətənimizdə, öz sərhədimizdə və öz yolumuzda nəzarət bizə məxsus olmalıdır. Fikrimcə, Azərbaycanın qeyd edilən nazirliklərinin, Ombudsmanın bəyanatları o deməkdir ki, qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq. Bu işin asan olmayacağı bəllidir. Bir tərəfdən məsələnin hərbi-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq.

Rusiya hərbi komandanlığının vasitəçiliyi ilə Qarabağ ermənilərinin təmsilçiləri ilə təmaslardan böyük nəticələr çıxarmaq erkən idi. Bunu erməni separatçılarının 5 martdakı təxribatı da göstərdi. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla təmas xəttində döyüşdü, strateji yüksəklikləri ələ keçirdi. Bu, İrəvanın təxribatlarına cavab idi. İndi də atəş Azərbaycan ərazisində - Qarabağda açılırsa, təxribatın miqyasının böyük olduğunu düşünürəm. Eyni gündə Kəlbəcər, Daşkəsən, Gədəbəy istiqamətində Ermənistan tərəfdən atəşkəs pozulub. Belə görünür ki, Ermənistan aranı qatmaq istəyir, separatçılar isə Rusiya hərbçilərinə güvənərək Azərbaycan hərbçilərinə qarşı təxribat törətməyə “cəsarətlənirlər”.

İkinci Qarabağ müharibəsindən sonra hədəflərimiz dəyişməyib. Separatçılar tərk-silah olunmalıdır, Ermənistanla Qarabağ separatçıları arasında hərbi bağlantı mütləq kəsilməlidir, bunun üçün Laçın yolunun qurtaracağında sərhəd və gömrük postu yaradılmalıdır, Rusiya hərbçilərinin 2 ildən sonra bölgəni tərk eləməsini təmin etməliyik. Ancaq hadisələrin gedişatı göstərir ki, hədəflərimizi yaxın gələcəyə saxlaya bilmərik. Bu il Laçın məskunlaşmalıdır, Şuşaya da  tədricən köçürülmə başlanacaq. Yaxın tarixin səhvlərini təkrarlaya bilmərik. Qarabağda və və Şərqi Zəngəzurda yaşayacaq soydaşlarımızın təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün soydaşlarımıza təhlükə yarada biləcək bütün ünsürlər neytrallaşdırılmalıdır".

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, son hadisə ermənilərin Azərbaycana qarşı terror siyasətinin davam etdiyini göstərdi: “Faktiki olaraq, Azərbaycan Ordusu növbəti dəfə genişmiqyaslı terror aksiyasına hazırlıq cəhdinin qarşısını alıb. Ermənistan ərazisindən Qarabağa gizli yollarla silah-sursat, canlı qüvvə keçirilməsinə rəhbərlik edən "podpolkovnik" Armen Babayan, “mayor” David Danielyan və “leytenant” Ararat Qasparyan qəhrəman əsgər və zabitlərimiz tərəfindən zərərsizləşdirilib. Daha bir terrorçunun vəziyyətinin ağır olduğu bildirilir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndində qeyd olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti (Azərbaycan ərazilərinə) erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bu isə o deməkdir ki, ruslar Qarabağa gələndə, artıq orada erməni hərbi birləşmələri olmamalıydı. Amma məlum olduğu kimi, erməni hərbi birləşmələri, terrorçular, müharibə cinayətkarları hələ də Azərbaycan ərazisindədir, Rusiya sülhməramlı kontingentinin müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərimizə silah-sursat, canlı qüvvə daşıyırlar, davamlı təxribat törədirlər. Əgər Rusiya sülhməramlıları ilə yanaşı qanunsuz hərbi birləşmələr, terrorçular hələ də Azərbaycan ərazilərindədirsə, o zaman sözügedən bəyanatın 4-cü bəndi icra olunmamış sayılır. Bu isə o deməkdir ki, məramı sülh olmayan kontingent gəldiyi kimi də rədd olub getməlidir. Terrorçuları, qanunsuz hərbi birləşmələri biz özümüz qovub çıxara, erməni sakinlərin də təhlükəsizliyinə təminat verə bilərik”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

 Asif Nərimanlı

Politoloq Asif Nərimanlı isə bildirdi ki, Xankəndidəki separatçı-terrorçu rejim Bakıya açıq şəkildə meydan oxuyur, təkcə törədilən təxribatla yox, həm də verdikləri bəyanatlarla: "Qondarma "dövlət naziri" Qurgen Nersisyan bəyan edib ki, "artsax" rəhbərliyi orduya istənilən hücuma layiqli cavab vermək və amansızlıqla cəzalandırmaq əmri verib. Mövcud vəziyyətdə bu qədər sərt ritorika təkcə ictimai rəyə hesablanmış kimi görünmür, həm də arxayın olduqları nəsə var və aydındır ki, bu ritorikanın arxasında Rusiya dayanır. Böyük ehtimalla 5 martda baş verənlər başlanğıcdır və proseslər daha ciddi nəticələrin olacağı istiqamətdə inkişaf edə bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR